06 Noyabr 2024 08:40
2031
ELM VƏ TƏHSİL

Yetişməkdə olan indiki və gələcək nəsillər Vətən müharibəsində qazanılan Zəfərin nəticələrini qorumağa köklənməlidirlər

Azərbaycan torpaqları 30 ilə yaxın idi ki, işğal altında idi.  Bütün dünya işğal altında olan Qarabağı və ətraf rayonları Azərbaycanın ərazisi kimi tanısa da, BMT Təhlükəsizlik Şurası tərəfindən müvafiq qətnamələr qəbul edilsə də, bu dövrdə Ermənistana qarşı heç bir beynəlxalq təzyiq baş vermədi. Əksinə, əksər beynəlxalq təşkilatlar, problemin həllində vasitəçilik missiyası həyata keçirənlər ikili standartlar siyasəti yürüdərək işğal siyasətinə dəstək vermiş oldular.

İşğala məruz qalan Azərbaycan olsa da, danışıqlar prosesində kompromisə getmək üçün ölkəmizə təzyiqlər edildi. Lakin Azərbaycan milli maraqlarından bir addım da belə geri çəkilmədi. Respublikamız heç zaman torpaqlarının işğal altında olması ilə barışmadı. Prezident  İlham Əliyev həmişə bəyan edirdi ki, torpaqlarımız mütləq azad olunacaq. Ordumuzun döyüş imkanlarının artırılmasının, ən müasir silah və hərbi texnikanın alınmasının bu məqsədə xidmət etməsi də məlum idi. Beləliklə, Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə ölkəmizin dinamik inkişafı və yüksəlişi həm də torpaqlarımızın işğaldan azad edilməsi üçün tarixi şərait formalaşdırdı və nəhayət, Vətən müharibəsi xalqımızın ən böyük arzusunu çin etdi, dövlətimizin yeganə ağrılı probleminə son qoydu.

Bəli, bu müharibədə torpaqlarımızı Ali Baş Komandanı İlham Əliyev olan Silahlı Qüvvələrimizin əsgərləri, zabitləri, çavuşları, gizirləri azad etdilər. Onlar müharibənin ilk anından son gününə qədər işğalçıya divan tutdu, necə lazımdırsa onu cəzalandırdı.  Bu müharibədə rəşadətlə döyüşən, düşmənə göz açmağa imkan verməyən Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyəti öz mübarizliyi ilə qəhrəmanlıq simvoluna çevrildi.  Hərbçilərimiz döyüş meydanlarından bütün dünyaya göstərdilər ki, torpaq uğrunda mübarizə necə olur. Hər bir vətən övladı igidliyin, cəsarətin, qorxmazlığın nümunəsini yaratdı, qəhrəmanlıq salnaməsi yazdı.

Vətən müharibəmiz şanlı Qələbə ilə tariximizin ən parlaq səhifələrinə qızıl hərflərlə həkk olundu. 30 illik yurd həsrətimiz, Qarabağ nisgilimiz sona yetdi, məcburi köçkünlərimiz qəribçilikdən qurtularaq doğma el-obalarına qovuşdular.

Bu möhtəşəm qələbəni, hədsiz sevinci, böyük xoşbəxtliyi Ali Baş Komandanın qətiyyəti, siyasi iradəsi, müzəffər Ordumuzun şücaəti, qəhrəmanlığı, qorxmaz, cəsur əsgərlərimizin canı, müqəddəs, ölməz şəhidlərimizin qanı, xalqımızın birliyi hesabına qazandıq.

"Dəmir yumruq” əməliyyatı adı ilə Azərbaycanın yeni tarixinə yazılan 44 günlük Vətən savaşı ərzində əsgərlərimizin hər biri öz şücaəti ilə qəhrəmanlıq dastanı yazdı. Canlarını Vətənə sipər edərək, qanlarını qurban verərək bayrağımızı zirvələrdə dalğalandırmaq naminə bizi zəfərlə müjdələdilər.
2020-ci il dekabrın 10-da isə Azərbaycan xalqı bu igidlərimizin müəyyən hissəsini böyük fəxr, qürur, minnətdarlıq duyğusu ilə seyr etdi. Azadlıq meydanında Azərbaycan Silahlı Qüvvələrinin Vətən müharibəsində qazandığı parlaq qələbəyə həsr olunmuş möhtəşəm Zəfər paradında Azərbaycan xalqı ordusu ilə qürur hissi keçirdi.

Şanlı Qələbə ölkəmizin, xalqımızın tarixinə qızıl hərflərlə yazıldı. İndi orta məktəblərin tarix dərsliklərinin üz qabığını Topçu Vüsalın, digər qəhrəmanlarınızın şəkilləri bəzəyir, tarix fənnində Zəfər yolu işıqlandırılır, Vətən müharibəsinin 44 təqvim günü ərzində azad edilən şəhər, rayon və kəndlərimizin adları bir-bir sadalanır, Cənubi Qafqazın ən qüdrətlisi olan Azərbaycan ordusu tərənnüm olunur, qardaş Türkiyənin Azərbaycana verdiyi siyasi və mənəvi dəstəkdən bəhs olunur. Milli yaddaşın qızıl fondu olan Böyük Qələbənin əhəmiyyətini təbliğ etmək Azərbaycan məktəbinin, müəllimlərin mühüm vəzifəsidir. Çünki, yetişməkdə olan indiki gənc nəsil, eləcə də gələcək nəsillər Zəfərin nəticələrini qorumağa köklənməlidirlər.
Məktəbin direktoru Fəxriyyə Hüseynovanın təşəbbüsü ilə  Zəfər günü ilə əlaqədar noyabr ayının 1-dən 7-sinə kimi olan iş həftəsində bütün fənlər üzrə dərslər Zəfər Gününə həsr edilir. Siniflərdə silsilə tədbirlər keçirilir. Tədbirə Şəhid ailələrini və qaziləri də dəvət olunur. Hər bir şagird tədbirlə bağlı bütün siniflərə daxil olanda Zəfər Gününün ab-havası hiss olunur. Bundan əlavə, şagirdlərin əl işlərindən hazırlanmış rəsm, inşa, şeir müsabiqəsi keçirilir. Belə ki, bir neçə sinifdə tədbirlər yüksək səviyyədə keçirilib, hələ ki, davam etməkdədir. 74 sinifin içərisində fərqlənən müəlimlər və şagirdlər məktəbin direktoru tərəfindən Fəxri-Fərman və Diplomlara təltif olunurlar. Kollektiv çalışır ki, şagirdlər vətənpərvər ruhda tərbiyə edilsinlər. Bu tədbirlərin keçirilməsi şagirdlərdə ruh yüksəkliyi yaradır.

Elnurə Fizuli qızı İsgəndərova ,Abşeron Xızı Regional Təhsil idarə Xırdalan şəhər 10 saylı tam orta məktəbin tədris işləri üzrə direktor
müavini, "Qızıl Qələm",  "Xan qızı Nətavan", "İlin Müəllimi" media mükafatı laureat.