Vahid Əlioğlunun şeirləri

BİLƏR
Yurd yerinin ağrısını,
Öz yurdundan köçən bilər.
Vətən nədir?- Vətən üçün,
Şirin candan keçən bilər.
Ayrılığın qorxusunu,
Kim itirib yuxusunu,
Qəm-kədərin qoxusunu,
Şərbət kimi içən bilər.
Yaşayırıq, demək varıq,
Ayaqüstə dayanırıq.
Haqqa nə vaxt qovuşarıq?
Ömrümüzü biçən bilər.
BAXIB BU HALIMA...
Sonu görünməyən yola düşmüşəm,
Heç zaman bitməyə yola düşmüşəm.
Neyləyim, mən haldan-hala düşmüşəm,
Baxıb bu halıma ağladı dağlar.
İşıqlı dünyama qaranlıq çökdü,
Buludlar ağladı, göz yaşı tökdü.
Bir haray qopardı, bir nalə çəkdi,
Sel kimi kükrəyib çağladı dağlar.
Bir də görünmərəm sənin gözünə,
Daha aldanmaram şirin sözünə.
Şəhərdən çağırıb məni özünə,
Doğma qardaş kimi bağladı dağlar.
Gec oldu Vahidi duyana kimi,
Bir-bir dərdlərimi sayana kimi.
Qolunu açaraq bir ana kimi,
Məni öz qoynunda saxladı dağlar.
VƏTƏN YOLUNDA-YOLUNDA
Yaxşıları fələk seçər,
Mərd kişilər candan keçər.
Qanımızı torpaq içər,
Vətən yolunda-yolunda.
Döyüşdədir xeyirlə şər,
Susayıbdı qana bəşər.
Qılıncımız işə düşər,
Vətən yolunda-yolunda.
Günəş varsa biz də varıq,
Sellər kimi çağlayarıq.
Neçə-neçə dağ yararıq,
Vətən yolunda-yolunda.
Al qanla tarix yazıriq,
Düşmənə məzar qazırıq.
Hər savaşa biz hazırıq,
Vətən yolunda-yolunda.
ÜRƏKLƏRDƏ YERİN OLSUN
Bir gün ömrün çatar başa,
Fələk baxmır vallah yaşa.
Bu dünyada elə yaşa,
Ürəklərdə yerin olsun!
Öz vədini çoxdu pozan,
Qorxuludu yoldan azan.
Yaxşılıq et, hörmət qazan,
Ürəklərdə yerin olsun!
Qaranlığa sən işıq saç,
Halal dolan, haramdan qaç.
Haqqı danış, haqdan söz aç,
Ürəklərdə yerin olsun!
Yad bağından meyvə dərmə,
Yalançıya meydan vermə.
Sən Allahsız bir iş görmə,
Ürəklərdə yerin olsun!
HANSI GÜNAHA BATIBDI İNSAN?!
Sən kimsən, nəçisən, niyə gəlmisən?!
Bu boyda cahanı sirkələmisən...
Nə varlı, nədə ki, kasıb bilmirsən,
Günaha batırsan, koronavirus...
Həkimlər əlində qalıbdır naçar,
Açılmaz bu sirri görən kim açar?!
Bəlkə dünyamıza bir təhlükə var?!
Çox canlar alırsan koronavirus...
Bəlkə hər günaha batıbdı insan,
Haramı halala qatıbdı insan.
Kimlərin haqqını alıbdı insan?
Qorxuya salırsan, koronavirus...
Yazığın da gəlmir heç kimə niyə?
Gəlirsən qapılar sən döyə-döyə.
Hazırsan insanı tez öldürməyə,
Şimşək tək çaxırsan, koronavirus...
Gəl məni bir dinlə qulaq as, insan ...
Halallıq qalmayıb dünyada inan.
Sən çaşıb yolunu yaman azmısan.
Torpağı, namusu pula satmısan.
Ana südünə də haram qatmısan,
Haqqı, ədaləti tapdalamısan,
De görüm, neynəsin koronavirus?!
Bil, şirin yuxuma haram qatmısan.
Yer sənə bəs etmir, göyə çıxmısan.
Eldən insanları pərən salmısan.
Bomba yaratmısan, canlar alırsan,
Göz yumsun, gəlməsin, koronavirus?!
