AMERİKAYA SOYUQQANLI BAXIŞ - Fazil Mustafa yazır

FAZİL MUSTAFA
1444 | 2022-11-15 11:08

ABŞ haqqında çoxlu kitablar yazılıb, canlı müşahidələr aparılıb. Böyük düşüncə adamları Aleksis de Toskvillin, Maks Veberin, Teodor Adornonun bu ölkə ilə bağlı tarixi dəyərə çevrilmiş əsərləri üzərindən də yetərincə nəzəri təsəvvürlər formalaşıb. Teodor Drayzerin, Ceyms Joysun, Cek Londonun, Mark Tvenin və başqa yazarların bədii əsərləri də uşaqlıq dövrümüzdən Amerikanın təzadlı həyatı barədə təsəvvürlərimizi yaradıb. Ancaq bütün hallarda Romadan sonra yeni mədəniyyətin ən böyük əsəri olan bu modern imperiya möcuzəsini hər kəsin öz ağlı ilə idrak etməsi zəruriliyi qaçınılmazdır. Bunu həyat şərtlərində olan sərt kataklizmlərlə, risqlərlə insan azadlığının ən yüksək səviyyəsinin sintezi üzərindən çözmək mümkündür.

Mənim üçün ABŞ birinci növbədə şükranlıq duyğusu daşıyan və bunu günlük dəyərə çevirən ölkə və vətəndaşı modeli üzərində qurulduğuna görə qısa bir zaman kəsiyində dünya nəhənginə çevrilə bilmişdir. Buna görə ayrıca gün də təsis ediblər və hər bir amerikalı üçün Şükranlıq günü özəl ritualla qeyd edilməklə yanaşı, həm də hər bir amerikalının öz ruhunu yeniləmək fürsəti kimi anlaşılır.

İkinci vacib amil isə heç şübhəsiz yaşamaq uğrunda insan azadlığının çərçivəsini aşmadan davamlı mübarizə prosesinin olmasıdır. Bu mübarizənin önəmi odur ki, burada zənginliyə və yoxsulluğa bizdəki kimi talenin diqtəsi olaraq baxmırlar, insan ağlının və çalışqanlığının nəticəsi kimi baxırlar. Bizdə zəngin də, yoxsul da öz ictimai statusunun çox vaxt narazı olur, burada isə hər bir status digərinə doğru irəliləmənin mərhələsi kimi baxılır. Təqribən amerikan futbolunda olduğu kimi çəkilən xətləri mərhələ-mərhələ adlamalı, rəqib maneələrini və ya badalaqlarını dəf etməli və qələbəyə doğru yürüməlisən. Əslində Avropa futbolu ilə fərqi anlamaqla insana münasibəti də çözmək mümkündür. Avropa futbolunda insana toxunmadan onun texniki davranışını qaydalar çərçivəsində çözməlisən, amerikan futbolunda isə insanı didib-tartaxlayıb oyun üzərindən həyat rəqabətinə hazırlayırsan.

Burada insan həyatının risqə indeksli olmasını Arkanzas ştatının paytaxtı Little Rock şəhəri yaxınlığındakı sərt qaya daşlarından cığırı olan dağın zirvəsinə yürüş zamanı daha çox müşahidə etdim. Qayalıqlar hər an həyati təhlükəni özü ilə gətirə bilər və zirvəyə dırmaşmaq üçün ən azı bir kilometr məsafə qət etməlisən. Sıradan insanların zirvəyə qalxışı üçün hansısa mühafizə sistemi nəzərdə tutulmayıb. İnsana zirvəyə mühafizəsiz, qorumasız, risqi gözə alaraq dırmaşmağı təlqin edirlər. İlon Maskın Marsa dırmaşmasının kiçik məşqləridir bunlar. Yekunda dünya orbitnə dırmaşmaq gəlir ki, bu novatorluğun öncülü də təsadüfən Amerika sayılmır.

Burada müşahidə etdiyim ən mühüm detal cəmiyyət içi ziddiyyətlərin fəlakətli səviyyədə dərin olması və hər kəsin də buna soyuqqanlı baxışıdır. Ağdərili, qaradərili, qırmızıdərili rənglərin parıltısının altında elə tarixi ziddiyyətlər yatır ki, arasıra onun qabarmasını baş verən hadisələr açıq göstərmiş olur. Qaradərililərin şəhərlərdə polis əleyhinə son zamanlarda sərt etiraz aksiyaları ABŞ-ın gələcəyində bu təzadlı münasibətlərin davam edəcəyindən xəbər verir.

Bu mövzuda tarixə çox sayda geri dönüş etmək mümkündür. Ancaq bizim üçün də ibrətamiz ola biləcək bir hadisə ilə kifayətlənməyi düşünürəm. Arkanzas ştatının paytaxtının mərkəzində bir kollecin qarşısında əllərində kitab daşıyan 8 qaradərili uşağın kiçik heykəlləri qoyulub. Onlar bu kollecin məzunları olmuş və sonrakı uğurları və ya uğursuzluqları diqqətə alınmadan burada sadə bir bağçada heykəllərini ucaltmışlar.

