DEDİM «ŞUŞA İLİ»NDƏ QARABAĞ TARİXİNİ BİR DƏ YADA SALAQ
Bu gündən başlayaraq Qarabağ tarixindən bəhs edən «Batmanqılınc» romanımdan müəyyən parçaları oxuculara yenidən çatdırıram. Bu da mənim «Şuşa ili»nə töhfəm olsun.
BATMANQILINC
Müəllifdən
Bayat adlı bir kənddə doğulmuşam. Bütün ulu babalarım da o kənddə doğulub və məzarları da kəndin qəbiristanlığındadı. Həmin qəbiristanlığın iki minmi, üç minmi yaşı var - dəqiq bilənlər oranın artıq torpağa çevrilmiş ilk sakinləridi.
Kəndimizdə bir qala vardı. Pənah xanın qalası deyərdilər. Və biz uşaqlıqda o qala divarlarının üstündə dava-dava oynayardıq. Bir gün əmilər həmin qalanı sökdülər, özü də elə təmiz, elə gözəl sökdülər ki, indi heç bir arxeoloq haçansa bu yerlərdə qala olduğunu sübut eləyə bilməz.
Qala söküləndə hamı tamaşasına yığılmışdı. Mən də nənəmin ətəyindən yapışıb baxırdım. Bir də gördüm ki, Əsmət nənəm göz yaşları içərisində qalanı sökənləri lənətləyir:
- Bu qalanı niyə sökürsüz, ay bala? Onu sizin babalar tikmişdi axı? Onların ruhundan qorxun. Bu qala Qacara can verməyən qalaydı! Ay sizin əliniz qurusun!
Qacara can verməyən qalanın canını Pənah xanın öz yadıcıları (nəvələri yox, nəticələri yox, kötücələri yox, iticələri yox, yadıcıları - məhz yadıcıları) elə gözəl aldılar ki!
Biz uşaq idik, o qalanı kim tikmişdi və niyə tikmişdi - vecimizə deyildi, bizə dava-dava oynamağa bir yer lazım idi və biz də dava-dava oynamağa başqa bir yer də tapdıq. Amma Əsmət nənəm ki, hərdən gedərdi o qalanı dolaşardı, üzünü daşlara sürtüb ağı deyərdi, daha üzünü sürtməyə yer tapmadı. Və günlərin birində nənəm elə o qalanı sökənlərə qarğış tökə-tökə də bu qalanı sökənlərin dünyasından köçdü getdi o qalanı tikənlərin dünyasına.
Böyüdükcə qalanın xarabalıqları doğmalaşırdı və günlərin birində qəflətən mənə elə gəldi ki, o qalanı mən tikmişdim.
Hər şey yadıma düşür, amma qırıq-qırıq. Qalanın tikintisi də, həmin qalanın bürcündən Hacı Çələbinin qoşununa ox atmağım da, Pənah xan da, İbrahim xan da, Məmməd bəy Cavanşir Batmanqılınc da! Hamısı düşür yadıma, Qacarın ucsuz-bucaqsız qoşunu da! Atların dəli kişnərtiləri qulağımdadı. Kəndimizin üstündə Məmməd bəy Batmanqılıncla Qacarın son və qəti döyüşünü də xatırlayıram. Mən həmin döyüşdə atın altında qalmışdım, qılınc sağ çiynimi parçalamışdı, buğlana-buğlana axan qanımın ətrindən yavaş-yavaş uyuyurdum. Hamısı düşür yadıma - amma qırıq-qırıq, təkcə harda öldüyümdən savayı. Bir qızıl ox uçurdu mənə sarı -o da yadımdadı, sonrası yadımda deyil. Bir də o yadımdadı ki, sinəmə nə isə dəydi. Nə?! Bilmirəm. Amma ağrısını indi də hiss eləyirəm.
Bir gün özümə söz verdim ki, yadıma düşənləri yazım, nə qədər çalışdım,bir muncuq boyu düzə bilmədim. Bu nə tarixdi, nə də nağıl! Yadıma düşənlərdi. Necə yadıma düşürdüsə - qırıq-qırıq, eləcə də yazdım - qırıq-qırıq.
Özüm tikdiyim qalanı, özüm qoruyub saxlaya bilmədim, hətta özüm uçurtdum.
Heç olmasa mənimlə çiyin-çiyinə o qalanı tikənlərin, çataq-çataq bağlanıb diri-diri Qacarın atlılarının ayağı altına döşədilmiş və üstlərindən minlərlə at keçdikdən sonra torpağa qarışmış qardaşlarımın, başı nizəyə keçirilmiş Vəli ağanın, xaincəsinə qıyma-qıyma doğranmış Məmməd bəy Cavanşir Batmanqılıncın və daha kimlərin adlarını yaşatmaq istədim. Bəlkə, kim bilir, onda qalanı tikən mən, qalanı sökən məni bağışladı.
