Uzundərəni keçib Ağdam şəhərinin ərazisinə giririk. Bazar günü olmasına baxmayaraq Ağdamda tikinti işləri adi günlərdəki kimi gedir. Sürətlə!
Bütün tikilmiş yaxud , yarım tikililərin arasında möhtəşəm bir bina diqqətimi cəlb elədi. Maya xanımdan xahiş etdim ki, maşını ora sürsün, görüm o nəyin binasıdır. Şəhərin mərkəzində yerləşən bu bina "Aghdam City Hotel" imiş. Görünüşü ilə adamı valeh edən bu "ağ saray" artıq ötən ilin sentyabrından fəaliyyətə başlayıb.
Öyrəndik ki, ən müasir standartlara cavab verən 5 mərtəbəli hotel binası 130 otaqdan ibarətdir, otelin bir restoran və bir barı var.
Otelin direktoru Murat Kodan da otelin açılış mərasimində hoteldə fiziki məhdudiyyətli qonaqlar üçün xüsusi dizayn edilmiş 4 otaq da mövcud olduğunu, həmçinin qonaqların sağlamlıq və istirahətini təmin etmək məqsədilə fitnes və SPA mərkəzləri də yaradıldığını bildirib.
Amma şəhərin giriş hissəsinə eyni zamanda mərkəzinə yaxın olan ərazidə bu oteldən daha möhtəşəmi digər bir otel də tikilir. Deməli adı “Hilton Garden İnn” olan bu hotel 2,16 hektar sahədə yerləşir.
Layihəsi başqa otellərə bənzəməyən “Hilton Garden İnn” hotel 2, 6 və 7 mərtəbəli 3 bloklu binadan, 127 otaqdan ibarətdir. Təbii ki, bu da "Aghdam City Hotel" kimi ən müasir standartlara cavab verəcək. Birinci mərtəbə foye və gözləmə zonasından ibarətdir.
Hoteldə müxtəlif tədbirlərin keçirilməsi üçün konfrans və iclas zalları, restoran, banket zalları qonaqların həm yüksək səviyyədə qidalanmalarına, həm də asudə vaxtlarını keçirmələrinə geniş imkanlar yaradır.
Düzdür, hələ 2022-ci ildə eşitmişdim ki, Ağdamda bir dənə də “Park Forest Otel Ağdam” mehmanxanası tikilir. Hətta fevralın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Ağdam şəhərində inşa olunacaq “Park Forest Otel Ağdam” mehmanxanasının təməlinin qoyulması mərasimində iştirak etdilər.
Deməli , 2,16 hektar ərazidə inşa edilən bu kompleks 110 nömrədən ibarət olacaq. Dəqiqləşdirə bilmədim ki, o şəhərin hansı tərəfində yerləşəcək.Azərbaycanda turizmin inkişafı istiqamətində böyük işlər görülsə də, ölkəmizin ən böyük turizm potensialına malik Qarabağ bölgəsi, Ağdam diqqətdən kənarda qalmamalıdır. Tikililərin bir çoxu tam başa çatmadığı üçün turizmin inkişafına aiddaha başqa binaların tikildiyindən xəbərim olmadı.
Ağdam şəhərinin içərisində bir şəhərcik var ki, onu çoxdan görmək arzusundaydım. Bəli, Park Hill MTK Ağdam şəhərində inşa etdiyi “Park Qarabağ” yaşayış kompleksindən danışıram. Adam özünü burda, lap Moskvadakı kimi hiss edir. Çünki xarabalıqların arasında abad bir şəhərcik gözümüzü güldürür, sevindirir...
Tikinti o qədər sürətlə və keyfiyyətlə aparılır ki, lüks mənzillərin satışa başladığı artıq 2 ildir.
Satlığa çıxan yaşayış kompleksində 45 ədəd 1 otaq studio tipli, 108 ədəd 2 otaqlı, 48 ədəd 3 otaqlı və 8 ədəd 4 otaqlı olmaqla, ümumilikdə 209 mənzilvar və hələ 2023-cü ildə deyilirdi ki, Rezidens kompleksində mənzillərin satışı başlayıb və tam təmirli mənzillərin 1 kvadrat metrinin qiyməti 1450 manatdan başlayır.
Haqq üçünə şəhər içərisindəki şəhərcikdə hər şey yüksək səviyyədə düşünülmüşdü. Hətta uşaqların istirahəti üçün oyun meydançası da hazır idi. Elə telefonumu əlimə alıb çəkmək istəyirdim ki, qəflətən bir “axrana” peyda olub, xəbərdar etdi ki, burda şəkil çəkmək qadağandır. Axı niyə? Bura hərbi baza deyil, nüvə stansiyası deyil, sadəcə bir şəhərcikdir , niyə çəkmiyək ki, 30 il arzumuz olub ki, Ağdamda olaq, Ağdamın xoş günlərini xatirə edək.
