adalet.az header logo
  • Bakı 19°C
03 Aprel 2023 11:05
982
ƏDƏBİYYAT

YAZIÇI AQİL ABBASA QARMONÇU ŞAKİRİN QOHUMLARI ADINDAN CAVAB - RASİM MÜZƏFFƏRLİ yazır

Yazıçı və ictimai xadim Aqil Abbasın iti qələminə, Qarabağ yanğılı qəlbinə, milli qeyrətkeşliyinə çoxdan bələdəm. Onun 1990-cı ildən bəri qurub rəhbərlik etdiyi "Ədalət" qəzeti Azərbaycanın ən yeni tarixinin salnaməsidir. “Bu get-gəllər bazarına dəvə” olan dünyamızda bir-birimizlə get-gəlli olmasaq da, Aqil Abbasın ailəsi də mənə çox doğmadır. Ömür-gün yoldaşı Irade Tuncayla şəbəkə dostluğumuz da, çox vaxt ortaq fikirli paylaşma və şərhlərimiz də bu doğmalığın qulluğundadır...
Aqil Abbasın “Çay qırağında bitib, susuz qalan ağacların sağlığına” adlı yeni povesti “Ədalət” qəzetində hissə-hissə dərc olunmağa başlayanda, çoxları kimi mən də əsəri həvəslə oxuyanlardan biri oldum və hər dəfə yeni hissə dərc olunanda İradə xanımın FB-dəki paylaşmalarına şərhlər yazdım. İlk şərhim sual və təbrik oldu:
Rasim Muzaffarli: Ləzzət elədi. Yeni əsərdir ya köhnə?
Irade Tuncay: Təzə çıxıb sobadan.
Rasim Müzəffərli: Ay çox mübarək! Soyutmayın, verin masaya.
Və çox keçmədi ki, əsərin 2-ci hissəsi "masaya" gəldi. Bu hissənin sonluğunda “Ardı olacaq. Özü də Rasim Müzəffərlinin xətrinə” yazılması mənim üçün xoş sürpriz oldu. İradə xanıma Qarabağ ləhcəsində “Bıyy, a bajı, axırı həm gözlənilməz, həm də xəjələtli oldu e, xətriniz əziz olsun və ardı gəlsin” yazdım. Ardı gəldi və nə xoş ki, hər dəfə “xətrinə” məsələsi qeyd olunmaqla gəldi... 
Povestin hər yeni bölməsini gözləyirdim. Oxuduqca, əsərin qəhrəmanı Şakir doğmalaşırdı, onun taleyinə biganə qalmaq mümkün deyildi. Mənim üçün Şakir bütün qaçqın qohum-əqrabamın ümumiləşdirilmiş bir surətinə çevrilmişdi. İradə Tuncayın paylaşmalarına yazdığım şərhlər demək istədiklərimə nəzərən qısa və keçirdiyim hisslərə nəzərən quru alınsa da, səmimi və dürüst idi. Yazırdım:
= = = = = = =
Hadisələrin gerçəkliyi hiss olunur. Bəlkə, ayrı-ayrı yerlərdə, ayrı-ayrı vaxtlarda baş vermiş hadisələrdir, Məşədi (bəzən İradə xanım paylaşmalarında Aqil müəllimi belə adlandırır) ustalıqla onları yığıb bir yerə. Yazılanlara o qədər yaxınam ki, oxuduqca elə hey qorxuram, bu dəqiqə müəllif mənim adımı çəkəcək. O ki qaldı ardının olmasına, vAllah, mənim xətrimə olmasa da, gözləyərdim, amma indiki halda gözləmək həm borcum, həm də qürurumdur.
= = = = = = =
Həə, bu dəfə arada yaman kövrəldim... Ömürləri qaçqınlıqda çürümüş qohumlarım gözümün qabağına gəldilər.
= = = = = = =
(İradə Tuncayla ortaq dostumuz Vugar Abbasovun “Maraqlıdır, davamı gəlsin. Rasim Müzəffərlinin də xətri əziz olsun, onun xətrinə ardı olur, biz də oxuyuruq” şərhinə cavab olaraq) Yəqin ki, burada "Rasim Müzəffərli", siz də daxil olmaqla, əsəri diqqətlə və duyğusal oxuyanların ümumiləşdirilmiş simasıdır. Odur ki, sizin də xətriniz əziz olsun.
= = = = = = =
Əvvəl axırına baxdım, "xətrinə" sətrini görüb toxtadım və ləzzətlə oxudum... Aqil Abbas çox müdrik kişidir. Allah qorusun. Salam-dualar... Oxuduqca, əsərin personajları mənə daha da doğmalaşırlar, xüsusən də Şakir kişi. Bir neçə gündür ki, tanış olmuşuq, amma elə bil ki, uşaqlıqdan tanıyıram... Məşədinin qələminə də, canına da, qəlbinə də Allah qüvvət versin. 
= = = = = = =
Həə, bu dəfə bütün parça boyunca üzüm güldü oxuduqca. Yaxşı insanlar biz hesab etdiyimizdən çoxdur... Pula görə Şakirin əvəzinə sevindim. İcrada işləyən köhnə bir tanışımın səliqəli və zırramasayaq görkəmi gəldi durdu gözümün qabağında. Qolbasanın da iyi dəydi burnuma... Axırıncı hissədə "xətrinə" olmayacağını fikirləşib biraz dilxor oldum... Kitab halına düşəndə, gərək təqdimatına mütləq məni də çağırasınız. Müəllifə salam-dualarımı yetirin, lütfən.
= = = = = = =
Şakir mənə yaman doğmalaşıb, elə bil ki, uzun illərdir onu tanıyıram. Onun üçün çox nigaranam, dua edirəm ki, bu əsərdən sağ-salamat çıxsın...
(Bacım Sevda Nabiyevanın “deyəsən, tay nigaran döyülsən, tələsik açıb baxmırsan "xatirinə"” şərhinə cavab olaraq:) 
Naşir həmkarımdan - zənn edirəm "xatirinə" onun qələmindən çıxır - nigaran deyiləm, məni axıracan sədaqətlə "yaşadacağına" artıq əminəm. Amma yazıçıdan şübhələnirəm, çünki yazıçı candildən qəhrəmanını sevdirməyə çalışırsa, bil ki, "qatil" olmağa hazırlaşır.
= = = = = = =
İlk növbədə "Ardı olacağ"ı oxudum. Ona görə yox ki, "xatirinə" ifadəsini görüb şeşəllənim (yəni, forslanım), ona görə ki, bilim ki, hələ son deyil, hələ ardı var. İstəmirəm bu əsər bitsin, vAllah, istəmirəm. İstəyirəm, azı Zəfər gününə qədər davam etsin... 
= = = = = = =
Yaxşı ki, müəllifin xəyalı arada Zəfər dövrünə baş çəkir, bununla həm özünə, həm də bizə təskinlik verməyə çalışır. Amma qarmon da getdi... nigaranlıq artır... Bilmirəm, nəsə yaman kədərləndim. Yəqin, həm Şakirin dünyada özünə yer tapa bilmədiyinə görə, həm də əsərin sonuna az qaldığına görə. Allah xeyrə calasın... 
= = = = = = =
Sonuncudan əvvəlki olan 14-cü hissənin axırında “Ardı olacaq. Özü də Rasim Müzəffərlinin xətrinə” sözlərindən sonra müəllifin “Rasim müəllim, bir-iki günə Sizi və oxucuları nigarançılıqdan qutaracam” qeyd etməsi Şakirin sağ qalacağına ümid doğurdu...
 

(Ardı olacaq. Yəqin, bilirsiniz kimin xətrinə)