İnsanı yaşadan bir çox zəruri şərtlər var. Söhbət mənən yaşamaqdan gedir. Adi bir sıradan insan olub "səhər naxıra, axşam axıra" prinsipi ilə yaşayanları bu mövzuya daxil etmirəm. Söhbət düşünmək, mühakimə yürütmək, fikir bildirmək və ən vacibi niyə yaşadığını, niyə sevdiyini dərk edən adamlardan gedir. Bax, həmin adamların yaşam prinsipinin bir nüansı da doğulduğu torpağa, ocağa, elə, obaya, aid olduğu camiəyə bağlılığı, sayqısıdı. O adamlar da harda olmalarından asılı olmayaraq, o soy-kökə bağlılığı unutmurlar, qırıb atmırlar. Ona görə də onların yaşamı maraqlı olduğu qədər də çətin olur. Deməli, insanın yaşam prinsipinin bir ştrixi onu xatirələrə elə bağlayır ki, o xatirələr onunla hər yerə gedir, hər yeri gəzib dolaşır. Bax, bu mənada mən özümü və çevrəmdə özümə yaxın bildiyim adamları hər zaman həmin o xatirələr orbitində görmüşəm. Gördüyüm o adamlardan biri də Azərbaycan publisistikasında, Azərbaycan mətbuatında və ədəbiyyatında xüsusi yeri, çəkisi olan yazıçı-publisist Nemət Veysəllidir.
Mən Nemət Veysəlli ilə tanış olanda yenicə Sovet ordusundan təxris olunmuşdum. Amma ona qədər "Ulduz" jurnalında imzasını görüb yazılarını oxumuşdum. Xüsusilə, onun "Veysəlli" imzası mənim diqqətimi çəkmişdi. Hardasa içimdə bir yerlipərəst həvəsi, marağı Nemət müəllimi mənə yaxınlaşdırmışdı. Sonra Bakı həyatımda onunla üzbəüz görüşdük və söhbətimiz alındı. Amma Nemət Veysəllini mən sözün bütün mənalarında vətəndaş, yazıçı-publisist və qarabağlı kimi ilk dəfə 1988-ci ilin fevralında kəşf etdim. Məlum Qarabağ hadisələri başlayanda mən onu Füzulidən olan ziyalıların yaratdığı cəmiyyətin öncüllərindən biri kimi gördüm. Sonra birlikdə Qarabağ səfərlərimiz, ermənilər yaşayan kəndlərə birgə yol-yoldaşlığımız, sonra onun hərbi jurnalist kimi fəaliyyəti sonra onunla ailəvi tanışlığımız, bir-birimizin bütün tərəflərini öyrənməyimiz Nemət Veysəllini mənim üçün, eləcə də ailəm üçün əziz insanlardan birinə çevirdi və...
