Baş leytenantı Rüfət Eldar oğlu - KAMALƏ ABİYEVA yazır

KAMALƏ ABİYEVA
4744 | 2021-12-01 10:51

O hərbiçidir. O Azərbaycanın ərazi bütövlüyü uğruna savaşıb. O qazidir.

Savaşda yaralanıb. Canının yarısı zədə alıb: gözü, əli, ayağı...

Hospitaldan çıxanda evə dönüşünün videogörüntülərinə baxmışdım. Bütün əhali onu qarşılamağa çıxmışdı. Maşın karvanının sonu görünmürdü. Gözü,qolu sarıqlı idi. Ayağı yaralı olduğundan güclə addım atırdı. Hamı adını çağırırdı, hamı “qəhrəmanımız” deyirdi. Çox kövrəlirəm qazilərimizin evə dönüşünü sərgiləyən video görüntülərə baxanda. Onları yaxından görmək, bağrıma basmaq istəyirəm. Ona da sarılmaq istəyirdim.

İlk dəfə Astaranın Ərçivan kəndində igidliyi əfsanə olan Şahnur Hüseynovun xatirə bulağının açılışına gedəndə gördüm onu. Boynuna sarıldım elə. O qədər məsum, yaraşıqlı, təvazökardı.

“Xalqım,torpaqlarımızın azadlığı uğruna savaşmışam. Elədiklərim də qəhrəmanlıq saymıram”- deyir.

Bədəninin yarısı yaralı qəhrəmanım neçə aydı müalicə alır. Çox diqqət çəkməsə də bədənində qəlpələrlə gəzir. Hələ müalicəsi bitməsə də “necəsən?” soranlara “Ürəyimin yarası sağalıb” deyir.

O, Milli Ordunun baş leytenantı Rüfət Eldar oğlu Əsədullayevdi: Uşaqlıqdan hərbiçi olmaq istəyirdim. Məktəbi bitirəndən sonra Hərbi Akademiyaya getdim. Nə yaxşı ki, hərbini seçdim. Torpaqlarımızın azadlığı uğrunda döyüşmək mənə də nəsib oldu. Bu hərbiçi kimi deyil, vətən övladı kimi mənim borcumdu.

Savaşda heç kim qəhrəmanlıq haqda düşünmür, amma qalib olmaq üçün döyüşür. Elə igid oğullar vardı...

1994-cü il noyabrın 12-də Astaranın Ərçivan qəsəbəsində dünyamıza gəlib. 2000-2011-ci illərdə Natiq Kərimov adına 3 saylı tam orta məktəbdə təhsil alıb. 4 il Heydər Əliyev adına Azərbaycan Ali Hərbi məktəbinin kursantı olub. Yerüstü artilleriya ixtisası üzrə bitirib hərbi məktəbi. 2015-ci ildə leytenant hərbi rütbəsi ilə Ağcəbədi rayonu N saylı hərbi hissədə xidmətə başlayıb.

2016-cı il aprel döyüşlərinin iştirakçısıdır qəhrəmanım.

2018- ci ildən baş leytenant hərbi rütbəsi ilə hərbi xidmətinə davam edib.

İkinci savaşın ilk günündən igidliyi ilə seçilib.Ən çətin tapşırıqları, əməliyyatları yerinə yetirib. Cəbrayıl uğrunda döyüşlərdə ağır yaralanıb hədsiz cəsurluğu ilə hamının sevimlisi olan Rüfət Əsədullayev. İlk gündən tank əleyhinə bölüyün komandiri olub. Düşmən tankını birinci o vurub. Özü bunları demir.

Özü haqqında çox danışmağı sevmir: Nə deyim? Hərbiçi olmaq arzum olub. Həmişə müharibə olacağını, döyüşəcəyimi, ermənilərdən qisas alacağımı torpaqlarımızı azad edəcəyimizi düşünürdüm. İstəklərim yerinə yetdi. Təəssüf edirəm ki, yaralandım, sona qədər döyüşə bilmədim. Məni Hünər adlı gizirimiz xilas edib. Elə oğuldu ki, Hünər. Bir düşmən texnikasını gözdən qaçırmazdı. Onun sayəsində sağ qaldım.

