“60 YAŞ DA BİR UCALIQDIR...” – Fazil Mustafa yazır

FAZİL MUSTAFA
1672 | 2023-03-01 12:23

Bu gün Azərbaycanın dəyərli ziyalısı Etibar Əliyevin 60 yaşı tamam olur. 60 illik ömür yolu çətinliklərlə, sıxıntılarla, zəhmətlə, oxumaqla keçən bu insanın Azərbaycanımız üçün etdiyi əsas xidmət təhsil, fəlsəfə, ictimai fikir, Nobel mədəniyyəti, ensiklopediya sahəsində yazdığı unikal əsərlər və yorulmadan təbliğ etdiyi kitabdır. Hədsiz siyasiləşmiş və savadsızlaşmış cəmiyyətimizdə yuxarıda sadaladıqlarım zəruri meyarlar olmadığına görə, bu cür istedadlı insanlardan faydalanmaq hələ də insanların bir çoxunun işinə yaramır. Azərbaycan ensiklopediyasını zay edənlər kaş ki, onun tövsiyələrini eşidəydilər. Tərcümə sistemimizi allaq-bullaq edənlər kaş ki, fikirlərini dinləyərdilər. Kitabın səhifələrini kabab və qutab bükmək üçün istifadə edənlər, kaş ki, onun mühazirələrini dinləyəydilər. Xaltura universitetləri ilə fəxr edənlər, kaş ki, onun universitetin missiyası mövzusunda çağırışlarına qulaq asaydılar. Bu adam Nobel mədəniyyətinin ən xırda detallarına qədər izahını verən kitablar yazmış, məktəblinin fəlsəfəsini ərsəyə gətirmiş, təhsil və elm antologiyasını bu millətin insanına bəxş etmişdir. Şəxsən mənim kitabla bağlı anlayışımın şəkillənməsində Etibar müəllimin tövsiyələri çox böyük rol oynayıb. Millət vəkili kimi də onun çıxışları həm elmi, həm də faktoloji məzmununa görə çox əhəmiyyətlidir. Cəmiyyətlə iç-içə olan bu insanın dəfələrlə cibindəki son manatını faydalı saydığı kitaba verdiyinin şahidiyəm.

Milli mentalitetimizə uyğun olaraq tort, qənfet, karobka şokalad əvəzinə kitab hədiyyə aparmağı rituala çevirmiş nadir azərbaycanlılardan biridir. Kimsə xoşlar, kimsə xoşlamaz, bəzən çılğınlığı, hansısa məsələyə baxışı qane etməz, sadəcə anlamaq lazımdır ki, bu masştabda istedadlı adamlarımız azdır. Həm də çox azdır. O, deputat seçiləndə özünü qaragüruhun cinahında yerləşdirib əleyhinə kampaniya aparan az-çoz oxumuşları görəndə çox məyis olurdum. 60-a yetişənədək bu insanın zəkasına uyğun bir platforma yaratmayan cəmiyyətimizə çox məyus oluram.

Günlərin birində Hoca Nəsrəddin hər gün arxasınca dedi-qodu edən insanları bazarda başına yığıb deyir ki, ey həmşəhərlilərim, elə bilin ki, mən ölmüşəm, haqqımda nə söylərdiniz? Hər kəs ayrı-ayrılıqda Hoca haqqında xoş və tərifli sözlər söyləməyə başlayır. Hoca qayıdır ki, ay camaat, olmaz ki, bütün bunları mən qarşınızda sağ-salamat olduğum vaxt söyləyəsiniz?

Yazmaq lazım, danışmaq lazım, 60-dan sonra daha çox yazmaq, daha çox anlatmaq lazım. Ən azı qədirbilən, öyrənmək istəyən, düşünmək istəyən və millətimizə fayda vermək istəyən insanlar üçün...

Ramiz Rövşən demişkən, sən yıxılan ucalıqlar qalacaq. 60 yaş da bir ucalıqdır. Kimi üçün statistikadır, kimi üçün yaradılan dəyərdir.

Qutlu olsun Hoca!

  • Dekabr:
  • 6

TƏQVİM / ARXİV