“Axrana” (özünün sözüdür) dedi, olmaz ki, olmaz! Bu dəfə buradan ev alacağım yalanını uydurub ərazidə 5-10 dəqiqə qalmaq istədim. O mənim bu xəyalımı da yerlə yeksan etdi. Dedi ki, havayı yerə əziyyət çəkməyin, bütün mənzillər alınıb, bir dənə də boş mənzil qalmayıb.
Nəzərdə tutulub ki, Ağdam Sənaye Parkında bu ilin iyun ayında “Tabaterra” MMC-yə məxsus tütün məmulatlarının istehsalı fabriki fəaliyyətə başlayacaq. Odur ki, Ağdam Rezidens kompleksində 208 mənzil “Tabaterra” MMC tərəfindən alınıb. Yəni, belə çıxır ki, fabrik gələcək işçilərinin qayğısına qalaraq mənzilləri onlar üçün alıb. Sizin üçün də maraqlı olar deyə deyirəm: Bu tütün fabriki Ağdam Sənaye Parkının 5 hektar ərazisində yaradılır. Deyilənə görə, fabrikin fəaliyyətə başlaması yerli əhalinin işlə təmin olunmasında mühüm rol oynayacaq. Ümumilikdə 70 milyon manat təşkil edən investisiya layihəsi çərçivəsində 300 nəfər daimi işlə təmin ediləcək.
Uzun sözün qısası, “axrana” bizi zor-xoş kompleksin həyətindən qovub çıxartdı. Bu yeniliyə gözdolusu baxa bilməməyimə çox kədərlənsəm də, ərazini tərk etdim. Amma ayrılmamışdan əvvəl bizi oradan “kürüyən”in haralı olduğunu da soruşdum . Dedi biləsuvarlıyam. Sağollaşıb ayrıldıq.
İndi də keçək vaxtı ilə köçkün olmuş ağdamlıların yurdlarında onlar üçün tikilən evlərin, binaların baxışına. Deməli, hələ 2023-cü ildə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyin baş məsləhətçisi Eldar Seyidov Ağdam yaşayış məhəllələrinin salınması barədə açıqlama vermişdi, Demişdi ki, Ağdam şəhərinin Baş planına əsasən əhalinin 70 faizi çoxmənzilli binalarda, 30 faizi isə fərdi evlərdə yaşayacaq. Böyük Qayıdışın ilkin mərhələsində yaşayış şəraiti məqbul olmayan keçmiş məcburi köçkünlərə üstünlük veriləcək və onlar dövlət tərəfindən tikilən evlərlə təmin olunacaqlar. Evlərin yüksək səviyyədə, dünya standartlarına uyğun tikilməsi üçün işlər hələ də davam edir.
Amma ki, gəzdiyimiz binaların heç birində yaşayış yox idi.Yəni, tam başa çatan, istifadəyə verilən bina yox idi. Yəqin ki, tez bir zamanda, Kəngərli, Sarıcalı camaatı kimi Ağdam şəhərinin sakinləri də öz yuvalarına dönəcəklər. Maşallah, Ağdamın torpağı Qarabağ ərazisində Kəlbəcərdən sonra ən böyük ərazi hesab olunur. Binaların yaxınlığında adam özünü Bakıdakı kimi hiss edir. Hündür, geniş otaqlı, həm də bir -birinə çox yaxın binalar ... Olsun!
Maya xanımın dəfələrlə gəzdiyi yerləri mən ilk dəfə görürdüm deyə o bələdçilik edirdi., Adama gəlib Cümə məscidini ziyarət etmədən getməyin böyük günah olduğunu da o vurğuladı.
Məlumdur ki, işğalçı Ermənistan ordusunun əsgərləri tərəfindən keşikçi-müşahidə məntəqəsi kimi isfadə edilən məscid tam dağılmasa da bir neçə dəfə yandırılıb və sonra tövlə kimi istifadə edilib. Qələbədən sonra - 2022-ci ilin martından məscidin bərpasına başlanılıb. 2024-cü ilin aprelində təhvil verilib.
Məscidin bərpası Heydər Əliyev Fondu, “PAŞA Holdinq” şirkətinin dəstəyi ilə aparılıb . Avstriyanın “Brugger&KO Restauratoren GmbH” şirkəti də cəlb olunmuşdu.
