Anarla hər gün küçədə, televizorda, tədbirlərdə rastlaşdığımız üçün, həmişə yanımızda olduğu üçün onun böyüklüyünü, ucalığını bəlkə də hiss etmirik. Onu özümüzdən biri sayırıq, əslində elə Anar bizlərdən biridir, amma Anardır! Dağın yaxınlığında olanda onun ucalığını hiss eləmədiyimiz kimi, Anarın da yaxınlığında olanda onun ucaılığını hiss eləmirik.
Bir dəfə Əskişəhərdə Türk dövlətlərinin şair və yazıçılarının qurultayı keçirilirdi. Türk dünyasından gəlmiş xalq şairlərinin, yazıçılarının Dədə Qorquda çevrilmiş Anarın əllərindən öpməklərini (özü də Anar əlini çəkmək istəyirdi, amma qamarlayıb tuturdular Anarın əllərini) görəndə necə qürur hissi keçirdiyimi bəlkə də anlada bilmərəm.
Bu gün Anarı yalnız Cəfər Cabbarlı ilə müqayisə etmək olar. XX əsrin əvvəllərində Cəfər Cabbarlı ədəbiyyatımız üçün, incəsənətimiz üçün, teatrımız və mədəniyyətimiz üçün necə dayanmadan çalışırdısa bu missiya XX əsrin sonu və XXI əsrin əvvəlləri Anarın üzərinə düşüb. Və Anar bu missiyanı layiqincə yerinə yetirir və davam etdirir.
Anar Azərbaycanın pasportudur, özü də heç bir sərhəd tanımayan pasportu.
Bir dəfə «Sizsiz» əsəri çıxandan sonra mənim redaktorum olan orta səviyyəli bir yazıçı məni kabinetinə çağırıb dedi:
- Buna bax, atasından, anasından roman yazıb. İndi biz də atamızdan, anamızdan roman yazaq?
Seyran Səxavətin sözü olmasın, mən də söz gəldi özümü saxlaya bilmirəm, dedim:
- Müdir, sənin də atan Rəsul Rza, anan Nigar Rəfibəylidir? Sən də xan-bəy nəslisən?
Redaktor məni otağından qovdu:
- Ə, dur cəhənnəm ol burdan.
Mən də durdum cəhənnəm oldum.
Məni ədəbiyyata Anar gətirib. Üstümdə böyük haqqı var. Amma bir ara «Alatoran»çılara qəzetimizdə həftədə bir dəfə gen-bol yer verdiyimə, onlar da hər nömrələrində Anara zəhər tökdüklərinə görə məndən bərk incimişdi. Hətta Kamal Abdulla ilə ədəbiyyat söhbətində demişdi ki, mən bunun atasını tanıyıram, çox yaxşı ziyalıdı, yaxşı da kişidi, amma bu niyə belə edir, anlamıram.
Amma ürəyi genişdi, bir müddətdən sonra mənim günahımı bağışladı.
Vaqif Cəbrayılzadənin təbirincə desək, Anar min illərin gün işığıdı, nə qədər basdırmaq istəsən, yenə torpağın üstündə qalar.
Martın 14-də ədəbiyyatımızın Dədə Qorqudu Anarın 86 yaşı tamam oldu. Bu böyük insanı bu münasibətlə həm öz adımdan, həm də çoxminli oxucularımız adından ürəkdən təbrik edir, ona Allahın verdiyi qədər ömür arzulayıram.
Sonda. Anarın və xanımı Zemfira Səfərovanın Vətən, millət sevgisini əsrin əvvəllərində Mirzə Cəlilin və xanımı Həmidə bəyin (bilirsinizmi, Qarabağda mərdliyinə, cəsarətinə görə Həmidə Cavanşirə xanım yox, həmişə bəy deyə müraciət ediblər, mən də ona görə bəy yazdım) Vətən, millət sevgisi ilə və onların ailə müqəddəsliyi ilə müqayisə etmək olar.
Və lap sonda. Anardan bir anekdot.
İstanbulda kitab festivalındayıq. Otelin kafesində çay içirik, Anarın nəvəsi də yanındadı. Qonşu stolda Cənubi Azərbaycandan olan bir xanım oturub.
Diqqətlə Anara baxıb dedi:
- Mən sizi tanıyıram. Siz Ramiz Rövşənsiniz.
Hamımızı gülmək tutdu, xanım da gülməyimizə çaşdı.
Anar gülümsəyərək sakitcə dedi:
-Xanım, düz deyirsən, mən əvvəllər Ramiz Rövşən idim, amma indi Anaram.
Xanım bəlkə on dəfə üzr istədi.