"Xankəndidə yeganə Azərbaycandilli məktəbin acı və 25 il məchul qalan taleyi "- MÜSAHİBƏ
Dünyanın bir çox ölkələrində bu gün bilik günü- ilk dərs günüdür. Sovet dövründə düz 70 il Azərbaycanda da 1 sentyabr bilik günü kimi məktəblər yay tətilindən geri dönüb, dərslər başlayıb. Həmin gün həm şagirdlərin, həm müəllimlərin, həm məktəb direktorunun ən sevincli, eyni zamanda ən məsuliyyətli günləri start götürüb. Belə məktəblərdən biri də Xankəndidə fəaliyyət göstərən yeganə Azərbaycan dilli təhsil ocağı Nizami Gəncəvi adına Xankəndi şəhər 4 nömrəli orta məktəbi olub.
Bu gün həmsöhbətim, Xankəndidə doğulmuş, yaşamış, oradakı yeganə Azərbaycan dilli məktəbin şagirdi olmuş hazırda tarixçi - jurnalist kimi tanınan İlham Cəmiloğlu ilə həmin məktəbi, onun müəllim kollektivini, orada təhsil alan şagirdləri və nəhayət uzun illər məktəbin direktoru olmuş Nazim Xudiyevi xatırlayacağıq.
-İlham müəllim, əvvəlcə oxucularımıza bu məktəb haqqında məlumat verərdiniz...
- 1945-ci ildən fəaliyyət göstərən bu məktəb , əslində, XIX əsrin sonlarında yaradılıb, sovet rejiminin ilk illərində onun bazasında orta məktəb təşkil edilib və Xankəndi şəhərində yaşayan (məskunlaşan) ermənilər tərəfindən hər bir cəhdlə onun Azərbaycan məktəbi kimi fəaliyyət göstərməsinə maneələr törədilib. Xankəndi şəhərində, erməni şovinizminin əhatəsində milli hissləri, azərbaycançılıq ideyalarını və məfku-rəsini daim qoruyub saxlayıb, şəhərin azərbaycanlı icmasının mənəvi dəyərlərinin formalaşmasında xüsusi rol oynayıb. Xankəndi də 11 orta təhsil ocağı fəaliyyyət göstərib. Onlardan yalnız 4 nömrəli orta məktəb və Kərkicahan qəsəbəsində 6 nömrəli səkkizillik məktəb Azərbaycan məktəbləri olub. Qalan 9 məktəb rus və əsasən erməni məktəbləri olub. Ona görə də bütün dövrlərdə məktəb ermənilərin gözünə bıçaq kimi batıb.
- Məktəb harda yerləşib?
-Ağır, çətin və keşməkeşli yollar keçən bu təhsil ocağı yarandıqdan sonra fəaliyyətini baxımsız zirzəmi şəraitində başlayıb. Bir müddət keçdikdən sonra məktəb birmərtəbəli, heç bir şəraiti olmayan binaya köçürülüb. Belə yerdəyişmələr məktəbin həyatında adi hala çevrilib. Hələ o illərdən erməni millətçiləri bu məktəbin fəaliyyətinə əngəlliklər yaratmaq üçün bütün vasitələrə əl atıblar. Nəhayət onlar Xankəndində bu yeganə Azərbaycan məktəbinin müstəqil fəaliyyətinə problemlər yarada biliblər. Belə ki, 1964-cü ildə Nizami Gəncəvi adına 4 nömrəli orta və rus təhsilli 5 saylı məktəbin bazasında beynəlmiləl məktəb yaradılıb. Məktəbə milliyətcə qeyri-azərbaycanlı direktor təyin edilib. Bütün çətinliklərə, süni şəkildə yaradılmış maneələrə baxmayaraq Nizami Gəncəvi adına Xankəndi şəhər 4 nömrəli orta məktəbin müəllim kollektivi “beynəlmiləl məktəbdə” də azərbaycançılıq ideyalarını qoruyub saxlaya bilib, bütün qüvvələrini səfərbər edərək Xankəndindəki azərbaycanlı uşaqlarının maarifləndirilməsi üçün əllərindən gələni ediblər.
(Soldan 1-ci cərgədə 3-cü tarix müəllimi, atam Cəmil Xudiyev, yanında dayanan Milli Qəhrəman Şirin Mirzəyev, 2-ci cərgədə sağdan Flora xanım Qasımovadır (hörüklü) və qardaşım Hikmətdir, (ən balaca oğlan ).
