"Yurt hasreti" İstanbulda çap olundu
Hər bir yaradıcı insanın, xüsusi ilə söz adamının həyatındakı önəmli hadisələr içərsində önə çıxan məqamlardan bəlkə də ən birincisi daha çox oxucu təması, daha böyük corafi məkanda tanınmaqdı. Bu mənada əgər şair və yaxud yazıçı doğulduğu məkanın sərhədlərini öz sözü ilə aşırsa , demək o öz məsuliyyətini də artırmış olur. Bir az da dəqiq ifadə etsəm, bu artıq müəllifin dünyaviliyə doğru addımlaması, aid olduğu xalqın, onun ədəbiyyatının təbliği istiqamətində uğurlu gedişi deməkdir.
Bu bir tarixi gerçəklikdir ki, ölkəmiz müstəqillik əldə etdikdən sonra yaradıcı insanların böyük dünyaya çıxışı da asanlaşdı...Qarşılıqlı əlaqələr, internet təmasları və digər mövcud variantlar şair və yazıçılarımızın əsərlərinin başqa dillərə çevrildilməsində , eləcə də xarici ədəbiyyatın ana dilimizdə yayılmasında müstəsna rol oynadı və bu gündə həmin proses davam etdirilir.
Azərbaycan oxucusunun imzasını, sözünü və sahibi olduğu "Yada düşdü" dərgisini də yaxşı tanıdığı Nəzakət Məmmədli bu günlərdə yeni uğura imza atıb.Belə ki, onun İstanbulda dəyərlimiz İmdat Avşarın çevirməsində "Yurt hasreti" adlı kitabı işıq üzü görüb. Çox orjinal bir dizayna malik olan bu kitabda azərbaycan oxucusunun, o cümlədən də elə mənim də artıq ölkə mətbuatında , həmçinin Nəzakət xanımın Bakıda çap olunmuş kitablarında oxuyub bəyəndiyimiz şeirlər yer alıb. Yaradıcılığında Vətən, Torpaq, Yurd, Ana, Şəhid, Əsgər mövzularına həmişə böyük yer ayıran, bu mövzularda bir- birindən maraqlı şeirlər yazan Nəzakət Məmmədlinin bu kitabı da İmdat Avşarın peşəkar çevirməçiliyi diqqətimi özünə çəkdi. Belə ki, İmdat Avşar müəllifin təkcə fikirlərini deyil, onun hisslərini də qardaş məmləkətin oxucularına çatdırmaq kimi zəruri bir işin öhtəsindən uğurla gələ bilmişdi.
Bu fikri ona görə xüsusi vurğulayıram ki, mükəmməl çevirmə müəllifi oxucuya olduğu kimi, orjinal kimi təqdim edir. Və elə "Yurd hasreti"-de bu qəbildən olduğu üçün yəqinki, artıq qardaş məmləkətdə də öz oxucusunu tapıb.
Mən kitabdakı şeirlərin , demək olar ki, hamısını türkiyə türkcəsinə çevrilmiş formada təkrar oxudum.Onlar barəsində zamanında yazdığım oxucu düşüncələrimdə yanılmadığımla bir daha razılaşdım.Və bu razı qaldığım istəklə də Nəzakət xanım Məmmıdlini təbrik edir, ona geniş corafiyalarda yeni uğurlar arzu edirəm.Və bir də həm Nəzakət xanıma, həm də bütün yazarlarımıza YURD HƏSRƏTİNDƏN deyil,Yurd ATƏŞFƏŞANLIĞINDAN, ZƏFƏRİNDƏN, VÜSALINDAN kitablar yazmağı arzu edirəm.