"Xankəndidəki "çörək şousu" ilə Sumqayıtdakı "çörək qiyamı"nın fərqi..."- MÜSAHİBƏ
Əziz oxucularımız, sizə də məlumdur ki, son bir neçə aydır separatçılar "çörək qıtlığı" şousu ilə dünyanın diqqətini öz üzərlərinə cəmləyə biliblər.
Maraqlıdır ki, 1963-cü il Sumqayıtda “Çörək qiyamı” adlı böyük bir iğtişaş baş verdi. Qiyam baş versə də bunu nəinki, dünya, heç respublikanın bəzi bölgə və regionları duymadı. Amma erməni 1988-ci ildə Sumqayıtda öz soydaşlarının mütəşəkkil terrorçu dəstələri ermənilərə qarşı cinayət əməli həyata keçirəndə də bütün dünya bundan xəbər tutdu və Azərbaycanlıları da bu işdə günahkar saydılar. Sumqayıtdakı “Çörək qiyamı” isə 60 ildir hələ də üstü bağlı qalıb
İndi isə siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyev əslində 1963-cü ildə Sumqayıtda nə baş verdiyindən danışacaq.
- Zaur müəllim. 60 il bu akt niyə açılmadı?Niyə bunu dünya duymadı?
-Əvvəlcə, oxucularınıza 1963-cü il Sumqayıtda “Çörək qiyamı” haqqında danışaq ki, oxucular ətraflı bilgilərə sahib olsun. 1963-cü ilin payızında Sovetlər Birliyində Böyük oktyabr sosialist inqilabının 46-cı ildönümünə hazırlıq gedirdi. Bu hazırlıq prosesində Azərbaycan rəhbərliyi qarşısında kütləvi tədbirlər, parad və musiqili gecələr keçirilməsi tapşırığı gəlir. Lakin ölkədə bu tədbirə hazırlıq planı istənilən kimi getmirdi, çünki ciddi çörək qıtlığı var idi. Bakı, Sumqayıt, Gəncə, Qarabağ və Naxçıvanda çörək ehtiyatı əhalini görmürdü və taxıl zəmiləri yerində qarğıdalı əkini əmri verən Nikita Xruşova qarşı etirazlar fəhlə-kəndli sinfi ilə yanaşı ziyalıların da narazlığına səbəb olurdu.
- Xruşşov öz aləmində bir ayrı cür "perestroyka" etmək istəyirmiş, yəni , atın qabağına ət, itin qabağına ot siyasəti ....
-1963-ci il noyabr ayının yeddisində Oktyabr inqilabının növbəti ildönümünə həsr edilmiş nümayişdə Sumqayıt Boru Prokat Zavodunun bir qrup fəhləsi əllərində Stalinin portretlərini tutaraq əsas dəstələrdən ayrılaraq şəhər rəhbərliyinin dayandığı tribunaya üz tuturlar və mədəniyyət evinin fasadından , Nikita Xruşşovun böyük portretini qopararaq ayaqlar altına atırlar. Milislər rezin zopaları işə salsalar da, aksiyanın qarşısını almaq mümkün olmur. Bakı və digər yerlərdən əlavə polis qüvvələri işə qarışırlar.
- Almatıda 1986-ci il də kütləvi iğtişaşlar baş vedi,amma o üsyan silahlarla susduruldu, qarşısı alındı. Nə yaxşı ki, sovet hərçilərini Sumqayıta yeritməyiblər...
-Yox o qiyam milli zəmində idi və ruslar hədəf idi... Bu qiyam isə sırf iqtisadi böhran ilə əlaqəli idi. Beləliklə, Moskvadan dərhal aksiyanın nə yolla olursa olsun, dayandırlması əmri verilir. Aksiyanın miqyası genişlənsəydi, Xruşşovun hakimiyyətdən getməsi gündəmə gələcək idi.
- Zatən bu hadisədən bir il sonra Xruşşov vəzifədən kənarlaşdırıldı.
