adalet.az header logo
  • Bakı -°C

Aqil ABBAS: BİR DAHA RAHİB MƏMMƏDOV HAQQINDA

AQİL ABBAS
62575 | 2020-07-23 18:00
A- A+

Axar.az saytında Elməddin Behbudun Rahib Məmmədova həsr olunmuş bir məqaləsini oxudum və çox sevindim. Deməli, qəhrəmanlar doğrudan da unudulmur.

Rahib Məmmədov kimdir? 1967-ci ildə Ağdam rayonunun Mahrızlı kəndində doğulub. Gürcüstanda hərbi xidmət keçib. 1987-ci ilin fevral ayının 1-2-də Gürcüstanda çox böyük təbii faciə baş verdi. Sel ölkənin bir çox kəndlərini demək olar ki, sildi. Həmin vaxt 20 yaşlı Rahib özünü ölümün gözünə atıb öz BTR-iylə insanları xilas etmək üçün təbii fəlakətlə çarpışdı. Rəsmi məlumata görə, 28 nəfəri ölümdən xilas elədi.

Şəxsən özümün həmin hadisənin şahidləri və xilas olanlarla söhbətim zamanı bildirdilər ki, bu qəhrəman azərbaycanlı balası 40-dan çox gürcünü ölümün pəncəsindən qoparıb.

Rahibin qəhrəmanlığı haqqında həmin zaman respublika mətbuatında ilk yazanlardan biriyəm. «Sovet kəndi» qəzetində şöbə müdiri işləyirdim.

İki xatirə.

Doğulduğu Mahrızlı kəndində oxuduğu məktəbin önündə abidəsi açılırdı. Rayon ictimaiyyəti, Bakıdan gəlmiş qonaqlar, ölkəmizin mərkəzi mətbuatının bir neçə jurnalisti də açılışda iştirak edirdi.



Gürcüstandan da həm nümayəndə heyəti gəlmişdi, həm də xilas etdiyi insanlar. Heç vaxt yadımdan çıxmaz, indi bu yazını yazanda da həmin hadisə gözümün qabağına gəldi, tüklərim dikən-dikən oldu. Abidənin üzərindəki örpəyi götürən zaman Rahibin xilas elədiyi 13 yaşlı bir gürcü qızı bağıraraq abidəni qucaqladı və ürəyi getdi. Orda olan gürcü analarının abidəni qucaqlayıb necə ağladıqları yadımdan çıxmaz.

İkinci xatirə.

Görkəmli yazıçı, professor Kamal Abdulla həmin hadisədən sonra Rahibin oxuduğu məktəbə görüşə getmişdi. Artıq Dağlıq Qarabağda hadisələr başlamışdı.

Kamal müəllim sual verir ki, siz də Rahib Məmmədovun qəhrəmanlığını təkrar edərsinizmi? Təbii ki, bütün şagirdlər «hə» cavabı verir.

Və birdən professor deyir:

- Əgər ölən ermənidisə?

Hamı susur. Birdən bir şagird qalxır ayağa və deyir:

- Mən xilas edərdim.

- Niyə?

- Müəllim, insan öləndə onun milləti olmur. Mən bir insanı xilas edərdim.

Biz bu qədər böyük millətik.



O vaxt gürcülər çox çalışdı ki, Rahib Məmmədova Sovet İttifaqı Qəhrəmanı adı verilsin. Amma SSRİ Ali Soveti Rahibə qəhrəman adı vermədi. Çünki azərbaycanlıydı, başqa millətdən olsaydı verərdi. «Qızıl ulduz» ordeni ilə kifayətləndi.

Mən demək olar ki, ayda azı iki dəfə Rahib Məmmədovun abidəsinin önündən keçirəm. Və hərdən dostlarımla birgə düşüb abidəni ziyarət edirik, bəzən də gül qoyuruq.

O məktəbdə oxuyan nə qədər uşaq sonralar Qarabağ müharibəsində döyüşə atıldılar, Rahibin qəhrəmanlığını təkrar elədilər və neçəsi də şəhid oldu. Çünki onlar bu qəhrəmanlıq dastanını Rahib Məmmədovdan öyrənmişdilər.

Belə bir gündə Rahib Məmmədovu yada salan Elməddin Behbuda və Axar.az saytına təşəkkür edirəm.

Doğrudan da, qəhrəmanlar unudulmur! Gürcülər unutsa da belə!

  • Noyabr:
  • 28

TƏQVİM / ARXİV