İnsan Varlığının Mənəvi Ölçüsü
Əsrlər əvvəl Sokratesin açdığı düşüncə yolunu izləsək, onun fikrincə sorğulanmamış, təhlil edilməmiş həyat yaşamağa layiq deyil. Əgər arzuladığımız həyatın mümkün qədər məna dolu olmasını istəyiriksə o zaman sadəcə yaşanıb keçilən, məqsədi və dəyəri üzərində düşünülməyən bir həyat kimi yaşanmamalıdır.
Harada insan həyatı varsa orada əxlaq da mövcuddur. Həyatın bütün zənginliyi, dərinliyi və coşqu ilə yaşanması yalnız sorğulama və araşdırma ilə mümkündür. Bu prosesdə biz təkcə öz fərdi varlığımızın deyil, bütün canlıların, kainatda mövcud olan hər bir varlığın mənasını anlamağa çalışmalıyıq.
Əxlaq, bu planetdə təkbaşına varlığını davam etdirə bilməyən insanın digər canlılarla birgə yaşamasını təmin edən, qaydalar və dəyərlər sistemindən ibarət olan, sosial, mədəni və mənəvi ölçüləri özündə birləşdirən birgə yaşayış nizamıdır.
Əxlaqdan əlavə, bərabər yaşamayı tənzimləyən başqa nizamlar da mövcuddur. Hüquqi, ictimai, siyasi və iqtisadi nizamlar.
İnsan üçün həyat əxlaq vasitəsilə dərk olunan bir həqiqət kimi görünür. İnsanın həyatı fərqli coğrafiyalarda, müxtəlif yaşayış tərzlərində və fərqli tarixi proseslərdə inkişaf edir kimi görünməktədir. Fərqliliklərimizə baxmayaraq, tarix boyu mədəniyyətlər arasında dəyişməyən əxlaq mövcuddur. Bu mənada əxlaq universal bir anlayışdır.
İnsan varlığının bəlkə də ən trajik tərəflərindən biri arzuladığı, düşündüyü və ümid etdiyi kimi yaşaya bilməməsidir. Əgər bu planetdə insanın həyatını güc mübarizəsi şəraitində davam etdirdiyini düşünsək, doyumsuz arzuların və sonsuz ehtirasların meydanı olan bu nizam fərdi əxlaqa tam şəkildə imkan vermir. Bu nizamla mübarizə, həyatla yenilənən yeni axtarışlar və baxışlarla davam etməlidir. Mübarizə, insana yaraşan və insanı ədalətli bir nizama çatdıracaq dünya üçün zəruridir. Bir-birimizin əxlaqının əsaslandığı prinsiplərə və dəyərlərə hörmət göstərmək, atılacaq ilk addımdır.
Bəzən biz əxlaqı yalnız qaydalar toplusu kimi düşünürük nəyi etmək olar, nəyi olmaz. Halbuki əxlaq bundan qat-qat dərin, daha səssiz və daha çox insani bir həqiqətdir. Kitablarda yazılmayan, amma insanın daxilində yaşayan bir səsdir. Bizi doğrulara yönəldən, vicdanın incə pıçıltısıdır.
İnsanlıq daha çox qazanmaq, daha tez yüksəlmək, daha çox görünmək arzusundadır. Bu yarışın içində isə bəzən əxlaq arxa planda qalır. Əgər biz uğur qazanarkən insanlığımızı itiririksə, bu uğurun mənası nədir? Əxlaq insanı insan edən əsas sütundur. Onsuz cəmiyyət yalnız qaydalarla idarə olunan mexaniki bir sistemə çevrilərdi. İnsan münasibətləri yalnız qanunlarla deyil, anlayışla, mərhəmətlə və dürüstlüklə ayaqda qalmaqdadır.
Bu gün biz texnologiya ilə hər şeyi ölçə bilirik: məsafəni, sürəti, qazancı… Amma insanın içindəki insafı ölçəcək bir cihaz yoxdur. Bu səbəbdən əxlaq hələ də ən çətin, amma ən zəruri məsələ olaraq qalır.
Nəticə olaraq əxlaq olmadan inkişaf yalnız zahiri bir parıltı kimidir. İçi boş, ruhsuz bir yüksəlişdir. Əxlaq insanın özü ilə bağladığı ən dürüst ittifaqdır.
Fikrət Əkbərli,
Türkiyə üzrə araşdırmaçı-yazar


Bakı -°C