Evdə yaxşı-yaxşı otur, fikirləş,
İnsanlarla dost ol, ürəkdən birləş.
Yaxşılıq etməkçün hər zaman əlləş.
Hər zaman sən haqqın yanında əyləş.
Bir yolluq yox olsun, koronavirus.
HARA TƏLƏSİRSƏN
Saymaqla qurtarmaz, dərd-sərim çoxdu,
Könül sarayımda kədərim çoxdu.
Hələ görüləcək işlərim çoxdu,
Hara tələsirsən, hara, ürəyim?
Ağrıya-acıya dözmək çətindi,
Ağır dərd yüküylə gəzmək çətindi.
Yaşamaq gözəldi, həyat şirindi,
Hara tələsirsən, hara ürəyim?
Qara bulud kimi niyə dolmusan?
Payız yarpağı tək nədən solmusan?
Axı sən mənimlə sirdaş olmusan,
Hara tələsirsən, hara ürəyim?
Bu fani dünyaya birlikdə gəldik,
Brlikdə ağladıq, birlikdə güldük.
Bəlkə yenə sevib, yenə sevildik,
Hara tələsirsən, hara ürəyim?
MƏNƏ BAXANDA...
Bu dünya yerində durub dayanır,
Həyat başdan-başa nura boyanır.
Canıma od düşür, ürəyim yanır,
Gözünü süzdürüb mənə baxanda.
Məhəbbət dünyamız eşqə bələnir,
Ömrün yollarına nur səpələnir.
Könül sarayıma işıq ələnir,
Gözünü süzdürüb mənə baxanda.
Sən demə sevgiymiş din də, iman da,
Sevgiylə sürünür dağda duman da.
Bulaq tək qaynayır duyğular canda,
Gözünü süzdürüb mənə baxanda.
Məni oxlamısan düz ürəyimdən,
Dərdimi bal kimi süz ürəyimdən.
Vallah özümü də unuduram mən,
Gözünü süzdürüb mənə baxanda.
ELƏMƏYNƏN
Vəfasız dostları ürəyindən sil,
Namərdlə oturma, kənara çəkil.
Həyatda həmişə öz yerini bil,
Çağrılan məclisə ar eləməynən!
Çalış səbirli ol, yel kimi əsmə,
Armud öz vaxtında dəyər, tələsmə.
Heç kimin sözünü yarıda kəsmə,
Heç kimin yerini dar eləməynən!
Dünyanın özündə yeni dünya qur,
İnsana bəzəkdir ləyaqət, qürur.
Həmişə düz danış, düz otur, düz dur,
Özünü həyatda xar eləməynən.
Çalış seviləsən, çalış sevəsən,
Həyatın qədrini hər an biləsən.
Heç kimin yanında lovğalanıb sən,
Görmədiyin işi car eləməynən.
DEYİL
Kimə inanasan, kimi öyəsən?
Axı sən qanmaza nə söz deyəsən.
Heç kimə dünyada bel bağlama sən,
Heç kim göz yaşını siləsi deyil.
Heç nə bu dünyada havayı deyil,
Sözüm birbaşadı, dolayı deyil.
Namərdi çarmıxa çəksələr də bil,
Əcəli çatmamış öləsi deyil.
Allaha uzatdım, ancaq əlimi,
Sevgiylə doldurdu mənim qəlbimi.
Ömrün son anına, son günə kimi,
Ürəyin işığı sönəsi deyil,
Alışdı ürəyin yandın oda sən,
Özünlə tək qaldın bu dünyada sən.
Ay Vahid, qəlbini açma yada sən,
Dərdini səninlə böləsi deyil.
DÜŞÜR
Ömrün yollarını daha qar alır,
Günəşdə göylərdə sanki qaralır.
Hər gün gözlərimin nuru azalır,
Hər gün saçlarıma təzə dən düşür.
Heç zaman çıxmadım kişi sözümdən,
Çox ocaq qalandı halal közümdən.
Dünən xoş gələn bu gün gözümdən,
Özüm də bilmirəm de, nədən düşür.
Dərin dərələrdən sellər keçdikcə,
Başımız üstündən yellər keçdikcə,
Aylar ötüşdükcə, illər keçdikcə,
Ürək zəifləyir, bil bədən düşür.
Heç kimin sönməsin ümid çırağı,
Qəfil dolu yağıb döyməsin bağı.
