Bir qom çiçəklə söhbət - Əbülfət MƏDƏTOĞLU yazır

ƏBÜLFƏT MƏDƏTOĞLU
148 | 2025-01-17 09:10

Sabir Abdinin iki şeiri ətrafında düşündüklərim

İstedad Allah vergisidi. Mənim inancıma görə, yer üzündəki bəndələrin hamısında Allah payı olan istedad var. Amma onun dərəcəsi, ölçüsü fərqlidi və bir də istedadın üzə çıxması üçün Allahın insana verdiyi ağıldan düzgün istifadə olunmalıdı. Yəni ağıl istedadı özünə çəkməli, özünün bir hissəsinə çevirməlidi ki, onlar da çiyin-çiyinə addımlayaraq daxili potensialı gerçəkləşdirsin. Bunu elə-belə sözgəlişi xatırlatsam da və bilgisayara diktə etsəm də, burda həqiqətən işıq ucu var. O işıq ucundan da həyata, ətrafa, xüsusilə, insanlara diqqət, sevgi və sayqı ilə baxanlar, yanaşanlar yararlanırlar. Nəticədə işıq ucu tonqala, alova çevrilir, ətrafı sarır. Və...

Bir dəfə yazmışam, yenə təkrar xatırladıram. Sabir Abdinlə hələ tələbəlik illərindən isti münasibətimiz olub. Universitet qəzeti, universitet mühiti bizi bir-birimizə yaxınlaşdırıb. Baxmayaraq ki, o, hüquq fakültəsində təhsil alırdı. Elə o sahə üzrə də çalışıb və bu gün də çalışır. Ancaq içindəki söz yaratmaq, söz misralamaq həvəsi, istəyi onun əvvəldə vurğuladığım kimi, hər kəsdə olan özəl istedadını yavaş-yavaş cücərdirdi, böyüdürdü. O cücərən, böyüyən misralar da şeirə çevrilirdi. Və günlərin birində də o şeirlərin bir çoxu populyar nəğmələrə çevrildi, dillər əzbəri oldu. Azərbaycanın sayılan, seçilən müğənniləri o nəğmələri ifa etdilər və bu gün də ifa edirlər. Təkcə "Mənə dəniz verin" nəğməsi Eyyub Yaqubovun ifasında həmin sözlərin müəllifi olan Sabir Abdini də Azərbaycana tanıtdı... Bu gün hardansa içimdən qəribə bir hiss gəlib keçdi. Yəqin ki, bunun səbəbi elə sübh çağı radio dalğaların birində dinlədiyim  "Mənə dəniz verin" oldu. Həmin ovqatla iş otağıma gəldim və kitab rəfimdən Sabir Abdinin "Adını sən seç..." kitabını götürdüm. İlk oxuduğum şeir, necə deyərlər, ovqatıma ovqat qatdı və Sabir Abdinlə olan, birgə keçən günlərimizi, söhbətlərimizi, xatirələrimizi içimdən təzələyə-təzələyə bir də gördüm ki, artıq onun şeirinin qoxusunu da hiss edirəm. Çünki bu şeir çiçəklərdən idi. O çiçəklərdən ki, onları təkcə özümüz yox, doğmalarımız yox, ətrafımız yox, həm də sevdiyimizlə bağlı xatirələrimiz də bizə sevdirir. Axı ilk sevgilər, ilk görüşlər özü də bir çiçəkdi, tər, pak, adamın ağlını başdan, ürəyini sinədən alıb aparan çiçək!.. Bax, o çiçəklərin ləçəkləri bənzərində idi Sabir Abdinin misraları. Sabir Abdin yazmışdı ki:

Əllərim titrədi, soldu çiçəklər,
Baxıb gözlərimə doldu çiçəklər.
Görüş yerimizdə qaldı çiçəklər,
Sənə deyəcəyim sözüm qalmadı.

Günəşin üzünü örtdü buludlar,
Yalqız çiçəkləri gördü buludlar,
Qaldırdı çiyninə dərdi buludlar,
Sənə deyəcəyim sözüm qalmadı.

Üşüdü çiçəklər, küsdü çiçəklər,
Həsrətdən, kədərdən əsdi çiçəklər.
Ayaqlar altında gəzdi çiçəklər,
Sənə deyəcəyim sözüm qalmadı.

Çiçə
klər həsrətli yoldu, cığırdı,
Nəmli gözlərindən yağış yağırdı,
Çiçəklər qəfildən məni çağırdı...
Sənə deyəcəyim sözüm qalmadı.

Günahsız çiçəklər günaha batdı,
Qəlbimdə kədəri, qəmi oyatdı,
Çiçəklər alışıb bir ocaq çatdı,
Sənə deyəcəyim sözüm qalmadı.

Bu şeirin hər bəndində hisslər, yaşanmış anlar, deyilən və deyilməyən sözlər bir qom çiçəyə çevrilib və o bir qom çiçək indi mənim əlimdə, gözüm isə yoldadı. Səni gözləyirəm. 

