06 Avqust 2024 13:35
601
MEDİA

“Yeni Müsavat” oxuculardan üzr istədi: Pulsuz təqdim olunacaq

“Yeni Müsavat”ın N:137, (8510)sayında ciddi yanlışlığa yol verilib. Belə ki, qəzetin həmin sayı əvəzinə N:136(8509) tarixli şənbə sayı yenidən dərc edilərək köşklərə paylanıb.

Adalet.az-ın məlumatına görə, “Yeni Müsavat” Media Qrupunun rəhbərliyi təcili toplantı keçirərək bu kobud səhvdə məsuliyyəti olanları araşdırıb.

Bəlli olub ki, ənənəvi olaraq PDF variantını mətbəəyə göndərən dizayner məzuniyyətdə olduğu üçün onu köməkçisi əvəz edib və məhz onun səhlənkarlığı səbəbindən qəzetin köhnə PDF variantı yenidən nəşrə göndərilib.

“Nəşriyyatda “Yeni Müsavat”ın dərcinə nəzarət edən əməkdaş isə yanlışlığın yalnız tarixlə bağlı olduğunu zənn edərək, tarixi düzəltməklə işini bitmiş hesab edib. Nəticədə ortaya belə üzücü mənzərə çıxıb”.

“Yeni Müsavat” Media Qrupunun rəhbərliyi bildirir ki, ciddi səhvə yol vermiş iki əməkdaşa şiddətli töhmət elan edib. Qərara alınıb ki, N:137, (8510)sayı yenidən dərc edilsin.

““Yeni Müsavat” Media Qrupu bu ciddi yanlışlığa görə oxuculardan üzr istəyir. Bildiririk ki, sabah (7 avqust) köşklərə yaxınlaşan hər bir oxucuya qəzetin həmin sayı pulsuz təqdim ediləcək”.