adalet.az header logo
  • Bakı -°C

Aqil ABBAS: QORXURAM ERMƏNİLƏR DEYƏ Kİ, ŞUŞANI DA BİZ TİKMİŞİK

AQİL ABBAS
107297 | 2020-06-10 17:41
A- A+

Bu il Pənahəli xan Cavanşirin (Çingiz xanın nəvəsi Hülakü xanın nəslindəndir) Şuşa şəhərinin özülünü qoymasından 270 il keçir. Yəni kəsəsi, Şuşa şəhərinin 270 illiyidi. Artıq ilin altı ayı keçir, amma hələ ki bu şəhərin 270 illiyinin tamam olması ilə bağlı nə hökumətdən, nə Tarix İnstitutundan , nə də Mədəniyyət Nazirliyindən bir səs yoxdu.

İki il bundan əvvəl 2018-ci ildə Qarabağ xanlığının yaranmasının 270 illiyi idi. Onda da özümüzü elə apardıq ki, elə bil heç Qarabağ adında bir xanlıq olmayıb. Tarix İnstitutu Allahın bir konfransını da keçirmədi. Amma həmin il ermənilər Xankəndi şəhərinin adının dəyişdirilib Stepanakert qoyulmasının 95 illiyini böyük bir təntənə ilə qeyd elədilər, dünyanın hər yerindən də nümayəndələr iştirak elədi. Biz isə Qarabağ xanlığının 270 illiyi ilə bağlı susduq.

Həmin vaxt bununla bağlı həm mətbuatda çıxış elədim, həm də Parlamentdə. Amma kimə deyirsən, nəyi deyirsən və niyə deyirsən?.. Quyuya atılan daş…

Niyəsini ha axtarıram, tapa bilmirəm.

Pənah xan Cavanşir indiki Ağcabədi rayonunun Bayat kəndindəndir. Vaxtilə mərkəzi Gəncədə yerləşən Qarabağ bəylər bəyi İbrahimxəlil Ağanın nəticəsidi. Və 1848-ci ildə də Bayatda Qarabağ xanlığının əsasını qoyub. Və tarixdə ilk dəfə analoqu olmayan Bayat qalasını tikib. Analoqu da ona görə yox idi ki, bütün qala bir kərpicdən ibarət idi, indiki dillə desək, monolit. Ona görə də bu qalanı heç cürə tutmaq mümkün deyildi. Qarabağ xanlığı yarananda Azərbaycanın digər xanları Şəki xanı Hacı Çələbinin rəhbərliyi ilə Bayata hücum eləmişdilər ki, Pənah xanın xanlığını əlindən alsınlar. Pənah xan da onların qoşununu darmadağın eləmişdi, başlarını götürüb qaçmışdılar. Hacı Çələbi də o vaxt məşhur bir kəlam işlətmişdi: «Getmişdik Pənahın xanlıq tacını başından alaq, başına şahlıq tacı qoyub qayıtdıq». Elə ondan sonra da Qarabağ xanlığı Azərbaycanın şimalındakı bütün xanlıqların şahlığına çevrilmişdi.



Ən dəhşətlisi odur ki, o qalanı Pənah xanın yadıcaları dağıtdılar və ən nəhayət, sonunda da o qalanın yerində pambıq əkdilər.

Bayatda hələ də o qalanın olduğu əraziyə Qalaça deyirlər. Mən bu barədə «Batmanqılınc» romanımda ətraflı yazmışam. Və romanı niyə yazdığımı da girişdə qeyd eləmişəm. Romanın giriş hissəsini 4-cü günün qəzetində oxuya bilərsiniz.

Nə isə. İki il bundan əvvəl Qarabağ xanlığının 270 illiyi ilə əlaqədar «Gəl, ay Pənah xan, gorun çatlasın…» yazdığım harayı da bugünkü saytımızda və 4-cü günkü qəzetimizdə oxuya bilərsiniz.

Canım, ay Hökumət! Canım, ay Tarix İnstitutu! Canım, ay Mədəniyyət Nazirliyi! ŞUŞANIN 270 İLLİYİDİ!


TƏQVİM / ARXİV