Bəlkə, hansı nəsildəsə, kötücələrin övladları ulu babalarına oğul oldular - yadıca yox!
***
(Yusif Vəzir Çəmənzəminlinin ruhuna)
Üzbəüz dayanmış minlərlə at qəzəbindən fınxıra-fınxıra brunlarından od püskürür, dırnaqlarıyla torpağı cırmaqlayır, cilov gəmirərək yernən-göynənə əlləşirdi. İgidlər bu qəzəblənmiş atların başını buraxmaq üçün bir himə bənd idilər. Qılınclar sıyrılmışdı və baş kəsməkdən ötrü ölürdü. İnsanların içindəki kin-küdurət püskürüb çıxmışdı üz-gözlərinə və sir-sifətlərində bircə damcı da insaf deyilən şey qalmamışdı, adam sifətindən çıxmışdılar, yaralı ac qurdlar kimi qana yerikləyirdilər və həmin qan qaynamağa başladığından damarlara sığmırdı. Bu qaynayan qan igidləri cuşa gətirib daha cəsarətli, qorxmaz edirdi, amma elələri də vardı ki, qanı qaynadıqca bənizləri solur, gözlərində işıq öləziyib itir, əl-ayaqları əsirdi - bir sözlə, onlar döyüşsüz-filansız ölmüşdülər.
Cilov gəmirməkdən ənglərindən qan axan atlardan biri var gücü ilə kişnədi. Elə bil minlərlə at bu dəli kişnərtini gözləyirmiş - verdilər səs-səsə. Bu dəhşətli kişnərtidən səksənən ağaclar qurudu, otlar qurudu, quşlar qanad saldı, torpağın bağrı yarıldı.
Bu kişnərti bayaqdan gözlənən him oldu - atların başını buraxdılar. Hər iki düşmən eyni göyü, eyni tanrını, eyni peyğəmbəri, eyni torpağı köməyə çağırıb zor verdi qılınca.
Atların çıxardıqları səs daha kişnərti deyil, dəhşətə gəlmiş heyvan nəriltiləriydi, insandan da betər vəhşiləşmişdilər qabaqlarına keçən canlı hər nə vardı didib-parçalayırdılar. Yerdən fışqıran qan göy üzünü qıpqırmızı eləmişdi və göydən də yağış əvəzinə qan yağırdı. Qılınclar ömürlərində belə kef görməmişdi- kəsirdilər, doğruyurdular, deşik-deşik eləyirdilər. Kəsilənlər, doğrananlar atların ayaqları altında qalıb parça-parça olur, can verməkdə olanlar ölənlərə həsədlə baxırdılar. Qəfildən ölüb bu dəhşəti görməyənlər dünyanın ən xoşbəxtləriydi. Sağ qalanlar üçünsə hər şey yuxu kimiydi, ölüm o qədər adiləşmişdi ki, daha onun işgəncəli qorxusu ilə deyil, daha çox öldürmək eşqiylə çarpışırdılar. Tanrı yox idi, əgər vardısa da insanın önündə cılızlaşmışdı. İnsanlar onun iradəsindən kənardaydılar.
Analar Tanrıya üz tutub diz çökmüşdülər, bacılar, gəlinlər diz çökmüşdülər, dünya diz çökmüşdü. Tanrı isə yox idi. Vardısa da kar idi, kor idi...
Bu qırğını heç kim, heç kim, heç bir bəndə, heç bir tanrı saxlaya bilməzdi, təkcə uca bir təpənin üstə çıxıb acı qəhqəhələrlə bu qırğını müşayiət eləyəndən başqa. Tanrı o idi, o idi yer üzünün əşrəfi - qəhqəhə çəkirdi. Allahlıq eşqinə düşmüşdü. Allahlıq eşqinə düşmüş bəndənin də allahlığı elə belə olmalıydı - ona görə dünya kəllə-mayallaq dayanmışdı.
Bir göyün altında bir anadan doğulanlar, bir kişinin belindən gələnlər idi bu bir-birlərinin qanına yerikləyənlər, qırıb-qırılanlar. Qardaş qardaşı qılınclayırdı, qardaş qardaş balasını ləzzətlə nizəyə keçirirdi, doğulduğu odaya od vururdu.
***
... Dünyaya bir qatı zülmət çökmüşdü və bu qatı zülmət ucsuz-bucaqsız çöllərə səpələnmiş insan və at cəsədlərini görünməz eləmişdi. Hardansa qan iyinə bir sürü Qurd gəlmişdi və cəsədlərin arasında dolaşırdılar. Dolaşa-dolaşa buğlanan qanı iyləyirdilər, iylədilər, iylədilər və başladılar üzlərini Tanrıya tutub uzun-uzadı ulamağa...
Tanrı isə yox idi, vardısa da kar idi, kor idi...