GÖRKƏMLİ JURNALİST, AĞAYANA İNSAN...

MƏZAHİR ƏHMƏDZADƏ
35347 | 2018-11-28 09:02

Müəllifdən: Özünün həyat kredosu ilə nümunəvi şəxsiyyət ucalığına yüksələn məşhur jurnalist Sadıq Qarayevin ömür yolu, təəssüf ki, vaxtsız və qəfil qırılıb. Görkəmli jurnalist Sadıq Qarayev xüsusilə ötən əsrin 70-80-ci illərində Azərbaycan mətbuatının ən çox oxunan və nüfuzlu nümayəndələrindən biri olub. Bu il Sadıq Qarayevin 85 illiyidir. Mən bu yazını görkəmli jurnalistin 75-ci ildönümü ərəfəsində qələmə almışdım. Xatırladıram ki, Sadıq Qarayev 1973-cü ildən ömrünün sonunadək - 1990-cı ilin mart ayına kimi jurnalist olaraq yalnız "Kommunist" qəzetində çalışmışdır. Ölkənin nüfuzlu nəşrlərindən biri olan "Xalq qəzeti" məhz o vaxtlardakı həmin o "Kommunist" qəzetinin bazasında qurulub...

***

Peşəkar jurnalist üçün həmişə bir örnək, güvənc yeri olur. Bu, mənim üçün ilk olaraq doğma fakültəm, sevimli müəllimlərin timsalında formalaşıb. Sonralarsa tanınmış jurnalistlər, gözəl qələm sahibləri...
Bizlər sovet dövründə təhsil alıb yetişən, kimimiz radio-televiziyada, kimimiz də qəzet-jurnallarda çalışıb bu günlərə qədər gəlib çıxan bir nəslin nümayəndələriyik. O vaxtlar yerli mətbuat adlanan rayon qəzetlərinin də hörməti, məsuliyyəti az deyildi. Mən çoxları üçün əlçatmaz sayılan komsomol işindən çox çətinliklə əsas ixtisasım olan qəzetə keçmişdim. Sovet dövrünün ağır və məşəqqətli rayon qəzeti fəaliyyətimiz, başqa bir tərəfdən bizə ruh verirdi, gələcək arzularımıza bünövrə yaradırdı. Əslində bu, konkret bir arzu idi: mərkəzi qəzetlərdə çalışmaq. Ən böyük arzu isə zona müxbiri, yəni "Kommunist", "Bak.raboçiy", "Sovet kəndi", "Azərbaycan gəncləri" kimi adlı-sanlı qəzetlərin xüsusi müxbiri olmaq. Bunun nə qədər çətin və əlçatmaz olduğunu bilə-bilə məqsədə yetmək üçün oxuyur, çalışır, ümidlərlə yaşayırdıq. O vaxtlar ispolkom müavini, hətta ispolkom sədri olmaq, raykomun 3-cü, 2-ci katibi vəzifələrinə yetişmək "Kommunist" qəzetində xüsusi müxbir səviyyəsinə çamaqdan çox asan görünürdü və həqiqətən də belə idi.
Mən bayaq örnək və pərəstişdən söz saldım. Müşahidə etdiyimiz, hərdən görüşə bilib msləhətlər aldığımız məşhur jurnalistlərə həm də yaxşı mənada qibtə və həsrətlə baxırdıq. Onlardan biri də Azərbaycan mətbuatında öz adı, öz dəst-xətti, öz həyat tərzi ilə seçilib tanınan Sadıq Qarayev idi. O vaxtlar Azərbaycan mətbuatında 5-6 nəfər ən məşhurlardan biri olmaq böyük şərəf idi, şan-şöhrət idi. Bu şan-şöhrət, məşhurluq heç də qəfil peyda olmurdu, şahlıq quşu kimi göydən düşmürdü. Yuxusuz gecələrin, müntəzəm oxumağın, minbir əziyyətə tablaşaraq çalışmağın və ən əsası şəxsi ləyaqətin hesabına başa gəlirdi. Xüsusi müxbir vəzifəsini indi bir çox hallardakı kimi itisasca baytar olan baş redaktorlar paylamırdı. Bəzən heç qəzet redaktorunun da sözü keçmirdi, gücü çatmırdı. Çünki xüsusi müxbir vəzifəsini Mərkəzi Komitənin bürosu təsdiq edirdi... Birincinin şəxsən tanıması şərtiylə.
İndi isə o məşhur jurnalistin, ağayana insanın, xüsusi müxbir Sadıq Qarayevin ömürlüyündən qısa söhbət açım, görün bu şərəfli yol həm də necə ciddi mərhələlərdən keçib.
