Xora xəstəliyindən xilas olmaq üçün bunları etmək lazımdır - MÜSAHİBƏ
Səhiyyə Nazirliyi akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin şöbə müdiri Elbrus Rüstəmov nazirliyin saytına müsahibə verib.
Adalet.az müsahibəni təqdim edir.
- Elbrus müəllim, öncə mədə və onikibarmaq bağırsağın xora xəstəliyi haqqında məlumat verərdiniz…
- Bu, mədənin və ya onikibarmaq bağırsağın selikli qişasında xora çüxurunun olması ilə səciyyələnən xroniki xəstəlikdir. Həzm sistemi xəstəlikləri arasında geniş yayılıb. Mədə xorasına 50-60, onikibarmaq xorası isə 30-40 yaşlarında daha çox təsadüf edilir.
- Xora xəstəliyi necə yaranır?
- Xora xəstəliyinin meydana çıxması çoxsaylı amillərin təsiri nəticəsində baş verir. Bunlara mədənin turşu-şirə ifrazının, yığılma-boşalma qabiliyyətinin, qan təchizatının, selikli qişanın trofıkasının sinir-humoral tənziminin pozulması və s. amillər aiddir. Xoranın birbaşa əmələ gəlməsi isə mədəyə təsir edən “aqressiv” faktortlarla “müdafiə” amilləri arasında tarazlığın pozulması nəticəsində meydana çıxır. Qeyd etdiyimiz pozğunluqlar nəticəsində toxumalarda qan dövranı pozulur, selikli qişanın turş mədə şirəsinin təsirinə qarşı müqavimət qabiliyyəti aşağı düşür, müəyyən nahiyyədə selikli qişa əriyir və yerində xora əmələ gəlir.
“Helicobacter pylori” adlanan bakteriya xoranın əmələ gəlməsində mühüm rol oynayır. Bu bakteriya insanların 50-80%-də var. Lakin, mədəsində bu mikrob yaşayan insanların heç də hamısında xora əmələ gəlmir. Burada həm genetik, həm də qidalanma tərzinin xüsusiyyətləri, stress amili, siqaret və alkoqol qəbulu kimi zərərli vərdişlər, bəzi dərman preparatlarının istifadəsi və s. rol oynadığı bildirilir.
- Xora xəstəliyinin gedişi necədir, рansı əlamətləri var?
- Xəstəlik gedişinə görə qastriti xatırladır, əsas əlaməti ağrılardır. Ağrı tutmaları ildə bir neçə dəfə, çox vaxt yaz və payızda baş verir. Orta hesabla bir aya qədər davam edir. Müalicə olunmadıqda, ağrılar daimi xarakter ala bilər.
Xora xəstəliyinin əlamətləri xoranın yerləşmə yerindən, ölçüsündən və ağırlaşmasından asılıdır. Xəstəlik zamanı mədə nahiyyəsində xarakterik ağrılar baş verir və bu ağrılar kürəyə, belə vurur.
Ağrıların əmələ gəlməsinin qida qəbulu arasında birbaşa əlaqəsi var. Ağrılar erkən, gec və “acqarına” növlərinə bölünür. Erkən ağrılar qida qəbulundan 1 saat sonra baş verir və mədə möhtəviyyatının həzm traktının növbəti şöbəsinə ötürülməsi xüsusiyyətindən asılı olaraq azalır. Gec ağrılar qida qəbulundan 2 saat sonra, “acqarına” ağrılar isə qida qəbulundan xeyli gec vaxtda (6-7 saat) baş verir və adətən qida qəbulundan sonra keçir. Erkən ağrılar daha çox mədə xorası, gecə ağrıları isə onikibarmaq bağırsaq xoraları üçün xarakterikdir. Xora xəstəliyi zamanı ağrılardan əlavə qıcqırma, mədə bulanması, gəyirmə, qusma və qəbizlikdə müşahidə edilə bilir.
- Xora xəstəliyinin qarşısını necə almaq olar?
- Son onilliklər ərzində mikrob amilinin (“Helicobacter pylori”) təsirindən xora xəstəliyinin əmələ gəlməsinin birbaşa sübutu yoxdur.
Aparılan “ikili”, “üçlü”, bəzən də “dördlü” terapiya nəticəsində 70-75% hallarda sağalma baş verir. Lakin konservativ müalicənin uğurlu nəticələrinə baxmayaraq, xəstələrin 10-15%-də dayanıqlı remisiya almaq mümkün olmur. Hətta stasionar şəraitdə aparılan 3-4 dəfəlik konservativ xora əleyhinə müalicə nəticəsində dayanıqlı remisiyaya nail olmaq mümkün deyil. Bu halda isə cərrahi müalicə qaçılmaz olur.
- Xora xəstəliyinin hansı ağırlaşmaları var?
- Xora xəstəliyinin ağırlaşmalarına xoradan qanaxmalar, xoranın qonşu üzvlərə penetrasiyası, perforasiyası (deşilməsi), mədə çıxacağının deformasiyası, stenozu (daralması), xoranın şişə çevrilməsi aiddir.
Bu gün cərrah qastroentereloqların qarşısında duran əsas məsələlərdən biri antihelibakter müalicəyə davamlı risk qruplu xəstələri aşkar etmək, xora xəstəliyinin fəsadlarını gözləmədən planlı qaydada əməliyyatları yerinə yetirməkdən ibarətdir.
- Xora xəstəliyinin müalicəsi barədə nə deyə bilərsiniz?
- Səhiyyə Nazirliyi M.A.Topçubaşov adina Elmi Cərrahiyə Mərkəzində müasir, yüksək informativli müayinə üsullarının köməyi ilə hazırlanan kriteriyaların vasitəsilə risk qruplu xora xəstəliyini aşkar etmək və fəsadları gözləmədən cərrahi müdaxiləni aparmaq mümkün olub. Xora xəstəliyinin qanaxma, perforasiya, penetrasiya, stenoz, malginizasiya ilə ağırlaşmaları olduqda, mədə reveksiyası (mədənin xəstə hissəsinin kəsilib götürülməsi) üsulundan geniş istifadə edilir.
Bilmək lazımdır ki, mədənin və onikibarmaq bağırsağın xora xəstəliyindən xilas olmaq mümkündür. Bunun üçün qida rejimini pozmamaq, zərərli vərdişlərdən imtina və vaxtında həkimə müraciət etmək lazımdır.
Digər Xəbərlər
12 Mart 2026 10:31
Böyrək çatışmazlığının ilk əlamətləri - SN-nin mütəxəssis-ekspertindən TÖVSİYƏLƏR
03 Mart 2026 18:07
Azərbaycanda ilk dəfə rəqəmsal əkiz müsahibə verib
02 Mart 2026 11:12
İmmun sistemi barədə 5 ən böyük mif və real tibbi həqiqətlər
28 Fevral 2026 13:32
Cinema Radio Kino Radio Kanalı: Bakıdan Los Angelesə qədər dalğalar...
23 Fevral 2026 11:02
Dəmir qəbul edirsinizsə, bu, qana keçirmi? - SN-nin mütəxəssisi anemiyadan danışır
20 Fevral 2026 11:31
Orucluqda qidalanma və fiziki aktivlik necə olmalıdır? - VACİB TÖVSİYƏLƏR
16 Fevral 2026 11:21
Yeniyetməlik dövrünün hormonal sirləri: nələri bilmək vacibdir?
14 Fevral 2026 09:00


Bakı -°C

