27 May 2025 16:44
269
GÜNDƏM

Xalq şairi Rəsul Rzanın 115 illik yubileyi keçirildi - FOTOLAR

27 may 2025-ci il tarixində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Xaqani Şirvani adına Aran Regional filialında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi Rəsul Rzanın 115 illik yubileyinə  həsr olunmuş ədəbi-bədii tədbir keçirildi. Tədbirdə ədəbiyyatsevərlər, müəllim və şagirdlər, rayon ictimaiyyəti bir araya gəldilər.

Tədbiri giriş sözü ilə filialın müdiri filologiya üzrə fəlsəfə doktoru Yaqut Bahadurqızı açaraq Rəsul Rzanın Azərbaycan ədəbiyyatında tutduğu mövqedən, poeziyamıza gətirdiyi yeniliklərdən danışdı,  şairin şəxsiyyəti və yaradıcılığı barədə maraqlı məqamlara toxundu.

Tədbirdə muzeyin elmi işçisi Ülviyyə Yusifova Rəsul Rzanın ədəbi mühiti və sənət dostluqları barədə geniş məruzə ilə çıxış etdi. O, şairin ədəbi əlaqələrinin yalnız yaradıcılıqla deyil, həm də mənəvi dostluqlarla zəngin olduğunu vurğuladı. Məruzəçi çıxışında  Rəsul Rza ilə Abdulla Faruq arasındakı yaxın münasibəti xüsusi vurğuladı. Ülviyyə Yusifova eyni zamanda qeyd etdi ki, Rəsul Rzanı məhz Abdulla Faruq ədəbiyyata təşviq etmiş, onun istedadına inam göstərmişdir. Onların bu dostluğu uzun illər davam etmiş, hər iki sənətkarı birləşdirən ortaq dəyərlər – maarifçilik, milli oyanış və yeni əlifba uğrunda mübarizə kimi ideyalar olmuşdur. Hər iki şairin İkinci Dünya Müharibəsində iştirakı və bu dövrün onların yaradıcılığına təsiri haqqında söylənən fikirlər tədbir iştirakçılarının xüsusi marağına səbəb oldu.

Proqram çərçivəsində Rəsul Rzanın həyat və ədəbi irsini əks etdirən bir sıra videoçarxlar nümayiş etdirildi. Göstərilən videoçarxlardan akademik Rafael Hüseynovun Rəsul Rza haqqında söylədiyi fikirlərdən ibarət video material  şairin yaşayıb-yaratdığı mühit, şəxsi arxivindən görüntülər və ailə üzvlərinin xatirələri iştirakçılar tərəfindən xüsusi maraqla qarşılandı.

Tədbirdə məktəblilər tərəfindən Rəsul Rzanın müxtəlif səpgidə şeirləri səsləndirildi, şairin sözlərinə bəstələnmiş mahnılar iştirakçılara təqdim edildi. Gənclərin poetik duyğuları tədbirə xüsusi emosional aura bəxş etdi.

Tədbirdə Xalq şairinin şeirlərindən nümunələri Kürdəmir rayon Mədəniyyət mərkəzinin bədii rəhbəri Sahilə Museyibova, Kürdəmir şəhər Məhəmməd Əmin Rəsulzadə adına 2 saylı tam orta məktəb-liseyin şagirdi Mehri Ağazadə, Qacar Sadıqov adına Mollakən kənd tam orta məktəbin şagirdi Behbud Alıyev, Famil Həşimov adına şəhər 3 saylı məktəbin şagirdləri Aylin Kərimli, Afət Qasımzadə  yüksək bədii səviyyədə səsləndirdilər. 

Bu tədbir bir daha sübut etdi ki, Rəsul Rza poeziyasının nur saçan işığı bu gün də yolumuzu aydınlatmağa davam edir.