Nəhayət, Xankəndində yaşayan azərbaycanlı ziyalıların qətiyyəti sayəsində 1969-cu ildə Nizami Gəncəvi adına Xankəndi şəhər 4 nömrəli orta məktəbin müstəqil fəaliyyəti yenidən bərpa olunub. Məktəb yenidən Lenin və Atarbekov küçələrinin kəsişməsində yerləşən ikimərtəbəli binaya köçüb və yalnız azərbaycanlıların təhsil aldığı təhsil ocağı kimi fəaliyyətini davam etdirib.
- Ermənilərin iç üzünü dəqiq bilən biri kimi soruşuram: Nə əcəb, məktəbə öz "kadrlrarı"nı yerləşdirməyiblər? Əminəm azərbaycanlıların kompakt yaşadığı bir yerə çoxbilmiş erməni ya öz casuslarını yerləşdirər, ya da mütləq oradan bir satqın ələ keçirərlər.
- Yox, kollektivdə satqın tapa bilmədikləri üçün milliyətcə erməni olan müəllimləri məktəbdə işə düzəldə bildilər. Raya Balayan – rus dili müəllimi, Georgi Arzumanyan – idman müəllimi, Armen Baqdasaryan – nəğmə müəllimi kimi bu tədris ocağında olub-bitən ən xırda hadisələri lazımı adamlara , məmurlara yetişdirmək üçün yerləşdirildiyini hamı anlayırdı. İndi təsəvvür edin, bu orta məktəb neçə onilliklər boyu erməni millətçiləri tərəfindən mənəvi və fiziki təzyiqlərə məruz qalaraq necə ağır mübarizələrdən keçib.
(Tahirə Məhərrəmova, mənim ibtidai sinif müəllimim)
-1980-cı illər ermənilərin millətçiliyi başlarına vuran vaxtlar yəqin ki, məktəb ən çətin dönəmini yaşayıb. Yəni "ölüm-qalım" məsələsi ilə üzbəüz qalıb.
- 80-ci illərin sonlarında ermənilərin Dağlıq Qarabağla bağlı məkrli planlarında qarşıda duran ən başlıca vəzifələri ilk növbədə Xankəndini azərbaycanlılardan təmizləmək olub. Təbii ki, şəhərdə fəaliyyət göstərən, azərbaycanlıların təhsil aldığı təhsil ocaqlarının fəaliyyətinə son qoymaq isə bu planın tərkib hissəsi kimi önə çəkilib. Sırada isə birinci yerdə Nizami Gəncəvi adına Xankəndi şəhər 4 nömrəli orta məktəbi durub.
- O illərdə Ağdam kimi bir rayonu, Qarabağ regionunun digər rayonlarını da işğal etməyə özündə güc tapan ermənilər üçün bir məktəbi sıradan çıxarmaq çətin olmaz...
- Ssenarisini indiki Rusiya yazdığı, özlərinin oynadığı "Sumqayıt hadisələri"ndən sonra düşmənçilikləri gizli fazadan açıq fazaya keçdi. Artıq uşaqdan böyüyə bütün ermənilər silahsız, sadə dinc azərbaycanlılara terrorçu, min illik şəxsi düşmənləri kimi baxırdılar. Hər an bir dinc azərbaycanlının həyatına qıyacaqları məlum idi. Neçə illik dinc yanaşı yaşadığımız erməni qonşuların bizdən üzü dönmüşdü. Küçə ilə gedən azərbaycanlıya söyüşlər, təhqirlər, lənətlər yağdırırdılar. Artıq burada yaşamaq təhlükəli həddə çatmışdı. Erməni polislər isə bütün bunları görməzliyə vururdular. 1988-ci ilin sentyabr ayında erməni millətçilərinin i orta məktəbinin fəaliyyətinə son qoymaq cəhdi baş tutdu. 700-dən çox şagirdin təhsil aldığı, 60-dan artıq müəllimin çalışdığı məktəb fəaliyyətini dayandırmaq məcburiyyətində qaldı. Xankəndində yaşayan köməksiz azərbaycanlıların ciddi cəhdlərinə baxmayaraq məktəbin fəaliyyətini bərpa etmək mümkün olmadı.
Beləliklə Qarabağ münaqişəsi, ermənilərin təcavüz siyasəti Azərbaycan təhsilinin inkişafında xüsusi xidmətləri olmuş Nizami Gəncəvi adına Xankəndi şəhər 4 nömrəli orta məktəbinin, onun müəllimlərinin və məzunlarınının taleyinə beləcə ağrılı-acılı səhifələr yazdı.