Kim yetim qalmayıb dünyada axı?
Saz da yetim qalır, sinədən düşür.
FƏLƏK NEYLƏSİN
Dünyanın sirrini açan olmayib,
Ölümün cəngindən qaçan olmayıb.
De, kimin gözləri yaşla dolmayib,
Fələkdə nə günah, fələk neyləsin?
Axı, həyat olmaz, ölüm olmasa,
Günəş nəyə lazım işıq olmasa?
Yaşaya bilərmi, o, can olmasa,
Fələkdə nə günah, fələk neyləsin?
Ölüm mələyindən küsməyə dəyməz,
Ölümdən qorxmağa, əsməyə dəyməz.
Görür öz işini, o, səhv eyləməz,
Fələkdə nə günah, fələk neyləsin?
Hər kəsin canını çəkib alacaq,
Yenə gülə-gülə yola salacaq.
Milyon il keçsə də belə qalacaq,
Fələkdə nə günah, fələk neyləsin?
SORUŞDUM
Meşədə bulaqdan, yollarda çəndən,
Hər dəfə yanımdan gəlib- keçəndən,
Yovşanlı çöllərdən, şehli çəməndən,
Mən əsən yellərdən səni soruşdum.
Daha can evimə ayrılıq çöküb,
Həsrətin dərd yükü sinəmə çöküb.
Yetim uşaq kimi boynumu büküb,
Bağçada güllərdən səni soruşdum.
Yaşamaq gözəldi ürək sevəndə,
Ayrılıq gələndə neyləsin bəndə?
El məni qınadı sənsiz görəndə,
Kövrəlib ellərdən səni soruşdum.
Ömrüm çiçək kimi tez soldu mənim,
Gəlib ürəyimə dərd doldu mənim.
Axdı göz yaşlarım sel oldu mənim,
Vahidəm, sellərdən səni soruşdum.
QURBAN OLUM
Vətənimin hər daşına,
Həm yayına, həm qışına,
Körpələrin göz yaşına,
Qurban olum.
Murov dağa, Kəpəz dağa,
Topxanaya - cənnət bağa,
Canım-gözüm Qarabağa,
Qurban olum.
Hər günümə, hər anıma,
Arazıma, Kür çayıma.
Allah verən haqq payıma,
Qurban olum.
Öz yurduma, öz elimə,
Xəzərimə, Göygölümə,
Şirin, doğma turk dilimə,
Qurban olum.
Millətimin haqq səsinə,
Ana Vətən sevgisinə.
Azərbaycan kəlməsinə,
Qurban olum.
DÜNYADI
Ruha sığal çəkib xoşa gəlsə də,
Ömrünə, gününə nur tökülsə də,
Ürək sevindirib üzə gülsə də,
İnsanı dərdlərə salan dünyadı.
Hamıya bir baxar, heç kimi öyməz,
Dağ tək vüqarlıdır, qəddini əyməz.
Bircə geyindiyin kəfənə dəyməz,
Nəyin var əlindən alan dünyadı.
Minib yel atına qaçanı teylər,
Bir gün güldürəndə üç gün qan eylər.
Min tufan qopsa da dünyaya neylər,
Yenə öz yerində qalan dünyadı.
Yaşanan hər ömür bitmək üçündü,
Qazılan hər məzar itmək üçündü.
Dünyaya gəlmək də getmək üçündü,
İnanma dünyaya, yalan dünyadı.
BAXIB BU HALIMA
Sonu görünməyən yola düşmüşəm,
Heç zaman bitməyən yola düşmüşəm.
Neyləyim, mən haldan- hala düşmüşəm,
Baxıb bu halıma ağladı dağlar.
İşıqlı dünyama qaranlıq çökdü,
Buludlar ağladı, göz yaşı tökdü.
Bir haray qopardı, bir nalə çəkdi,
Sel kimi kükrəyib çağladı dağlar.
Bir də görünmərəm sənin gözünə,
Daha aldanmaram şirin sözünə.
Şəhərdən çağırıb məni özünə,
Doğma qardaş kimi bağladı dağlar.
Gec oldu Vahidi duyana kimi,
Bir-bir dərdlərimi sayana kimi.
Qolunu açaraq bir ana kimi,
Məni öz qoynunda saxladı dağlar.