9 qol… - Aydın Bağırov yazır

AYDIN BAĞIROV
3245 | 2023-03-28 13:09

Azərbaycan milli komandası tarixinin ən ağır dönəmini yaşayır.

Avro-2024-ün ilk 2 oyununda uduzmuş və 9 qol buraxmışıq.

Ətraflı

 

9 qol…

Qapımızdakı qol sayına görə seçmə mərhələnin 53 iştirakçısı arasında 2-ciyik. 1-ci yerdə Lixtenşteyndir (11 qol)…

Bu doqquz qol, necə deyərlər, həm də bizim futbol və idman sistemimizin “doqquzluğu”na vurulub. Yəni artıq yetər, bəsdi, tədbir görün.

Dərhal, təxirə salınmadan əvvəl Azərbaycan millisinin, sonra da AFFA-nın rəhbərliyi dəyişməlidir. Baş məşqçi Canni de Byazinin müqaviləsi təzminatı ödənilməklə olsa belə, ləğv edilməlidir. Nə vaxtsa İtaliyada, Albaniyada lokal uğurlu işi ola bilər. Amma bizdə olmur, alınmır, alınmadı. Yanlış oyunçu seçimləri, uğursuz taktiki düzülüşlər… Bu boyda rəsmi oyunlarda müdafiə xəttində o eksperiment qalmayıb ki, aparmasın. Bu da nəticəsi…

9 qol…

Mütəxəssislər narazı, media narazı, azarkeşlər narazı, hətta milinin üzvü olan futbolçular belə narazıdır. Komanda daxilində de Byaziyə inam, etimad, hörmət qalmayıb. Amma AFFA rəhbərliyi, daha dəqiqi, Elşad Nəsirov-Elxan Məmmədov cütlüyü, onlara sadəlövhcəsinə inanan Rövnəq Abdullayev saymazyana şəkildə italiyalının millidə qalması üçün bir neçə ay əvvəl hər şeyi etdilər. Yerli mütəxəssislərin hamsının üstündən xətt çəkib, hədəfə çatmayan nəticələrin olmadığı halda onunla müqaviləni artırdılar. 

Yerli mütəxəssis… 

Qurban Qurbanovu hələ bir kənara qoyaq. De Byazidən yaşca və təcrübəcə xeyli kiçik olan Ayxan Abbasovun məhdud maddi imkanlarla bir zamanlar, Sumqayıt, indi isə Tovuz futbolu üçün etdikləri fədakarlığa baxın, bir də Canni de Byazinin bacarıqsızlığına…

Amma AFFA təcrübədən bilə-bilə ki, legioner modeli Azərbaycan millisinə uyğun deyil, sanki hamının acığına italiyalını millidə saxladı. Nəticə nə oldu? Bəli, 2 oyuna buraxılan bu

9 qol…

Amma gedişat onu göstərir ki, bu, heç yekun da deyil… Milli oyun, məşqçi işi baxımından xaosun içindədir. Nə zamansa tuneldə bir işıq görünürdü, indi o da yoxdur.

Sönüb. 

Söndürüblər…

 

TƏQVİM / ARXİV