04 Sentyabr 2021 11:31
2336
GÜNDƏM

Unutmayacağımız tarix: Ağdamın işğal olunan ilk kəndləri :  Abdal - Gülablı


1988-ci ilin fevralında 2021-ci ilin 27 sentyabrına qədər Azərbaycan xalqının haqqı həm torpağımızda yer verdiyimiz ermənilər tərəfindən, həm də onun havaarları tərəfindən mütamadi pozuldu.Günahsız insanlar kütləvi şəkildə qətl edildi doğma torpaqlarımız işğala məruz qaldı.Bu azmış kimi hər gün ermənistan silalı qüvvələri tərəfindən insanlarımız təcavüzkarlığa məruz qaldı, öldürüldü, tutulub işgəncə verildi.


Biz susduqca, dünyanın qarşımızda qoyduğu öhdəlikləri yerinə yetirməyə çalışdıqca, havadarları tərəfindən ərköyünləşdirilmiş ermənilərin zülmü daha da artdı.
Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə əlaqədar 1993-cü ildə BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələrdə Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığının zəruriliyi bir daha təsdiq olunsa da, uzun illər bu qətnamələr havadan asılı qaldı. Ermənistan danışıqlar adı ilə imitasiya ilə məşğul oldu. Buna rəvac verən ATƏT-in Minsk qrupunun mücərrəd və ənənəvi bəyanatları da elə status-kvonu qoruyub saxlamağa çalışan Ermənistanı hər dəfə bir az da şirnikləndirdi. Bir sözlə, ATƏT Minsk qrupu təcavüzkarı öz adı ilə çağırmadı. İşğalçıya “İşğalçı” demədi “tərəf ” deyərək onu dahada qızışdırdı, daha çox aəzrbaycanlı qanı axıtmağa sövq etdi.
Nəhayət Azərbaycan xalqı, Azərbaycan dövləti, Azərbaycan ordusuna sığınaraq öz haqqını özü qorumağı, müdafiə etməyi qarşısına məqsəd qoydu. Rəşadətli Azərbaycan Ordusu 30 ildir beynəlxalq qanunların qollarımıza vurduğu “atəşkəs” zəncirini qıraraq döyüş meydanına atıldı. 30 il alnımızda ləkə, başımızda qaxınc olan işğal tarixini cəmi 44 gün ərzində heçə-puça döndərdilər.
Hazırda Azərbaycan Ordusunun bölmələri 30 ilə yaxındı həsrətlə baxdığımız o torpaqlarda vətəni qoruyur. Vətən həsrətlilər oralara gedir- gəlir.Oraları Məkkə kimi, Mədinə kimi ziyarət edirlər.Amma bu qələbəmiz 30 ildə başımıza gətirilən faciələri, dərdləri, işğalı unutdurmayacaq. Unutmaq haqqımız yoxdu. Əks halda həmin oyunlar yenə başımıza gətiriləcək. 


Ağdamın işğal olunan ilk kəndləri


Bütün yazılarımda hər zaman qeyd etmişəm. Qarabağın elə bir köşəsi-bucağı yoxdur ki, ora cənnət olmasın, o yaşamaq üçün də, elə ölmək üçün də ideal məkan olmasın. Ağdam rayonunun Abdal-Gülablı kəndlərinin indi daş üstə daşı qalmasa da rayonun zirvədə olan cənnəti idi. Yenə elə olacaq inşallah! Yenədə dünyanın hər tərəfindən insanlar bu cənnəti görməyə gələcəklər!

Bu gün  isə Abdal və Gülablı kəndinin işğal olunmasından 29 il ötür. 1992-ci il sentyabrın 4-də Ermənistan ordusu tərəfindən işğal olunub. Bu tarixi unutmaq gələcək nəsillərə xəyanət etməkdi.


