Paylaşıram. Ağıllı, faydalı saydığım hər mətni, fikri. Oxuyuram. Faydalı olan hər şeyi. Dini, milli, irqi mənsubluğuna baxmadan. Həm də günlük ibadətlərini axsatmadan yerinə yetirən bir müsəlman kimi.
Paylaşdığım kitaba yönəlik irada bax: "Cəlal özü cahilin biridir, o necə cahillik haqqında kitab yazar". Bunu yazan bircə elmi əsər ortaya qoymamış və qoymayacaq Azərbaycan müsəlmanıdır. Bunlar həm də cahil, kafir, münafiq, ateist, deist, yəhudi, xristian, bütpərəst dedikləri kimsənin kitabını oxumağı da sevmirlər. Ancaq xəstəxanaya gedən kimi qan qrupunun, MRT aparatının, evdə elektrikin, kondisonerin, sürdüyü maşının, uçduğu təyyarənin kimin tərəfindən kəşf olunduğunu unudurlar. Xatırladanda da deyirlər ki, nə olsun, onlara da bu ağlı bizim Rəbbimiz verib. Az qalır deyəsən ki, ey Uca Rəbbimiz, biz müsəlmanlara da o birilərinə verdiyin ağıldan bir az ver, biz də bəşər mədəniyyətinə faydalı bir töfhə verək, böyük kəşflərin altına imzamızı qoyaq. İslam həqiqətən gözəl dindir, onu çirkinləşdirən bəşər mədəniyyətinə arxa çevirməyə çalışan müsəlman zehniyyətidir. Bu zehniyyət böyük peyğəmbərimizin ölümündən sonra 7-ci əsrdən üzü bəri əsasən cəhalət üfürür.
Bu cəhalət müsəlman arealında olan nə qədər alimin, aydının, düşüncə adamının qafasını qopardıb və ya bağrını çatladıb. İndi bilirsiniz dövrünün nəhəng filosofu və riyaziyyatçısı Ömər Xəyyam nələr çəkmiş? O zaman da kimlərsə uca səslə ona da cahil deyirdilər!