- Məktəb də qarabağlılar kimi köçkün düşdü...Sonrakı taleyi necə oldu?
- Əslində məktəb köçkün düşməkdən daha betər oldu, pərən-pərən oldu. O vaxtkı ölkə başçıları bu məktəblə bağlı heç bir addım atmadılar. 25 illik fasilədən sonra xankəndililərin istəyi, doğma məktəblərinin fəaliyyətinin yenidən bərpa olması arzusu həyata keçdi. Azərbaycan təhsilinin inkişafına töhfələr vermiş, özünəməxsus bir tarix yaşamış bu təhsil ocağının xidmətləri prezident İlham Əliyev tərəfindən yüksək qiymətləndirildi. Dövlət başçısının 30 dekabr 2012-ci il tarixli sərəncamı ilə məktəbin fəaliyyəti yenidən bərpa olundu. Sərəncama əsasən Bakının Sabunçu rayonunda köçkünlər üçün salınmış Şuşa şəhərciyində müasir standartlara uyğun məktəb inşa edilib istifadəyə verildi.
- İlham müəllim, bir məktəbi önəmli edən onun adlı-sanlı məzunlarıdır. Kimləri yetişdirib bu məktəb?
- Məktəbimizin müəllim kollektivinin yüksək bilik və bacarığı, keyfiyyətli tədris metodu nəticəsində bu təhsil ocağı Azərbaycan cəmiyyətinə dövlət xadimi, general-polkovnik Ramil Usubov, əməkdar müəllim, tibb elmləri doktoru, professor Mübariz Allahverdiyev, Milli Məclisin deputatı seçilmiş Flora Qasımova, “Azərbaycan Bayrağı” ordenli, millət vəkili Elman Məmmədov, Beynəlxalq Energetika Akademiyasının üzvü, fizika-riyaziyyat elmləri doktoru, bir çox elmi ixtiraların müəllifi olmuş Vidadi Əliyev, filologiya üzrə elmlər doktoru İlhami Cəfərsoy, filologiya elmləri namizədi Şəfəq Cabbarova, Bakı Metropoliteninin ilk dəfə tikilib istifadəyə verilməsində aparıcı mütəxəssislərdən biri olmuş Firudin Əhmədov, “Şərəf nişanı” ordenı və “Əmək rəşadətinə görə” medalı ilə tətlif olunmuş Rasim Hacıyev, texnika elmləri namizədi, dosent Rəşid Haşimov, yazıçı-publisist, əməkdar jurnalist Hikmət Xudiyev, tibb elmləri namizədi Səidə Zeynalova, əməkdar mühəndis Kamil Xudiyev, dəyərli tədqiqatçı, “Qızıl qələm” mükafatı laureatı Aydın Qarabağlı, AYB-nin üzvü, "Qızıl qələm" mükafatı laureatı, istedadlı jurnalist və naşir Vasif Quliyev, Əməkdar mühəndis Ziyəddin Quliyev, Xalq artisi Fəxrəddin Manafov kimi dəyərli insanlar bəxş edib. Məktəbimiz təhsillə bərabər şagirdlərə yüksək vətənpərvərlik hissləri də aşılamağı bacarıb. Xalqımızın qəhrəmanlıq tarixinə yenu səhifələr yazan 40-a yaxın şagird və məzunu şəhidlik zirvəsinə ucalıb. Azərbaycanın Milli Qəhrəmanları Şirin Mirzəyevin, Nizami Məmmədovun həyat yolları bu gün hər bir Azərbaycan gəncinə örnəkdir.
- Tələsdim, əvvəl müəllimləriniz haqqında soruşmalıydım... Ermənilərlə əhatəsində hər an ögeyliyi görən, düşmənçiliyi hiss edən müəllimlərinizin özəlliyi nə idi?
- Doğmalıq! Hər bir müəllimimiz içi mən qarışıq bütün şağırdlərin öz balası kimi qayğısına qalırdı. Qoruyurdular! Bu məktəbin bir məzunu kimi neçə illər ötsə də, əziz müəllimlərimin, ilk dəfə mənə qələm tutmağı öyrədən Tahirə Məhərrəmovanın, Sabir Əliyevin, Əkbər Xudiyevin, Məhbubə Əliyevanın, Müşkülat İmanovanın, Nuridə Cəfərovanın, Telli Mirzəyevanın, Xavər Əliyevanın, Nadir Rəşidovun və sözsüz ki, bu məktəbin fəaliyyətində əməkləri heç də az olmayan valideynlərim Cəmil Xudiyevin və Şura Məmmədovanın adlarını böyük ehtiramla çəkirəm.
