40 yaşım olacağını düşünəndə başım gicəllənir - Cəlil Cavanşir yazır

CƏLİL CAVANŞİR
2585 | 2023-12-13 12:06

Həyat o qədər qısadır ki, dərindən düşünəndə hər şey mənasını itirir. İndi bu mənasızlığın içərisində xırda aldanışlar, oyunlar, yalanlar, mənasız təlaşlar vız gəlir mənə. Gülürəm. Həqiqətən gülürəm. Elə bilirəm hansısa komediyanın içindəyəm, gülürəm. Aldanmaqdan, atılmaqdan, yalandan qorxan adamlar var, onlara da gülürəm. Var-yoxsuna lənət, gülürəm. Gülüş də ömürü uzadır axı.

...Bir müəllim var, yekə bir roman yazıb, adını da qoyub "Hər kəs tək ölür". Həmin romanda deyir ki, "Bu həyatda heç nə boş yerə deyil." Bu arada roman əla romandı.

Bu xaotik yaşamın içində imkan verin sizi aldatsınlar, atsınlar, gözünüzün içinə yalan danışsınlar və bunu qazanc bilsinlər. Hər kəs öz yükünü daşıyır sahilə, hamı sağ qalmağa çalışır. Hamının dərdi dünyadır. Dünya da dərdli dünyadır. Amma "Hər kəs tək ölür, Quangel".

Bir neçə gün sonra 40 yaşım olacağını düşünəndə başım gicəllənir, ürəyim bulanır. Qorxuram bundan sonra həyatım bir 40 il də belə davam eləsin. Adam düşünəndə dəhşətə gəlir. Çünki bu meşənin sahibi qurdlardır, sən də uzaqbaşı ağıllı və müdrik bayquş.

Bir yəhudi müəllimim vardı, pessimist, melanxolik yazılar yazırdı. Onun bir sözünü heç unutmaram. Deyirdi ölümün olduğu dünyada daha ciddi nə ola bilər ki?

Doğrudan da, düşünəndə gülməyim tutur. Gülüş də tərs kimi ömrü uzadır.

  • Dekabr:
  • 6

TƏQVİM / ARXİV