Bir hekayədəki həyatın ÖZÜ - Əbülfət Mədətoğlu yazır

ƏBÜLFƏT MƏDƏTOĞLU
135 | 2025-05-13 10:26

Söhbət İsmayıl Qarayevin «Piyada»sından gedir

Mənim bildiyimə görə ədəbiyyat həm də həyatı oxucuya təqdim edən bir vasitədir. Yəni qələm adamı, söz adamı gördüyünü qələmlə, sözlə şəklini çəkib oxucuya çatdırır. Təbii ki, bu adi tablo deyil. Necə deyərlər, divardan asmırıq. Çünki onun «dil»i var. Yəni ədəbiyyat həm də danışır. Bunu obrazlı desəm, ədəbiyyat həm də danışan şəkildi. Və onu da hər kəs bacardığı formada, üslubda danışdırır.

Ustadlar, dünya şöhrətli söz adamları, oxucunun sevdiyi sənətkarlar məhz bu qəbildəndir. Onların ədəbi nümunələri əvvəldə vurğuladığım kimi danışan şəkilləri oxucunu məhz həmin mühitə çəkib aparır. O mühitin iştirakçısına, şahidinə çevirir. Bəzən bir oxucu olaraq mənə elə gəlir ki, oxuduğum hekayə, povest, roman, şeir elə mənim şahidi olduğum hadisədi, mənim iştirak elədiyim hadisədi. Sadəcə müəllif bunu bir az da rəngarəng edib, bir az da mənə yaxınlaşdırıb bədii vasitələrlə. Ona elə bir naxışlar vurub ki, ayrıla bilmirəm.

Mən Azərbaycan ədəbiyyatını  bütün nəsillərdən olan müəlliflərini maraqla oxuyuram. Və mənim üçün «dünənin ədəbiyyatı» söhbəti yoxdur. Nəsirdə Mirzə Fətəlidən tutmuş bugünkü müəlliflərə qədər, poeziyada Nizamidən, Füzulidən üzü bu tarixə qədər bəyəndiyim, sevdiyim kifayət qədər yazıçı, şairlərimiz var. Və mən onların yaradıcılığını izləməklə yanaşı, həm də onlardan öyrənir və böyük həvəslə də kitablarını evimdə, kitabxanamda əzizləyirəm. Elə dünən, sabah-sabah yenə kitablara diqqət yetirdim və kitabın adı dərhal diqqətimi çəkdi – «Piyada».

Adətən bu sözü eşidəndə dünyasını dəyişən atam yadıma düşür. O, bir nəfərlə bağlı nə isə deyəndə mütləq vurğulayırdı ki, «Bala, o piyada adamdı». Digər tərəfdən «piyada» sözü mənə şahmat taxtını xatırlatdı. Hər iki maraqdan çıxış edərək əlimi uzadıb kitabı götürdüm. Bu, mərhum yazıçımız İsmayıl Qarayevin hekayələr kitabı idi. Adı da «Piyada».

Kitab 2005-ci ildə "Çinar- Çap"   nəşriyatında  Qoşqar İsmayıloğlunun   tərtibatı ilə  çap olunub. Düzünü deyəcəm, məhz kitabın adına görə elə birinci «Piyada» hekayəsini oxudum. Və yenə düzünü deyəcəm, hekayəni oxuduqca gözümün qarşısına indi təqaüddə, istefada və yaxud zorən vəzifədən kənarlaşdırılmış tanıdığım adamlar gəldi. Onlarla söhbətlərim qulaqlarımda səsləndi və bir daha əmin oldum ki, İsmayıl Qarayev mövzunu, qəhrəmanları göydən, özgə planetdən götürməyib. O, bizim içimizdə olanları, bizi idarə edənləri görüb, izləyib və onları özünün qəhrəmanlarına çevirib. Bax, elə cəmi 5 vərəqlik bu hekayədə olan detalları bir-bir diqqətinizə təqdim edirəm. Siz də oxuyun, xatınlayın, yaxud da gözünüzün önünə gətirin:

