adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7

Aqil ABBAS: ƏTİ ƏTİMİZDƏN, CANI CANIMIZDAN, QANI QANIMIZDAN, DİNİ DİNİMİZDƏN OLAN RÜSTƏM MURADOVA DIQQILI BİR SUAL 

AQİL ABBAS
159397 | 2020-12-26 17:50

Cənab General, böyük bir missiya  həyata  keçirirsiniz, sağ olun.  Amma mənim  dıqqılı bir  sualım var: Qarabağda ermənilərin dağılmış evlərini  bərpa edirsiniz, çox gözəl. Onlar  üçün yeni qəsəbələr tikirsiniz, bu da lap əliyul əla. Xocalıda da yeni qəsəbə salır və  evləri təmir edirsiniz.

İmzalanan  məlum bəyanata görə, qaçqın və köçkünlər tezliklə öz yurdlarına  qayıtmalıdırlar.

Artıq Ermənistana  qaçmış 40 minə qədər ermənini Qarabağa qaytarmısınız. Lap əlinizin  içindən  gəlib.

Özü də  həmin  ermənilərin  yaşadığı  heç bir  şəhər və kəndlər  Azərbaycan ordusu tərəfindən bombardman edilməyib, raket  atəşinə,  top atəşinə  tutulmayıb. Yalnız  şəhərlərin içində gizlədilmiş hərbi obyektlər vurulub ki, o da çox dəqiqliklə.  Uzaqbaşı yanındakı evlərin  pəncərə şüşələri  qırılıb.

Mümkünsə paylaşın görək Ağdərədə, Əsgəranda, Xocavənddə, Hadrutda və eləcə də Xankəndində neçə yaşayış binası dağıdılıb?

Məsələn, yəqin  videolarda görmüsünüz, Hadrut qəsəbəsində  heç bircə  ev də ziyan çəkməyib.  Eləcə də  Xocavənddə, hansı ki siz ora  Martuni deyirsiniz. Və yaxud o biri   şəhər və kəndlərdə.

Və ermənilər  nəinki cəbhənin  təmas xəttində, eləcə də cəbhədən yüz kilometr  uzaq  şəhərlərimizə ballistik  raketlər atıblar.  Yüzə qədər  dinc əhali ölüb, 400-ə yaxın da yaralı var. Tərtərdə  bir  salamat  bina yoxdu.

Bağışla  ki, sual dıqqılıdı, amma yazı bir  az böyük çıxdı.  Sadəcə  onu  soruşmaq istəyirəm ki, Xocalıda yandırılmış, dağıdılmış azərbaycanlıların  evlərini   də  təmir edirsinizmi? Axı, ermənilər onlara  doğma olmayan  yurd-yuvalarına qayıtdığı kimi, sizin prezidentiniz,  hörmətli Putinin də imzaladığı bəyanatda  azərbaycanlılar da  Xocalıya, Xankəndinə, Xocavəndə, Əsgərana və Ağdərəyə  qayıtmalıdırlar.

Bir də  sizi   çox istədiyimdən deyirəm ey,  özümüzünküsünüz, bu Araiklə az öpüşün. Həm xəstələnərsiniz, həm də  vallah,  camaat bu  şəkillərə  birtəhər baxır ey.

Cavabınızı  gözləyirəm.  Adi bir dıqqılı suala cavab verə bilməyəcəksinizsə, onda o boyda missiyaya necə rəhbərlik edirsiniz?

P.S.  Təbii ki, Azərbaycan dilini   bilmirsiniz, növbəti  nömrəmizdə  və saytımızda bu  yazını  rusca da dərc edəcəm.  Amma mən dərc edənədək  Araikə  deyin,  sizə tərcümə eləsin.

TƏQVİM / ARXİV