İkinci ən çox maraqlandığım tikili çörək muzeyi idi. Yenə də bədxah işğalçıların hücumundan sonra dünyada ikinci, MDB-də isə birinci və yeganə hesab edilən Ağdam Çörək Muzeyinin yerində xarabalıq mövcuddur. Bilirsiniz də ilk çörək muzeyi Almaniyanın Ulm şəhərində açılıb, sonra Ağdamda. Amma muzeyin bərpası ilə bağlı heç yerdə nə bir xəbərə rast gəldim, nə də layihə hazırladığını eşitdim. Doğrusu, bir ağdamlı olaraq, Ağdamda yenidən tikilməsini səbrsizliklə gözlədiyim tikililərdən biri məhz çörək muzeyidir.
Necə ki, 1983-cü ildən işğal dövrünə qədər bütün dünyanın diqqətini özünə çəlb etmişdi, indi də o çörək muzeyini Ağdamda hamı görmək istəyərdi...
Əbdürrəhim bəy Haqverdiyev adına Ağdam Dövlət Dram Teatrının xaraba binası da küskün -küskün boylanır . Çünki Ağdamlılar mədəni inkişafa böyük önəm veriblər .Hələ 1902-ci ildə Ağdamda teatr olub. 1904-cü ildə M.F. Axundovun "Sərgüzəşti-vəziri-xani-Lənkəran" və Ə.Haqverdiyevin "Dağılan tifaq" pyeslərinin tamaşaları ilə açılandan 4 il sonra Azərbaycanın paytaxtı Bakıda -Zeynəlabdin Tağıyev Teatrında 1908-ci ilin yanvarında ilk Azərbaycan milli operası Üzeyir Hacıbəyovun "Leyli və Məcnun"un premyerası olub.
Ağdamda 1923-cü ilə qədər kollektiv dram dərnəyi kimi ictimai əsaslarla fəaliyyət göstərib. 1923-cü ildən dərnəyə Ağdam Dövlət Dram Teatrı statusu verilib. Teatr işğala qədər uğurla fəaliyyət göstərib. Quzanlıda teatr binası tikilsə də hələlik Ağdamda bu haqda bir məlumata rastlamdıq.
.
Ağdamın məşhur 1 nömrəli tam orta məktəbində artıq son tamamlama işləri gedir. Çox güman ki bu il istifadəyə veriləcək. Araşdırmaçı jurnalist Orxan Zakiroğlunun məqalələrindən bilirik ki, 2023-cü ildə 140 yaşı tamam olacaq Ağdam şəhər 1 nömrəli orta məktəbin məzunları arasında 7 nəfər AMEA-nın həqiqi və müxbir üzvü çıxıb:Akademiklər Adilə xanım Namazova, Cəmil Quliyev, AMEA-nın müxbir üzvləri İdeal Nərimanov, Teymur Vəliyev, Xudu Məmmədov, atam Zakir Məmmədov, Rafiq Əliyev məktəbin AMEA-nın həqiqi və müxbir üzvü seçilmiş 7 nəfər məzunudur. Eyni zamanda yüzlərlə elmləri doktoru, elmlər namizədi, ədəbiyyat, mədəniyyət xadimləri bu təhsil ocağının məzunudur”.
Hələ ki, Ağdamı görməyən oxucularımıza bildirir ki, Qarabağ Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimli məktəb haqqında açıqlama verib. Deyib ki, təməli 2021-ci ildə qoyulan, ümumi sahəsi 4300 kvadratmetrdən çox olan yeni məktəb binası üç mərtəbəli olmaqla 960 şagird yerlikdir:” kitabxana, muzey, iki yeməkxana, fənn kabinetləri ilə yanaşı, fizika, kimya, biologiya laboratoriyaları, akt və idman zalları, həmçinin 8 STEAM otağı, tibb və inzibati otaqlar olacaq. Beləliklə, Ağdamda 3 məktəbin tikintisi başa çatmaq üzrədir”.
Uşaq bağçasız şəhər olar? Olmaz! Mənsimli deyir ki, 160 yerlik 1 nömrəli körpələr evi-uşaq bağçası körpələr evi-uşaq bağçasının tikintisinə 2023-cü ildə başlanılıb. Zirzəmi və iki mərtəbədən ibarət binanın ümumi sahəsi 2700 kvadratmetrdən çoxdur. Burada müxtəlif otaqlar, uşaqların təlim-tərbiyəsi üçün bütün zəruri şərait yaradılacaq”. Ümid edirik, əlavə uşaq baxçalarının və məktəblərin tikintisi ilə bağlı da oxucularımıza biz məlumat verəcəyik.
Ağdamla bağlı təəssüratlarım nə dəftərə, nə kitaba sığar! Ona görə də, təəssüratlarımın qalanını saxlayıram başqa vaxta. Hələ Ağdam yazım davam edəcək. Məni izləyin...
Əntiqə Rəşid