1. Nazir kabineti… 

2. Nazirin katibəsi  - bəzəkli bir xanım telefonda kiminləsə danışır, qəbula gələnlər onun heç vecinə də deyil, arada masanın üstündəki güzgüyə göz yetirir, saçını sığallayır və bu vaxt daxili telefon zəng çalır və o da nazlana-nazlana dəstəyi götürüb nazirlə danışır… bu vaxt qəbul otağında olanlar növbə üstündə bir-biri ilə dartışır. Hamı birinci olmaq istəyir. Günlərlə gəlib getdiklərini söyləyirlər. Kənardan kimsə gəlib katibənin üzünə gülümsəyir, halını soruşur, o da məmnuniyyətlə həmin o adamı növbəsiz içəri keçirir. Narazılıq edənlərə də bu nazirin qohumudur deyir. Təkrar içəridən zəng gəlir. Katibə əsəbi şəkildə hansısa bir sənədi deyinə-deyinə axtarır. Lap bu vaxtı yaşlı, abırlı, səliqəli geyinmiş bir nəfər yaxınlaşır. İçəri keçmək istədiyini bildirir. Katibə onun üstünə çımxırır. Adınızı deyin, növbəyə yazılın. Həmin şəxs adını deyir. Amma soyadını demir. Katibə israr edir. O da bildirir ki, elə adımı yazın. Və oturub kənarda növbəsini gözləyir. Bütün xatırlamalar da məhz həmin andan başlayır. Bu yaşlı adam da uzun illər ən yüksək vəzifələrdə işləyib. Onun da neçə-neçə katibəsi olub. Və indi düşünür ki, yəqin elə onun qəbul otağında da bu cür hadisələr baş verib. O da kiminsə haqqının tapdalanmasına, kiminsə aylarla qapı dalında qalmasına görə günah sahibi olub. Elə bu xəyalların içərisində qəbul otağına gələn nazir müavini onu görür və tez ona tərəf dönüb Salman Cavadoviç, siz burada niyə dayanmısınız, niyə gözləyirsiniz? Yoldaş Nəzirov buyurun, deyir.

Salman Cavadoviç isə öncə o yaşlı qarını içəri apar, qoy dərdini desin - söyləyir. Və beləcə bütün nazirliyə xəbər yayılır ki, qəbul otağındakı kimdir. Salman Cavadoviç qəbuldan çıxıb dayanacağa gəlir. Taksi gecikir. Avtobusda basabasdı, minmək mümkün deyil. Bu zaman bir «Qaz-24» dayanır. Sürücü him-cimlə hara  gedirsiniz, aparım, - deyir. Salman Cavadoviç «Qaz-24»ə əyləşir, bazara gedəcəyini deyir. Sürücü hansı bazara deyə soruşur. O da öz növbəsində:

- Hansı məsləhətdirsə ora apar.

Salman Cavadovic  fikirləşir ki, yəqin sürücü də onu tanıyıb. Amma son anda məlum olur ki, sürücü müdirin işdə – kabinetində olmasından istifadə edib «qazanca» çıxıbdır. Burda da bir dialoqun şahidi oluram. Və o qədər inandırıcı dialoqdur ki, buna ancaq təbəssümlə qiymət vermək olar. Uzun illər vəzifələrdə işləmiş yoldaş Nəzirov piyada gəzib-dolaşanda çox məqamların, əslində  isə  yaşadığımız   həyatın şahidi olur. Çox hadisələr ona elə təsirlər göstərir ki, o sanki yenidən bir həyat məktəbi keçir. Məcbur olub , kürəkəninə zəng edir ki, sürücünü göndər, məni evə aparsın və evə gələndə də bütün baş verənlərin yaratdığı auranı, psixoloji yükü «Səfillər» romanını vərəqləməklə, ordakı müəyyən detalları təkrar oxumaqla sakitləşməyə çalışır. Sonra xanımı Nisədən çay istəyir. Və elə «Səfillər»i oxuya-oxuya da Nisəyə deyir ki, uzanacam, üstümə bir şey sər, piyada çox gəzdim, yoruldum. 

Vurğulamaq istəyirəm ki,  hekayənin bura qədər olan bütün təsviri, bütün təqdimatı hər gün olmasa da, tez-tez qarşılaşdığımız bir həyat   mənzərəsidir. Amma mənə görə hekayənin yozumu, çözümü, demək istədiyi məhz  PİYADALIQDI!!!. Yəni piyada gəzmək yox, həyatdan, cəmiyyətdə baş verənlərdən uzaqda qalmaqdı. Gəncliyindən təqaüdə çıxana qədər vəzifələrdə olmuş Salman Cavadoviç piyada gəzdiyi və bir də gözləmə otağında olduğu məqamda adamlardan, cəmiyyətdən nə qədər uzaq düşdüyünü anlayır. Onun anladığını isə İsmayıl Qarayev həm hekayənin adı ilə, həm də piyada gəzməyi ilə bizə çatdırır. Və nəhayət, Nisə xanım da ərinin üstünə bir şey sərəndə onun dediyi sözü təkrarlayır:

- Kürəkənə zəng vur, işdən sonra bizə gəlsin, özü də piyada gəlsin.

Bəli, bax, yazıçı məharəti, yazıçı peşəkarlığı və həm də kiçik bir hekayədə həyatı təqdim etmək qüdrəti budur. Düşünürəm ki, bu gün kabinetlərdə əyləşənlərin çoxuna, lap çoxuna piyada gəzmək məsləhətdi.Həyatı, gerçəklikləri  görmək üçün!!! PİYADA olmamaq üçün!!!

 

TƏQVİM / ARXİV