Sənə təşnə olan ürəyimlə səbirsiz bir şəkildə bu çiçəyin sən çiçəyə təqdim olunacağı məqam üçün hər şeydən keçməyə hazıram indi. Qorxuram ki, gecikəsən, yubanasan, ləngiyəsən. 

Qorxuram ki, "evdən çıxmağa bəhanə tapa bilmədim, anam icazə vermədi, nənəm buraxmadı gəlim" - deyəsən, yazasan  telefonuma. Amma şeirin ovqatı o qədər təbii və safdı ki, bunun içərisində o çiçəyin ətrindən və özündən başqa ikinci olan və mənimlə az qala göz-gözə dayanan sənsən. Deməli, bu istedadın, bu şair qəlbinin bütün gücü ilə vulkan şəklində qoparaq sözlərə hopub danışan, göstərən, inandıran sevgisidir. Bax, bu istedadla ağılın, məntiqin hissləri şeirə çevirən gücüdür. 
Ona görə də şeiri oxuyursan və özünü həmin şeirin içində görürsən. Eləcə də duyğuların saflığı səni özünə içdən baxmağa, həm də içindəkini görməyə məcbur edir. 
Tam əlini ürəyinin üstünə qoyub arxayınlıqla deyə bilirsən ki, mən sənə olan bütün sözlərimi bir qom çiçək etmişəm, ürəyimdə sən çiçəkdən başqa heç nə yoxdur, heç kim yoxdur!..

Hər birimizin yaddaşında, elə həyatında da bir məqam bu və ya başqa formada olur və yaşayır. Xüsusilə, bölgələrdə yaşayan gənclər sevgi məktublarının və yaxud hədiyyə etdikləri kitabların arasına bir çiçək qoyardılar. 

O çiçəklər də o sevgi qədər pak və müqəddəs idi. Qalırdı vərəqlərin arasında. 

Açıb baxırdıq, gözlərimizlə öpürdük və təkrar əl vurmadan qatlayıb o kitabı hər kəsdən uzaq bir yerə qoyurduq. Çünki onun içərisində çiçək əmanəti var idi. 
İndi Sabir Abdinin "Məni bağışla" şeirini oxuyuram:

Dəftər arasında qalan çiçəyim,
Quruyan çiçəyim, solan çiçəyim,
İndi gözlərimtək dolan çiçəyim,
Bağışla, nə olar, məni bağışla.

Dağlardan ömrümə gələn çiçəyim,
Həmişə sevinən, gülən çiçəyim,
İndi göz yaşıma bələn, çiçəyim,
Bağ
ışla, nə olar, məni bağışla.
Əllərdən əllərə gəzən çiçəyim,
Həmişə tələsən, əsən çiçəyim.
İndi kədərimlə bəzən, çiçəyim,
Bağışla, nə olar, məni bağışla.

Görüşə quş kimi uçan çiçəyim,
Könlümü, ruhumu açan çiçəyim,
Dönüb ürəyimi qucan çiçəyim,
Bağışla, nə olar, məni bağışla.

Və yəqin siz də oxuyacaqsınız yazının içərisində həmin şeiri. Mən bəri başdan deyim ki, çox doğma bir hissdi, yaşanmış bir hissdi. Ona görə də Sabir Abdinin çiçəyə olan bu etirafı, bu üzrxahlığı anlaşılır və qəbul edilir. 

Axı o çiçək heç bir çiçəyə bənzəmir. Axı o çiçəyin arxa planında dayanan həm də sənsən. Deməli, təbiət və insan ikisi bir sevginin çiçəyinə çevrilib. 
Onu şehdən də, mehdən də, küləkdən də, bir sözlə, qorunması və zəruri olan hər şeydən yalnız ürək qoruya bilər. Şair də elə o ürəklə üz tutur çiçəyə, o ürəklə danışır çiçəklə, onu vəsf edir, onu dilə tutub bağışlanmasını istəyir. Məncə, bu, həm də əbədi sevginin qarşısında etirafdı. Mən belə başa düşürəm və belə qəbul edirəm. Doğrudu, şeirin mövzusunda, yəni daxili quruluşunda şair oxucunu müəyyən məqamlarla qarşılaşdırır. Çiçəyin ünvanlarını, harda böyüyüb, haralara üz tutmağını, kimlərin əlində, kimlərin sinəsində, kimlərin görüşündə hansı ovqatda olmalarını söyləsə də, özünə aid çiçəyi bütün çiçəklərin tacı görür, tacı bilir. Və ondan bağışlanmasını istəyir. Çünki o çiçək bir dəftər arasında qalmaqla yanaşı, həm də bir ürəkdə yaşayır, o solmur. O solmayan çiçəyin adı Sevgidir!

Bəli, “Mənə dəniz verin” nəğməsinin yaratdığı ovqatla Sabir Abdinin iki şeiri arasında bir xəyal körpüsü qurdum. Bir ağ cığır açmağa çalışdım. İstədim ki, o körpüdən əlimdən bir dəstə çiçək keçməklə, sən çiçəyin ayağına gəlim... İSTƏDİM...


 

TƏQVİM / ARXİV