"Xilaskar"

RƏŞAD MƏCİD
30324 | 2011-10-06 03:54
Xilaskarım!
   
   Sən - dərdin qənimi!
   
   Sən - qüssənin cəlladı!
   
   Sən - ağrıların keyidicisi!
   
   Sən gerçək - yalan
   
   artan çoxalan
   
   yüzə - minə vurulan
   
   bəd xəbərlərin qovucusu!
   
   Valerianım!
   
   Korvalolum!
   
   Validolum!
   
   
   
   Sən - ən kədərli anımın sirdaşı
   
   ən kefli halımın yoldaşı!
   
   
   
   Sən olmasaydın
   
   beynimə mikrob tək
   
   düşən
   
   qanıma işləyən bu
   
   fəlakət virusları
   
   bu faciə, bu ölüm epidemiyaları
   
   
   
   çoxdan yayılmışdı beynimin hər küncünə
   
   ürəyimin dibinə!
   
   Yayılmışdı yosun tək!
   
   Sən saxladın onu damarlarımın divarlarında
   
   beynimin uzaq küncündə!
   
   Qoymadın yayılmağa!
   
   Boğazımdakı qəhərdən qalxıb
   
   beynimdə insulta
   
   ürəyimdə infarkta keçməyə qoymadın!
   
   Sən ən böyük rahatlığım!
   
   Ona görə yeyirəm ki, dadına dad artıracaq!
   
   İçirəm ki, səni şirinləşdirəcək!
   
   Sənə görə yeriyir
   
   sənə görə gəzirəm!
   
   Səhər tezdən yanındayam
   
   bir qurtum su ilə
   
   bir qaşıq balla!
   
   Axşam səninlə bağlanır göz qapaqlarım!
   
   Xilaskarım!
   
   
   
   Kimdi səni anlayan -
   
   Barmaqla sayılan azlar!
   
   Çörəyi dizinin üstə olan
   
   Ətəyindən tutub qalxan
   
   sonra səni söyən, tapdalayan naxələf dayazlar!
   
   Ən çətin anlarında da barmaqlarını aralayıb -
   
   birin ver- deyənlər!
   
   
   
   üstünə yüyürür bəşər!
   
   Səni göydələnlərdən çıxarıb bomj kimi
   
   qapı ağzına atırlar
   
   təyyarələrdən, otellərdən qaçaq salırlar
   
   Səni hava limanlarında bir küncə sıxdılar
   
   Səni qatarlarda ən kirli vaqonlarda qapadılar!
   
   Dözdün dayandın! Sakit baxdın!
   
   Üstünə yüyürdü
   
   qanunlar yasalar!
   
   Orda onun, burda bunun bəyanatı!
   
   Bizdə də Qənirə xanımın qanun layihəsi!
   
   Qapalı alanlar!
   
   No smokinqlər
   
   içiləməzlər
   
   çəkmək olmazlar!
   
   
   
   Sən olmasaydın
   
   bəşər uşaqlıq çağında qalmışdı hələ!
   
   Sənsən dünyanın ən böyük kəşfi
   
   və ən böyük kəşflərinin cığır açanı!
   
   Ən gözəl musiqinin
   
   ən ilahi sözün qanad verəni!
   
   
   
   dün on adama ağız açdım
   
   qapısında içiləməz yazılan odamda
   
   sənə bir tabaq tapılanacan!
   
   İncimə küsmə!
   
   
   
   Bu şeirdə mənim sənə
   
   təşəkkürüm sədaqətim!
   
   Tütünüm!
   
   Nikatinim!
   
   Tüstüm!
   
   Siqaretim!
   
   Ankara,
   
   Gecəyarısı

TƏQVİM / ARXİV