- İlham müəllim, qarabağlıların böyük əksəriyyətinin tanıdığı və adını hörmətlə çəkdiyi mərhum qardaşınız Nazim Xudiyev haqqında da məlumat verərdiniz...
(2018 -ci il Ramana qəsəbəsi. Şuşa şəhərciyi. 4 saylı Xankəndi tam orta məktəbi. Məktəb direktoru Nazim müəllimin təşkilatçılığı ilə şagirdlərlə Vətənpərvərlik mövzusunda çox gözəl bir tədbir keçirildi. Ehtiyatda olan polkovnik Xətai Baxışov, Əjdər Qurbanov, Hikmət Ağayev və Azay Kərimov iştirakı ilə... )
- 40 il pedaqoji fəaliyyətlə məşğul olmuş Nazim müəllim cismani olaraq aramızda olmasa da, görün onu nə qədər şagirdi, müəllim yoldaşı, vətənpərvər soydaşları tanıyır, xatırlayır, ruhuna dualar oxuyurlar...Bəli, müəllimlik bütün peşələrin zirvəsində dayanır və elə bir ilahi missiyadır ki, yalnız bu adı layiqincə daşıyanlar o zirvəni fəth edə bilirlər, bizim Nazim müəllim kimi... Vaxtsız ölüm bu istedadlı, səmimi, qayğıkeş insanı, bacarıqlı pedaqoqu, uğurlu məktəb təşkilatçısını aramızdan aparsa da, ölüm belə, onun parlaq xatirəsini yaddaşımızdan silməyə acizdir. Nazim Xudiyev 1957-ci ildə Xankəndi şəhərində müəllim ailəsində dünyaya göz açmışdı. Orta təhsilini bu şəhərdəki Nizami Gəncəvi adına 4 nömrəli orta məktəbdə almışdı. 1979-cu ildə Xankəndi Pedaqoji İnstitutunun fizika fakültəsini bitirdikdən sonra təyinatla Şuşa rayon Malıbəyli kənd orta məktəbində pedaqoji fəaliyyətə başlayan Nazim Xudiyev 2012-ci ilə qədər bu təhsil ocağında müəllim kimi çalışmışdı.
- 2012-ci il Prezidentin məlum sərəncamından sonra Xankəndi şəhər 4 nömrəli orta məktəbinə direktor təyin edildi.
-Bəli, vaxtı ilə şagirdi olduğu məktəbə direktor təyin edildi. Sözsüz ki, bu vəzifəyə təyinat böyük etimad olduğu qədər də böyük məsuliyyət idi. Hər şeyi yenidən başlamaq, zəngin təhsil ənənəsi olan Xankəndi məktəbində ənənələri yenidən bərpa etmək böyük zəhmət tələb edirdi. Təbii ki, Nazim müəllimin direktor kabinetinə getdiyi yol heç də rəvan olmayacaqdı. Amma o, bütün bu çətinliklərə baxmayaraq özünü bütövlükdə bu işə həsr etdi və çox qısa bir müddət ərzində sıfırdan başlayan məktəb ən yüksək göstəriciləri ilə fərqləndi. Nazim Xudiyev 61 illik ömründə bu həyat yolunu seçdi və onun çətinliklərindən keçə bildi...Təəssüf ki 62 yaşına keçə bilmədi, 2019-cu ildə haqqın dərgahına qovuşdu...
Amma sevinirəm ki, Nazimi daim kədərləndirən Qarabağın işğalı kimi dərdverici bir amil ortadan qalxıb və Azərbaycanın müdrik siyasəti eyni zamanda möhtəşəm ordusu Xankəndi yolu ilə irəliləyir. Bu bizim ailənin təsəllisidir. Ümumiyyətlə, bu gün fürsətdən istifadə edərək, dünyasını dəyişmiş bütün müəllimlərə Allahdan rəhmət diləyirəm, "yeriniz cənnət olsun" deyirəm. Bütün müəllimlərə isə əsl pedaqoq kimi fəaliyyətlərində uğurlar arzulayıram. Xankəndi sakinlərinə isə tövsiyəm var: Bir azca da dözün, evimizə, Xankəndimizə dönəcəyik! Mütləq dönəcəyik!
- İlham müəllim, maraqlı söhbətə görə təşəkkür edirik və arzularınıza qoşuluruq! O şəhər bizim, o şəhərdə şəhərləri açmaq şansı çox yaxında baş tutacaq!
Söhbətləşdi Əntiqə Rəşid