Burda bir xatirə yadıma düşür:
- 1990-cı ilin yayında Nemət müəllimin istəyi ilə onu doğulduğum Tuğ kəndinə apardım. Bəlli olduğu kimi, o vaxtlar Tuğ beynəlmiləl kənd sayılırdı və burda ermənilərlə birgə yaşayış nümunə sayılırdı. Hadisələr başlayanda isə həmin o Sovet təbliğatı sabun köpüyü kimi çəkilib getdi və ermənilərin iç üzü ortaya çıxdı. Bax, həmin o erməniləri görmək istəyirdi Nemət Veysəlli. Onlardan müsahibə götürmək istəyirdi və mən də onun istəyinə etiraz etmədim. Getdik Tuğa. Adəti üzrə öncə mənim ata evimdə duz-çörək daddıq, hətta adama bir az da Tuğun məşhur tut arağından içdik. Bunu da ona görə etdik ki, erməni həyasızlığının qarşısında bir az "içkili" kimi görünək. Və bizi içkili sayıb açıq söhbətdən ürəklərində olanları deməkdən çəkinməsinlər. Axı həmin vaxt hələ Sovetlər birliyi qalırdı və bəzi ermənilər bizim jurnalistlərə müsahibə verəndə öz tülkü xislətlərini işə salırdılar. İkibaşlı danışırdılar... Nə isə... Yeməkdən sonra çıxdıq kəndin mərkəzinə. Qarşımıza çıxan ilk erməni bu kənddə zamanında rəhbər vəzifələrdə işləmişdi. Azərbaycan dilini də mükəmməl bilirdi. Mən yavaşca Nemətə pıçıldadım ki, buyur, bu da sənin üçün zəhərli ilan, danışdır. Və Nemət onu sorğu-suala çəkdi... İllər sonra həmin müsahibəni xatırlayan Nemət Veysəlli mənə bir məqamı da özünəməxsus şəkildə söylədi:
- Bax, biz onda Tuğa getməsəydik, onda Mədət kişi də həyətindəki qoyunlardan birini kəsməyəcəkdi. Həmən qoyun da qalacaqdı erməniyə. Biz getdik, erməniyə sizin 20 yox, 19 qoyununuz qaldı... Və sonra da gülürdü. Bu, hardasa əsəb gülüşü idi, daxili etirazın gülüşü idi və bir də qisasın gülüşü idi...
Ümumiyyətlə, Nemət Veysəlli mənə görə bu zamanın adamı deyildi. O qədər sadəlövh, o qədər sakit, mülayim, hətta danışanda da o qədər asta danışırdı ki, onu dinləmək üçün fikrini cəm etməli idin, diqqətini ona yönəltməli idin. Üstəlik, Nemət Veysəlli qəbul etmədiyi, gerçək bilmədiyi heç nəyə nəyinsə xatirinə "hə" deməzdi. Dərhal sərt mövqeyini qoyardı ortaya. Və burda yenə bir nüansı qeyd edim. Nemət Veysəlli yaşadığı həyatı hər gün xatirəyə çevirirdi. Çünki o, xatirələr adamı idi. Yaşadığı yetimliyi də, əzablı həyatını da, qaçqınlıq illərini də, 60 yaşında geyindiyi əsgər geyimini də, olduğu səngərləri də, tanıdığı adamları da, bir sözlə, hər şeyi qısa zamanda xatirə kimi danışırdı. Ona görə də hərdən mən Nemət müəllimdən dünənlə bağlı nəyisə soruşanda o, sanki xatirə danışırdı şirin, həzin səslə mənə. Həm də nöqtəsini, vergülünü vurğulamaqla. Arada telefonuma zəng edirdi. Bilirdim ki, yenə nəsə deyəcək, nəsə soruşacaq. Belə də olurdu... Və Nemət Veysəlli telefonun o biri başında həmişəki təmkinlə:
- Əbülfət, yadındadı "Qırmızı bazar" əməliyyatı?
Cavabımı gözləmədən də sualını davam etdirirdi Nemət Veysəlli. Orda, yəni taxıl zəmisində baş verən hadisələrdə şəhid olanların neçəsinin cəsədi sonradan ermənilərdən alındı?