-Elədir. Azərbaycandakı rəhbərlik Moskvaya məlumat verir ki, fəhlələrin qiyamının arxasında iqtisadi tələblər dururdu: "Fəhlələr şəhərin çörəklə təminatında yaranmış problemə və qiymətlərin artmasına etiraz edirdilər.” 800-dən çox polis aksiyanı dayandırmaq üçün hadisə yerinə gəlsə də, əhali ciddi müqavimət göstərdi. 600-800 nəfərə qədər adam 3 gün ərzində Sumqayıtı bir-birinə qatmışdı. Onların tələbi əhalinin çörəklə təmin edilməsi, ac insanların qarınlarının doydurulması idi. Minlərlə fəhlə şəhər partiya komitəsinin qarşısındakı meydana toplaşmışdı, onlar gah oturur, gah da durur: “Çörək, ət! Ət, çörək!” qışqırırdılar. Milislər kütləni mühasirəyə alıb meydandan çıxarmağa çalışdılar. Ancaq etirazçılar müqavimət göstərdilər, meydandan çıxmadılar. Milislərə daş, taxta atanlarla yanaşı aksiyanı dağıtmağa gələn hüquq mühafizə orqanlarının işçilərinin bir neçəsi ağır zədə alır.
Etirazçıların sayı isə artır, narazı kütlənin qarşısını almaq mümkün olmur. Onlar şəhərin küçələrinə axışaraq ərzaq dükanlarının, poçtun və digər dövlət qurumlarının inzibati binalarının şüşələrini sındırırlar. Etirazçıların bir qismi isə meydanda öz mitinqlərini davam etdirirlər.
-Bütün problemlərin də başında bir nəfər durur :Xruşşov...
- Etirazçılar öz çıxışlarında Xruşovu lənətləyərək, onun yarıtmaz siyasəti nəticəsində sosial problemlərin burulğanında batdıqlarını qeyd edirlər. Çörək dükanları dağıdılır. Rabitə idarəsinə daxil olub kabelləri kəsirlər. İğtişaş milis idarəsinin qarşısında davam edir.
- Əminəm sovet hökuməti ona etiraz edənləri cəzasız buraxmaz...
-Sumqayıtda baş verənlərlə bağlı 11 noyabr 1963-cü il tarixdə açılmış çinayət işi müstəntiq Arutyunov tərəfinfən yekunlaşdırılır.
- Əgər istintaq işi də bir erməniyə tapşırılbsa, mütləq orda azərbaycanlıların başı "yanacaq"...
- Elə də olur. sonra, 8-19 iyun 1964-cü il Ali Məhkəmənin qapalı iclasında təqsirləndirilənlərə hökm oxunur. Çörək qıtlığına görə qiyam etdiyi üçün Miriş Əlimirzə və Səməndər İbrahimov 6, Yaşar Mahmudov və Nikolay Şevçenko 5, Ənvər Mahmudov 4, Asif Bayramov isə 3 il azadlıqdan məhrum edilirlər.
- Deməli, əslində Xankəndidə çörək qıtlığı yoxdu, olsaydı insanlar meydana yığılıb Azərbaycan hökümətinin göndərdiyi 400 ton una qarşı etiraz etməzdilər!
- Əslində şəxsi ehtiyac, gündəlik tələbat, xüsusən aclıq insanı bir çox şeylər etməyə vadar edir:Tarixdə etiraz mitinqləri, iğtişaşlar, xaos məhz bu səbəblərdən baş verir. Necə deyərlər, ac qılınca çarpar...Bəli, Xankəndidə idarəçiliyə, idarəçiliyin yarıtmaz nəticəsi olan çörək qıtlığına deyil, 400 ton una qarşı etiraz aksiyası varsa demək ki, Xankəndidə heç çörək qıtlığı yoxdu. Erməni separatçılarının dünyaya sərgilədiyi isə tarixə yeni məlum olan " erməni çörək şousu"dur.
- Maraqlı söhbətə görə, təşəkkür edirik.
Söhbətləşdi Əntiqə Rəşid