2015- ci ildən müddətdən artıq hərbi xidmətə başlayan gizir Hünər Məmmədov haqqında öyrəndiklərim heyrətə salır məni: təkcə Cəbrayıl uğrunda döyüşlərdə düşmənin onlarla tankını sıradan çıxarıb Hünər. Bəzən deyirlər “adam adına oxşayır”, elə bil Hünər üçün deyilib. Hünəri ilə ad qazanıb Hünər. “Ona baxanda bütün həyəcanın yoxa çıxırdı. Çox hünərlidi adı kimi” dedilər döyüş yoldaşları. Hünərin həyəcanı isə hələ yoxa çıxmayıb: Hamımız qələbəyə inanırdıq. Qələbəmizdən qürur duyuram. Amma o günlərdən danışmaq çətindi. Düyüş yoldaşlarının şəhid olduğunu görmək çox ağır idi. Unuda bilmirəm. Birlikdə döyüşə gedirdik; kimi şəhid oldu, kimi yaralandı, kimi sağ qaldı...Amma hamı qəhrəman idi. Onların igidliyi hesabına qələbə qazandıq. Rüfət kimi oğulların varlığıdı qələbə. Onunla 2016-cı ildən tanışam. Müxtəlif təlimlərdə, kurslarda birlikdə olmuşuq. 2017-ci ilin sonlarında yeni yaradılmış TƏİRK bölməsində xidmətə davam etmək üçün xüsusi kurslarda da birlikdə olduq.Çox savadlı, peşəkar zabitdi Rüfət. Kursu ən yaxşı nəticə ilə bitirdiyi üçün bölməyə batareya komandiri təyin olundu. Bilmədiklərimi ondan öyrənmişəm həmişə. 2020-ci ildə düşmənin fəallığı artmışdı. Bizə baş verə biləcək təxribatların qarşısını almaq tapşırığı verilmişdi. Öz işimizi layiqincə yerinə yetirirdik. Burda da Rüfətin peşəkarlığı xüsusi rol oynayırdı. Tovuz hadisələrindən sonra səbrimiz tükəndi.Hər an əmr gözləyirdik. Belə davam edə bilməzdi.Genişmiqyaslı hücum əmri alanda Rüfət bizi topladı, “Gözlədiyimiz gün gəlib çatdı. Biz torpaqlarımızı azad etmək xoşbəxtliyini yaşayacağıq. Həmin gün bu gündür”-dedi. Cəbrayıl-Füzuli istiqamətində döyüşlər başladı.Daha az itkiylə

daha çox düşməni məhv etmək üçün bölünüb müxtəlif istiqamətlərdən hücuma keçdik. Oktyabrın 7-də mənim heyətimin vəziyyəti gərgin idi. Gördüm Rüfət köməyə gəlib. Necə sevindim. O yanımda olanda daha inamlı olurdum. Vəziyyət gözlədiyimizdən çətin idi: düşmənin xeyli hərbi texnikası, canlı qüvvəsi ilə üz-üzə idik. Bu zaman da Rüfət ağlasığmaz igidlik göstərdi. Sağ qalanları başına toplayıb hücuma keçdi. Düşmənin diqqətini öz üzərinə çəkərək mənə vaxt qazandırdı. Düşmənin 4 tankını vurdum. XTQ də köməyə gəldi. Düşmən artıq qaçmağa üz qoymuşdu.Gözlərimə inanmırdım, texnikanı qoyub gedirdilər. Birdən kimsə dedi ki, ağır yaralı var, çıxarmaq lazımdı. Gedib gördüm ki, Rüfətdi. Qan içindəydi. Nə hala düşdüm... İlk tibbi yardım göstərdim. Artıq huşu gedirdi. Onu tibbi yardım maşınına çatdırana qədər vurur, silkələyir, hey çağırırdım: Kombat...Kombat,,, Təcili yardım maşınına çatdırdım. Həkim yaşayacağına inandırdı məni. Özüm də yaralanmışdım. Tibbi yardımdan sonra yenidən döyüşə qayıtdım. Yaralı olmalarına baxmayaraq döyüşənlər çox idi. Düşmən məntəqələrini məhv etdik.

Beləcə öz kombatını xilas edir Hünər Məmmədov.

Bu döyüşdə Rüfət Əsədullayev rəhbərlik etdiyi 15 nəfərlik heyətlə düşmənin 10-dan artıq tankını, hərbi texnikasını, yüzdən artıq canlı qüvvəsini məhv edir. Hünərin dediyi kimi “düşmən qaçmağa məcbur olur”. İkinci Qarabağ savaşında şəhid olan Milli Qəhrəman polkovnik Şükür Həmidov bu döyüşə nəzarət edirdi. Şükürbəyli istiqamətində hücuma hazırlaşan düşmən tanklarının və canlı qüvvələrinin qarşısının alınması

tapşırığını verir cənab polkovnik. İgidlərimiz bu tapşırığı ləyaqətlə yerinə yetirirlər.

“Bu döyüş həlledici idi. Düşmən hücumunun qarşısını ala bilməsəydik, azad etdiyimiz əraziləri yenidən itirə bilərdik. Bu isə bizim üçün ölümə bərabər idi”-dedi Hünər.

Bir-neçə günlük döyüş haqqında danışdı Hünər. Belə oğulları necə bağrına basmayasan? Onlara baxdıqca ən gözəl sözləri demək istəyirsən. Amma cəsurluqları, vətən sevgiləri qarşısında sözlər bəs etmir. Sənsə sadəcə bir yazı yazırsan. Onları tanıtmaq istəyirsən. Amma xalq, bu torpaq onu qoruyan, sevən oğullarını tanıyır.

Yaralı Rüfət evə dönərkən yüzlərlə insan “Rüfət, Rüfət” deyib hay salmışdı. Bu sədalar vətən göylərinə yayılırdı.

Biz Rüfətlərin, Hünərlərin adını nəsil-nəsil eşidəcəyik.

TƏQVİM / ARXİV