Abdal


Abdal-Gülablı kəndlərinin adı həmişə qoşa çəkilib . XIX əsrdə burada iki Abdal kəndi mövcud olduğuna görə bir-birindən fərqləndirmək üçün bu kənd Abdal-Gülablı, yəni, Gülablı yaxınlığında Abdal kəndi adlanırdı. Qədim adı “Abdal bulağı”dır. Kəndin ərazisində Xanım bulağı, Damcı bulaq, Bəy bulağı və başqa bulaqlar var.
Azərbaycanda, İranda yaxın keçmişə kimi Abdal, Abdallar kəndləri olub. Mənşəcə eyni olan kəndlərin əhalisi erkən orta əsrlərdə Cənubi Qafqazda yaşamış türk mənşəli Abdal tayfasının davamçılarıdır. Orta əsrlərdə Qarabağda üç Abdal yurdu vardı.


Gülablı


Adı kimi zərif, könülləri oxşayan Gülablı...Qədim tarixi, füsünkar təbiəti, saf havası, mehriban, şirin ləhcəli əhalisi olan yurdumuzun bir cənnət köşəsi.. Məlumatlara görə, kəndin qədim adı “Güllü dərə”dir. Deyilənlərdən məlum olur ki, XIV əsrdə ərəblər kəndə gələndə bu yaşayış məntəqəsi Güllü dərə adlanırmış, daha sonralar bu kənd Gülablı kimi tanınmışdır. Xorasan şəhərinin yaxınlığında Gülablı adında tayfa olub. Bəs Gülablı sözünün mənası nə deməkdir?. Öncə qeyd edək ki, söz üç hissədən - “Gül-ab” - “Gül suyu” - sözün üçüncü hissəsi isə leksik şəkilçidir. Buradan demək olar kı, “Gülablı”, “Gül suyu olan yer” anlamındadır”.
Bu diyarda olub, oranı sevməmək, insanlarına ehtiram göstərməmək mümkün deyildi. Milli-musiqi sənətimizin yorulmaz tədqiqatçılarından olan Firudin Şuşinski yazırdı: “XVIII əsrdə İbrahim xan Şuşada doğulan hər bir oğlan uşağına Abdal-Gülablı kəndindən dayə və süd anası tutmaq barədə fərman verib. Bu kəndin əhalisinin şücaətini qiymətləndirən Qarabağ xanının bu fərmanına əməl olunması, oğlan uşaqlarının hünərli olmasına səbəb olmaqla yanaşı, həm də Abdal-Gülablıdakı gözəl səsə malik nəsillərin də Şuşada ecazkar səsli xanəndələrin yetişməsinə təsir edən əsas amillərdən idi ”.
Həmin kənd haqqında yazan folklorşünas,

 

 

BDU-nun “Dədə Qorqud” Elmi Tədqiqat Laboratoriyasının elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Almara Nəbiyeva yazır: “Burada əsilli-nəcabətli, dünyagörüşlü, təhsilli adamlar az olmamış, tərbiyə və elmə can yandıranlar təkcə kənddə deyil, bütün Qarabağda, eləcə də ətrafda tanınmışlar. Gülablı kəndinin münbit torpaqları, bol suları onun yaşayış üçün əhəmiyyətini artırdığından burada əkinçilik, maldarlıq, bağçılıq, pambıqçılıq, baramaçılıq və digər sahələr inkişaf etmişdir. Təkcə onu demək lazımdır ki, kənd ərazisindəki on səkkiz dəyirman, on bir kəhriz, doqquz bulaq, iki artezian, iyirmi bir məhəllənin olması bu kəndin olduqca əhəmiyyətli yaşayış məntəqəsi olduğunu təsdiqləyir. Digər tərəfdən, bir kənddə bu qədər dəyirmanın inşa edilməsi kənddə lap qədimlərdən taxılçılığın inkişafından xəbər verir. Deməli, kənddə taxıl həmişə bol olmuş, həm əhalini ərzaqla təmin etmiş, həm də kənd adamlarına gəlir və bərəkət gətirmişdir”.
Kəndin qədimliyi haqqında yazan folklorşünas bildirir ki, oradakı hamam və məscid bu yaşayış məntəqəsinin qədim tarixi abidələridir.
Yaranma tarixi təxminən VI-VII əsrlərə təsadüf edir. Əsasən ərəblərin Azərbaycana gəlməsi dövrünə istinad edilir. İmam Həzrəti Əlinin bu yerdə olması və möcüzəli tarixi “Əli bulağı” ziyarətgahı bu fikri qüvvətləndirir.
Almara Nəbiyeva : Rəvayətə görə, VI əsrdə Həzrəti Əli Gülablı kəndinin kənarında öz qoşunu ilə məskən salır. Kənd sakinləri söhbət zamanı sudan korluq çəkdiklərini bildirirlər. “Güllü” dərə yaxınlığında olan qaya parçasına Həzrəti Əli qılıncı Zülfüqarı endirir. Qaya Həzrəti Əlinin üstünə gələrkən, o, sol əlini qayaya dirəyərək, sağ əli ilə böyük bir daşı həmin qayanın altına dirək verir. O vaxtdan Zülfüqarın yerindən qayadan su çıxır. Həzrəti Əlinin əl izləri qayada qalır (həmin daşın ağırlığı 8-10 tona qədər imiş). O zamandan bu yerin adı “Əli bulağı” adlanır. Gülablı kəndinin əhalisi və ətraf ərazilərdə yaşayan insanlar bu müqəddəs yeri ziyarət edər, kimin nə müşkül işi varsa, bu müqəddəs ocağa gələr, Allaha dualar edər, mətləb diləyərdilər. Mətləbləri hasil olanlar bu bulağın ətrafını ziyarət etdikdən sonra qurbanlar kəsər və imkanı olmayanlara paylayardılar. Kənddə yaşamış hər bir sakin buna şahiddir.