Maraqlıdır ki, ABŞ-da ilk dəfə 1957-ci ildə qaradərililərlə ağdərili uşaqların bir yerdə oxuması haqqında inqilabi qanun qəbul edilib. Bu zaman Arkanzas ştatının qubernatoru əhalini federal qanuna qarşı çıxmağa çağırıb. Əhaliyə açıqca söyləyib ki, uşaqlarının qaradərililərlə birgə təhsil almasına imkan verməsinlər. İnsanlar məktəblərin qarşısına tökülərək qaradrililərin məktəbə gəlməsinə mane olmağa başlayıblar. Məsələyə ABŞ-ın o zamankı prezidenti Eyzenhauer müdaxilə etməli olub və qubernatora bildirib ki, bu federal qanundur və mütləq yerinə yetirilməlidir. Prezidentin sözlərinə məhəl qoymayan qubernatorun və onun çağırışı ilə meydanlara toplaşan ağdərili vətəndaşların qanunsuz hərəkətlərini dayandırmaq üçün federal hökumət Milli Qvardiyanı məktəblərin mühafizəsi üçün göndərib. İndi həmin məktəblərin birinin qarşısında heykəli qoyulan həmin 9 zənci uşağı ağdərili müəllimlərin və uşaqların hər gün təhqirlərinə, təzyiqlərinə məruz qalmalarına rağmən böyük dözüm göstərərək sonadək təhsilini davam etdirənlərdir. Onlar qaradərili uşaqlar üçün ayrıca bir ştatın nümunəsində aydınlığa yol açan fədailər kimi tanınırlar.

Bu hadisə mənim üçün həm də ona görə diqqətəlayiq idi ki, tariximizdə bununla müqayisə olunacaq maraqlı bir epizod olub. Azərbaycanın böyük mütəfəkkiri Əhməd Ağaoğlu ilk təhsilini Şuşadakı realnı məktəbdə alarkən bənzər münasibətlə üzləşib. Məktəbdə 350-yə yaxın erməni uşağı ilə yanaşı Əhbəd bəy də daxil olmaqla cəmi dörd türk balası təhsil alırmış. Babalarımız rus məktəbinə güvənmədiyindən uşaqlarını mollaxanaya göndərirdilər. Əhməd bəy öz xatirələrində yazırdı ki, hər gün tənəffüs zamanı, eləcə də məktəbdən çıxarkən erməni uşaqları onları söyür, təhqir edir, hətta müəllimin gözündən xəlvət şəraitdə vururdular. Bir müddət sonra uşaqlardan üçü bu təzyiqlərə dözə bilməyib məktəbi tərk etdilər. Yalnız Əhməd bəy həmin sinifdə axıra qədər dirəniş göstərərək məzun ola bilib.

Sonradan həmin Əhməd bəy Fransanın Sarbona Universitetinin Hüquq fakultəsində təhsil alan ilk türk övladı, gəlmiş-keçmiş ən böyük mütəfəkkirimiz, erməni terrorunu durduran “Difai”nin yaradıcısı, Osmanlı Dövlətinin, Azərbaycan Cumhuriyyətinin və Türkiyə Cumhuriyyətinin deputatı olmuş böyük maarifçi şəxsiyyət kimi tariximizdə əvəzolunmaz bir yer tutub. Onun millətimiz qarşısında bütün xidmətlərinə qarşı unutqanlıq göstərən zehniyyətlərin bu müqayisədən sağlam bir nəticə çıxarması məgər faydalı olmazmı? O da qaradərili olmasa da, qarabuğdayı bir türk balası olub axı...

Bu cür yekundan sonra yenidən ABŞ-a necə köklənəsən? Ən əsası da bizim Şükranlıq günümüz və duyğumuz barədə tez-tez düşünürəm. 44 günlük qələbədən sonra ümidim doğmuşdu. Günlük qələbə ilə ruhani qələbəni fərqləndirə bilməyən cəmiyyətlərdən hələ ki, şükranlıq gözləmək görünür bir az vaxt aparacaq.

Açığı mən Amerika Birləşmiş Statlarına imperializmin beyin mərkəzi, öz gücünü, həyat tərzini başqalarına diqtə edən şər ocağı kimi baxan düşüncələrə loyal yanaşıram. Lakin Amerikan “fast food”unu da mədə üçün çox zərərli hesab edirəm. Eyni zamanda ABŞ-ın İslam düşməni olması barədə ittihamları da cəfəng hesab edirəm. Çünki İslamın tək bir düşməninin qafası sementlənmiş və yeniliyə açıq olmayan dinçilər olduğu barədə düşüncəm sabitdir. ABŞ kəskin zəhəri olan ilan kimidir, özünə təhlükə kimi görmədiyi kimsəni çalmaq kompleksindən uzaq görünür. Ancaq amerikan toplumunun şükranlıq duyğusunun bənzərini özünü Allaha ən yaxın hesab edən, şükranlığı dinin tələbi kimi tələffüz edən İslam arealında görmədiyimi qətiyyətlə söyləyə bilərəm.

Vaxti ilə Avropadan okeanın sərt məcarasına aldırmadan köç edən insanların kəşf etdiyi torpaq sahəsi olan Amerikanı kəşf etməkdən daha çətini amerikalıları kəşf etməkdir. Kim bilir “Tanrının öz ölkəsi” olduğuna inanan amerikalıların Avropa insanından qopardığı elə bir cövhər var ki, bizim inandığımız Tanrının Kitabı içində onu sezməmiz hələ ki, mümkün olmur. Amerikaya soyuq baxışımız bəlkə də bu amildən qaynaqlanır. Amerikaya soyuqqanlı baxışımızın isə hələ ki və nə yazıq ki cizgiləri görünməməkdədir.

TƏQVİM / ARXİV