Mən susurdum, Nemət Veysəlli isə özü bildiyi faktı təkrar mənə dedirtmək istəyirdi. Dərhal anlayırdım ki, o nəsə yazır, nəyisə sonuncu dəfə dəqiqləşdirmək istəyir... İndi əlimdə bir kitab var. Müəllifi Nemət Veysəllidir. "Geriyə yol varmı?" adlanır bu kitab. İki gündür ki, təkrar oxuyuram bu kitabı. Bu kitab mənim üçün Nemət Veysəllinin xatirələri kimi dipdiridi. Çünki burdakı bütün xatirə hekayələr, hətta elegiya o qədər tanış, o qədər doğmadır ki, mən onları oxuduqca sanki Nemət müəllimin səsini də eşidirəm. Elə bilirəm ki, yenə üzbəüz oturmuşuq, qarşımızdakı çay da stəkanda soyuyub və Nemət Veysəlli də uşaqlıq illərindən danışır. Martuni qəsəbəsində oxuduğu internat məktəbindən danışır rəhmətlik, unudulmaz yazıçı-publisist, əməkdar jurnalist , tələbə yoldaşı Ziyəddin Sultanova və mənə.... Quzu otarmağından, təpəl camışdan söhbət edir. Evlərinin rəsmini çəkir gözümün qabağında və dünyada ən çox qorxduğu şeyi söyləyir bizə. İlk dəfə onun ən çox qorxduğunun nə olduğu barədə danışanda mən ağlımdan başqa şeylər keçirmişdim. Düşünmüşdüm ki, kənd uşağı itdən, pişikdən qorxan deyil. Ayıdan, canavardan, ilandan, ya da hansısa bir ağır xəstəlikdən qorxa bilər. Amma Nemət Veysəlli ən çox evlərinin yanmasından qorxurmuş. Çünki anası ilə birlikdə yaşadıqları bu evin damı samandan düzəlmişdi. Evin içərisini isidən sobadan bir çınqı düşsə həmin ev bütünlüklə yana bilərdi. Və Nemət də özünü dərk etdiyi günə qədər, yəni o evdə olduğu bütün zamanlarda vaxtından, fəslindən asılı olmayaraq ən çox yanğından qorxmuşdu.
Ermənilər Yuxarı Veysəlli kəndini işğal edəndə, evləri yandıranda Nemətin həmin o qorxusu yadıma düşdü. Və onda mən də anladım ki, yandırmaq bəlkə də ən asan işdi. Amma yananın yuva olduğu, ocaq olduğu, ev olduğu bilinirsə, yaşanırsa, duyulursa, deməli onda ürək də yanır, duyğular da yanır, xatirələr də yanır. O evlə bağlı olan hər şey külə dönür. Bircə insan ömründə, insan taleyindəki izlərdən başqa...
Xatırlayıram, 2018-ci ildə işıq üzü görmüş bu kitabı mənə bağışlayanda Nemət Veysəllinin üzündə, gözlərində çox qəribə, həm də kövrək bir kədər var idi. Adətən, müəllifin yeni kitabı işıq üzü görəndə onun sevinci, onun şadyanalığı tamam fərqli olur. Nemət Veysəllidə isə qəmli, nisgilli bir duyğu hakim idi. Mən kitabı alıb ilk səhifəsini açanda qarşılaşdığım bir cümlə dərhal mənə anlatdı Nemət Veysəllinin durumunu. Həmin vərəqdə yazılmışdı:
- Anam Nənəxanımın əziz xatirəsinə.
Kitabdakı bütün fikirlər, hisslər, duyğular Yuxarı Veysəlli kəndi ilə bağlı idi... Nemət müəllimin evi ilə, ocağı ilə, anası ilə bağlı idi. .. Və mən onda bir daha öz-özümə dedim ki, həqiqətən Nemət Veysəlli xatirələr adamıdı, xatirələrdən gələn adamdı... Və orda onu da xatırladım ki, müharibənin birinci mərhələsində Nemət Veysəlli "yaman gün" üçün yığdığı pulunu verib kubik daşlarını daşıtdırıb tökmüşdü doğulduğu evin həyətinə. Orda daha geniş və dam örtüyü də hər kəsin diqqətini çəkə biləcək ən yaxşı materialdan olan ev tikmək istəyirdi. Qəribə və həm də çox maraqlı idi ki, adamların yurdunu, Qarabağı tərk etdiyi bir vaxtda Nemət Veysəlli ev tikmək istəyirdi...
Bəli, mən yazının əvvəlində vurğuladım ki, insanı yaşadan, həyata bağlayan tellər var. Bax, Nemət Veysəllini də böyük Zəfərimizə qədər yaşadan da həmin o xatirə bağı idi. Amma neyləmək olar ki, qələbəni görsə də, Yuxarı Veysəllidə yenidən ev tikə bilmədi Nemət Veysəlli. Ruhu şad olsun!