“Əli bulağı”nın daha bir maraqlı möcüzəsi də odur ki, həmin qayanın üstündə, daşın içərisində bitmiş bir neçə nar kolunda nar çiçəyi əvəzinə gül açırdı. Bu bulağın bir möcüzəsi də suyun öz mənbəyini hardan götürdüyünün məlum olmamasıdır. Digər bulaqların suyu bəzən azalıb, quruma dərəcəsinə çatsa da, bu bulağın suyu həmişə eyni axarda olmuşdur. Bu nar ağacları böyümür, qurumur, necə var eləcə də qalırdılar. İnsanlar dilək diləyəndə bu nar kollarına düyünlər vurub arzu edərdilər, niyyətləri yerinə yetəndə gəlib ocağı ziyarət edib, düyünləri açardılar.
Kənddə rastlanan naxışlı - qara, boz rəngli qablar, küpələr, çölməklər xüsüsi maraq doğurur. Tədqiqatçı Aida Məmmədova bu dulusçuluq məmulatlarının tunc dövrünə aid olduğunu yazır Tarixən məlumdur ki, Azərbaycandakı daşqutu qəbirlər albanlarla bağlı olub, eramızın birinci əsrinə aiddir. Buradan nəticəyə gəlmək mümkündür ki, həmin qəbirlərin ən azı iki min illik tarixi vardır .


Məşhur abdallılar, tanınmış gülablılılar...

 


Onlarla lətifələrin yaradıcısı, yaxud iştirakçısı, personajı kimi tanınan Abdal Qasım Qarabağ regionunun ən ünlü şəxsiyyətlərindən olmuşdur. Abdal Qasımın sələfi Abdal Şakirin hazırcavablığı da respublikanın hər tərəfində məşhurdu.
Publisist, Ağdamın tarixinə dair bir çox tədqiqatlara imza atmış Vüqar Tofiqli bildirir ki, Abdal-Gülablını Ağdamın digər kəndlərindən fərqləndirən əsas cəhət budur ki, onun məşhur yetirmələri daha çoxdur. Aşıq Xaspolad Gülablı və Aşıq Valeh kimi respublikada məşhur aşıqlar bu kəndin yetirmələridirlər. Kənd işğal olunmazdan az əvvəl onun yaşadığı evi xatirə muzeyi edilən tarzən Qurban Pirimov, Ali Məhkəmənin sədri olmuş Şamil Mirzeyev, dövrün tanınmış maarifçisi və xeyriyyəçisi Camal Mustafayev, general-mayor Murtuz Quliyev, Azərbaycan kinosunun ən məşhur xadimlərindən olan Ceyhun Mirzeyev, SSRİ xalq artisti Sara Qədimova, faciəli şəkildə dünyasını dəyişən mərhum xanəndə Səxavət Məmmədov, mərhumun kiçik qardaşı Firuz Səxavət, oğlu, uşaq proqramlarının məşhur aparıcısı Bəxtiyar Məmmədovu da bu kəndin tanınmış yetirməsi saymaq olar.
Hamının Rəmiş kimi tanıdığı gitara ifaçısı Rafiq Hüseynov, tanınmış şairlər, “Ulduz” jurnalının baş redaktoru Qulu Ağsəs və Abdal Qəhrəman, dramaturq, Azərbaycanın əməkdar artisti, məşhur “Qaynana” filminin müəllifi Məcid Şamxalov da Abdal-Gülablı kəndinin tanınmış simalarıdır. Respublikada ilk fəaliyyət göstərən “Nənə Qızlar” ansamblını və Xavər nənəni də unutmaq olmaz.


