adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
01 Iyun 2022 14:23
1174
MƏDƏNİYYƏT

Uşaqlar günü ilə bağlı məhşurların xatirələri...

Bu gün – 1 iyun dünyada Uşaqların Beynəlxalq müdafiəsi günü kimi qeyd olunur. Bununla bağlı məhşur incəsənət adamlarının fikirlərini və xatirələrini öyrənməyə çalışdıq.

Sevimli Xalq Artistimiz Alim Qasımovun uşaqlıq illəri ilə bağlı xatirələri və uşaqlarla haqqında fikirləri :“ Düzü deyim ki, indiki halımla uşaqlığımı xatırlamaqda bir az çətinlik çəkirəm. Amma bu günlərdə Zabitlər parkında gəzirdim. Və gördüm ki, gözəl bir uşaq sanka sürür. Uşağın bu oyuncaq sankası gözəl, rahat , plasmas şəkildə idi. Bir anlıq uşağa heyranlıq etdim. Müasir dövrdə demək olar ki, uşaqların rahatlığı üçün hər şey var. Amma bizim uşaqlıq illərimizdə tamam fərqli idi. Biz oyuncaqlarımızı adətən özümüz düzəldirdik. Ordan burdan dəmir, taxta tapıb düzəltdiyimiz oyuncaq maşınlarımız da quma düşəndə ilişib qalır. Məsələn uşaqlığımda iki simi bir – birinə vurardı və orda çıxan səs xoşuma gəlirdi. Və həmin simləri sanki saz kimi ifa edirdim. Məsələn mənim öz velosipedim belə yox idi. Başqası sürürdü mən də əlimi onun belinə qoyaraq onun arxasınca qaçırdım və özümü xoşbəxt sayırdım. Amma indi valideynlər bəzən övladlarını hətta sükan arxasında əyləşdirir və bu uşaq üçün adi hal kimi görünür. Yəni demək istədiyim odur ki, müasir texniki inkişaf uşaqların həyatına tam fərqli təsir edib. Bizim uşaqlıq dövründə hamı təxminən oxşar yaşayırdı. Yəni bir qarnıac bir qarnıtox. Biz gözəl bir yemək görəndə çox sevinirdik. Lakin indiki uşaqları yeməklə sevindirmək çətindir. Bilmək olmur ki, onlara nə verəsən ki, sevinsinlər. Allaha şükürlər bu günümüzə şükürlər olsun ki, indi dünyamız əvvəlki zamanlara baxanda daha yaxşıdır. Arzu edirəm ki, Allah millətimizin bütün körpə balalarını xoşbəxt eləsin. ”

 

“ Xalq Ulduzu” musiqi müsabiqəsinin ən yaddaqalan iştirakçılarından olan və hazırda öz bariton səsi ilə səhnəmizin sevilən ifaçılarından biri Vüqar Muradovun uşaqlıq xatirələri: “ Uşaqlığım haqqında onu deyim ki, uşaqlıq illərim çox dəli – dolu keçib. Çox çılğın uşaq olmuşam. Yəni rahat və sakit bir uşaq olmamışam. Uşaqlıqla bağlı xeyli xatirələrim var. Uşaqlığım dağ yerində - Qaxda keçib. Əsasən uşaqlıqda dava – dalaşlarımız çox olub. Belə desək macəralarla dolu uşaqlıq yaşamışam. Mən hesab edirəm ki, mənim və mənim həmyaşıdlarımın uşaqlıq illəri çox maraqlı keçib. Amma indiki uşaqların həyatı nisbətən mənasızdı. İndiki uşaqların həyatı yalnız internet və mobil telefonla keçir. Əsil uşaqlıq illərini biz yaşamışıq. Özümüz düzəltdiyimiz samakat sürərdik. Və ya sim təkərdə gəzərdik. Məsələn köhnə 24 velosipedi məhləmizdə 10 nəfər növbəylə sürüdük. Bizim uşaqlıq illərimiz daha fəal və təbiətlə daha çox təmasda şəkildə keçib. Deyim ki, maddi cəhətdən o qədər də zəngin olmasa da uşaqlıq illərimiz mənəvi baxımdan çox zəngin olub. Mən şəxsən 14 – 15 yaşlarıma qədər Qaxda yaşamışam. Uşaqlığımın əsas hissəsi Qaxda daha sonra da Bakıda keçib. Bu gün uşaqlığımı xatırlayanda həqiqətən də zövq alıram. Keçirdiyim o xoş uşaqlığımı yada saldıqca sevinirəm ki, yaxşı ki, mən bu gün doğulmamışam mən o dövrdə doğulmuşam. Bir sözlə uşaqlıq illərimi yada saldıqca gözəl bir nostalji yaşayıram. Özü nostaljini bir var elə belə yaşayasan biri də var ki, tam pozitiv formada yaşayasan. Təbii ki, uşaqlıq dövrümüzdə maddi çətinliklər də az olmayıb. Bir gün tox olanda bir gün ac olmuşuq. Yəni zaman elə idi. Hər şey tapılmırdı. Amma buna baxmayaraq dözüm, həvəs və daha çox həyat eşqi var idi. İndiki uşaqların həyatı tamam başqadır. Müqayisə üçün deyim ki, indiki uşaqlar bizim uşaqlıq illərimizdəki kimi istiqanlı deyillər. Onlar soyuqqanlıdırlar. Düşünürəm ki, texnologiya indiki uşaqların uşaqlığını əlindən alıb. Əvvəl ünsiyyətdə uşaqlar çox istiqanlı idi. İndi uşaqlar çox biganə və laqeyddirlər. Sanki uşaqlarda bir təkəbbür yaranıb. Çünki fikirləri ancaq internetdədir. Misal üçün sual verirsən ki, Kimin oğlusan? – cavabı – Sənə nə? deyə çox aqressiv olur. Sonda valideynlərdən acizanə bir xahişim olacaq. Xahiş edirəm ki, uşaqların gələcəyini düşünsünlər. Uşaqları mümkün qədər telefondan, virtual həyatdan uzaq saxlasınlar. Uşaq internet üçün ağlayır qoy ağlasın. Bir ifadə var – psixoloqlardan birinin fikridir. Deyir ki, əgər uşaq ağlayıb nəsə istəyirsə valideyn onun istəyini gerçəkləşdirirsə uşaq da görür ki, ağlamağı hardasa işə yarayır və uşaq daha da şıltaqlaşır. Ona görə uşaqları maksimum vitual dünyadan uzaq tutmaq lazımdır. Valideynlər uşaqlarını klassikaya, real uşaq oyunlarına cəlb eləsələr düşünürəm ki, uşaqlar psxioloji cəhətdən də sağlam və güclü böyüyərlər. Mən uşaqlarımıza bunu arzulayıram. ”

 

 

Hazırladı: Bünyamin Bünyadzadə