YAZ YAĞIŞI - Sevil Azadqızı yazır
Meşənin dərinliklərində, yaşılın hər çalarını canlandıran o ilıq nəfəs yenə gəldi. Göy üzü yavaşca yerə toxunur, buludlar sanki ruhumun ağır yükünü paylaşmaq üçün bura toplaşıb. Budur, ilk damla yanağıma düşür... Mənim ən sadiq sirdaşım, yaz yağışı başlayır.
Hər kəs qaçıb gizlənməyə yer axtararkən, mən addımlarımı daha da yavaşladıram. Islanmaqdan qorxmuram, çünki bu yağış mənim yalnız bədənimi deyil, yorğun düşüncələrimi də yuyub aparır. Torpağın o məlhəm qoxusu ciyərlərimə dolduqca, içimdəki o kimsəsiz darıxmaq hissi bir az da böyüyür. Meşənin sükutu ilə yağışın pıçıltısı elə bir həmahənglik yaradır ki, sanki təbiət mənimlə eyni dildə danışır.
Ağacların pənahına sığınmaq deyil, onlarla birlikdə islanmaq istəyirəm. Və məhz o an, gözlərimdən süzülən yaşlar yağış damcılarına qarışır. Heç kim bilmir, heç kim sezmir... Yanağımdan süzülən bu rütubət göydənmi gəlir, yoxsa qəlbimdənmi sızır? Yağış mənim ən böyük gizlinimdir, o yağdıqca mən öz ağrılarımla, suallarımla və sənli düşüncələrimlə azad oluram.
Dünya islanır, mən isə təmizlənirəm. Göz yaşımı yağışa əmanət edib, bu boz sükutun içində itmək nə qədər hüzurludur...
İndi nə mən varam, nə də dərdim, sadəcə sonsuz bir meşə və ruhumu qucaqlayan yaz yağışı var, Ruhum!..


Bakı -°C