Sadıq Qarayev 1933-cü ildə Ucar rayonunun Rəstəcə kəndində anadan olub. 1952-ci ildə orta məktəbi bitirib. 1956-cı ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin qiyabi şöbəsinə daxil olaraq 1962-ci ildə orada ali təhsilini başa vurub. 1953-cü ildən əmək fəaliyyətinə "Ucar pambıqçısı" qəzetində başlayıb. 1954-1970-ci illərdə "Kommunist" qəzetində müxtəlif vəzifələrdə çalışıb. 1970-72-ci illərdə Moskvada SSRİ KP MK-nın Ali Partiya Məktəbində təhsilini artırıb, 1972-73-cü illərdə  Azərbaycan KP Mərkəzi Komitəsində təlimatçı vəzifəsində işləyib. 1973-cü ildə "Kommunist" qəzetinin xüsusi müxbiri vəzifəsinə təyin olunaraq ömrünün sonunadək - 1990-cı ilin mart ayının 23-dək burada çalışıb. Sadıq müəllim dəfələrlə Azərbaycan SSR-i Ali Sovetinin Fəxri Fərmanları ilə təltif olunmuş, "Əmək igidliyinə görə" medalı və "Qızıl qələm" mükafatı almış, respublikanın Əməkdar jurnalisti fəxri adına layiq görülmüşdür.
Görürsünüzmü, əsl jurnalist olmaq, hətta əyalətdə bu missiyanı bacarıqla, ləyaqətlə yerinə yetirmək üçün necə də çətin və uzun bir yol keçmək lazım gəlirdi. Bunlar hələ harasıdır? Sən həm partiya mənafeyini uca tutmalı, həm dövlət, həm də xalq adamı olmalı, həm də bütün istiqamətlərdə ədalətin tərəfində dayanmalıydın. Sadıq müəllim də belə bir jurnalist, belə bir insan idi.
Onun "Kommunist"də dərc olunan yazıları əl-əl gəzirdi, böyük maraqla oxunurdu, hansı sahədən olur-olsun. Sadıq Qarayev imzalı məqalələr az qala jurnalistika dərsliyi və təcrübəsi təsiri bağışlayırdı.
Hədsiz dərəcədə xeyirxah və təmkinli yazar idi. Gənclərə həmişə qayğı ilə yanaşırdı. İstedadlı jurnalistlərə dəyərli məsləhətlər verməyi özünə borc bilirdi. Hətta bundan ötrü saatlarla vaxt ayırmağına da heyfislənməzdi. Nə qədər vacib işləri tökülüb yarımçıq qalsa da. Ümid bəslədiyi gənc jurnalistlərdən biri də mən idim. Onun dostluq etdiyi, münasibət saxladığı insanların əksəriyyəti sadə peşə sahibləri idi. Onlardan birinə - qohumum olan maşın ustasına demişdi ki, belə davam edərsə vaxt gələcək Məzahiri bütün respublikada əsl jurnalist kimi tanıyacaqlar...
Hərdən mənə tapşırıqlar da verərdi. "Kommunist"in yerlərdə oxucu görüşlərini təşkil edərkən mənim köməkliyimdən xüsusi razılıqla danışardı.
Yaradıcılığının ən müdrik vaxtlarında onun vətən sevgisi, xalq sevgisi, insan, dost sevgisi ilə dolu ürəyi müdhiş hadisəyə dözmədi. 20 Yanvar faciəsi Sadıq müəllimin qəlbini çox ağır yaraladı, bu nəcib insanı yaman yerdə haqladı.
Sadıq müəllimin yadigarları qaldı. Doğma balaları qədər sevdiyi publisistik yazıları, ağayanalığı...
Ailə üzvləri onu həmişə xoş xatirələrdə , fəxrlə xatırlayırlar. Həyat yoldaşı Dillər Universitetinin müəllimi olub. Böyük oğlu respublikanın prokurorluq orqanlarında məsul vəzifədə çalışır. Kiçik oğlu və qızları isə müxtəlif ali məktəblərdə müəllim işləyirlər.
Dövlətimiz bu görkəmli jurnalistin adını əbədiləşdirmişdir. Ucar şəhərindəki küçələrdən biri jurnalist Sadıq Qarayevin adını daşıyır.

TƏQVİM / ARXİV