Kəndin igidləri, şəhidləri...


Azərbaycan torpaqlarının Qarabağ yurdunun erməni quldurlarından müdafiə etmək, döyüşmək üçün silaha sarılan oğulları bu kəndin məxsusi hörmətə layiq övladlarıdır. Adıgedən kəndlərdə elə ev yox idi ki, ordan üç yaxud dörd döyüşçü çıxmasın. Şəxsən tanıdığım Hüseynovlar ailəsindən Sadiq, Fərman, Yaşar qazi, Füzuli isə şəhid olub.
Folklorşünas Almara xanımın yazdığına görə, kəndin müdafiəsi zamanı şücaət göstərən Amil Fərəc oğlu, Arif Qəni oğlu, İlham Xammədov, Şükür Tösü oğlu, həmçinin Nurlan və Nofəl qardaşları, Bəxtiyar Davudov, İlyas Nəcəfov, Həsən Əliyev, Mahir Əliyev, Əvəz Tağıyev, Natiq Səlimovun adları təkcə gülablıların deyil, Ağdam əhalisinin yaddaşına şərəflə yazıldı. Kəndin müdafiəsi zamanı şəhidlik zirvəsinə ucalan gənclərdən başqa, bu günə qədər yeri bilinməyən, doğmalarının gözlərini yollarda qoyan - itkin düşmüş Xaliq Abbas oğlu Qasımov, Bəbir Baba oğlu Qarayev, Əyyub Məmməd oğlu Əliyevdən heç bir xəbər yoxdur. Xaliq Qasımovun anası Cahan xala oğlu itkin düşəndən sonra iflic xəstəliyinə tutuldu. Amma o, əcəldən aman istəyir ki, bəlkə itkin balasından ona bir soraq verildi...

 


 44 günlük möhtəşəm müharibədə igidlərimizi bir çoxu ilə də tanış olmaq şansımız oldu.Vətən üçün canınını qurban vermiş I Qarabağ və II Qarabağ müharibəsinin iştirakçısı , Vətən müharibəsinin şəhidi Müşfiq Abbasov adını qəlblərə yazaraq zirvələrə ucaldı. Bu anda Vətən müharibəsində XTQ döyüşçüsü Hüseynovlar ailəsinin sonbeşiyi, şəhid Füzuli Hüseynovun qardaşı Yaşarın adını qeyd etməsəm abdallılar hamısı məndən inciyər.


 Son olaraq: 10 noyabr Bəyanatının  şərtlərinə əsasən Ağdam rayonu 2020-ci il noyabrın 20-də Azərbaycan Respublikasına qaytarılıb. Artıq Abdal-  Gülablı kəndi düşməndən azad olub və abdal-gülablılar asta-asta gedib yurd yerlərini ziyarət edirlər. Bir gün isə, ellikcə ora dönəcək, yenə də yurdlarında xoşbətx həyat sürəcək.. Allah kimsəyə köçkünlük həyatı yaşatmasın! İnşallah bir daha xalqımız o acını yaşamaz!

 


 Əntiqə Rəşid