adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7

Candan-cana köçmək - Əbülfət MƏDƏTOĞLU yazır

ƏBÜLFƏT MƏDƏTOĞLU
360 | 2022-11-30 16:03

Və yaxud da hər son yeni bir başlanğıcdır

 

Əvvəlcə onun özündən başlayım. Hər dəfə barəsində söhbət düşəndə həmin çöhrəsi, həmin təbəssümü və həmin çox-çox uzaqlara söykənən baxışları gəlib durur qarşımda. Elə bil indicə fikir bildirəcək. Hansısa bir məsələyə münasibətini təmkinli şəkildə şərh edəcəkdir. O, hamı üçün belə idi. Sadə, təmkinli, bir az da mənim öz düşüncəmə görə həssas. Çünki istər publisistikasında, istər poeziyasında, istər nəsrində dediyim bu çalarların hamısı özünü ehtiva etmişdir. Həm də o, xalqı, torpağı, onun mədəniyyətini, tarixini zərgər dəqiqliyi ilə öyrənməyə, təbliğ etməyə köklənmiş adam idi.

Barəsində fikirlərimi yığcam ifadə etdiyim bu şəxs Azərbaycan ədəbiyyatında, Azərbaycan söz məkanında öz imzası, öz dəsti-xətti, öz yeri olan Azər Abdulladı. Bu həmin Azər Abdulladı ki, onun yaradıcılığı təkcə öz çevrəsində, öz ədəbi mühitində deyil, bütövlükdə Azərbaycanın söz arenasında həmişə diqqəti çəkibdir və bir də Azər müəllim sözə son dərəcə həssaslıqla yanaşan, hər söz barəsində söz deməyən müəlliflərdən idi. Ruhu şah olsun.

Bu gün «Bir şairin bir şeiri» layihəmdə Azər Abdulla ilə həmsöhbətəm. Onun mənə avtoqrafla bağışladığı 2019-cu ildə işıq üzü görmüş «Havalı sular, sevdalı sular» kitabı əlimdədir. Azər Abdulla avtoqrafında yazıb: «Şeirlərini həvəslə oxuduğum gözəl şair Əbülfət bəy Mədətoğluna dərin sayqılarımla. Müəllifdən». Bax, bu kitabda bir-birindən maraqlı şeirlər var. Amma nədənsə bu gün ruhuma, könlümə yaxın olan bu şeir çəkdi məni.  Azər müəllim yazıb ki:

 

Zaman-zaman hərləndim

Su idim, quruya döndüm.

Arındım, təmizləndim

Liliydim, duruya döndüm.

 

Yəqin ki, siz də oxudunuz bu bəndi və xəyal sizi də həmin o hislərə köklədi və hər birimiz, elə mənim özüm də ayrı-ayrılıqda düşündük ki, kim idik, nə idik, nəçi idik, necə idik və kim olduq, nə olduq, nəçi olduq, necə olduq... Bütün bu suallar Azər Abdullanın təqdim etdiyi şeirin birinci bəndində hər kəsə ünvanlanır və hər kəs də hardan-hara yol gəldiyini artıq düşünməyə, araşdırmaya başlayır. Bax, mən də bu ovqatın içində qoşuluram Azər Abdullaya. Üzümü Tanrıya və bir də onun bəndəsinə tutub içimdə pıçıldayıram:  

 

Ay bu dərdin sahibi,

Öldürür dərdin məni.

Göz dustağı eləyib,

Qoyduğun şərtin məni.

 

Təbii ki, bu ovqat hardasa Azər Abdulladan gələn sualların yaratdığı məntiqi düşüncənin yazılı formasıdı. Özüm də bilmədən həmin o suallara cavab kimi dərdinin sahibinə, məni göz dustağı edənə tərəf əl açılam, köklənirəm. Deməli, burda da bir daxili durulma, burda da bir özü-özünü sorğu-suala tutma var. Həmin o məqam da yenidən Azər Abdullanın artıq məni köklədiyi ovqatı yaşatmaqda, onun içərisində durulmaq və həyatı elə Azər Abdullanın təqdim etdiyi kimi görmək imkanını qabardır. Bir az da sərrast ifadə etsəm, hiss edirəm ki, Azər Abdulla o durulmanın haqdan gəldiyinə və qaçılmaz olduğuna əmindir. Ona görə də birmənalı şəkildə yazıb:

Yatsam da ayılsam da

Andan ana köçürəm.

Min illər adlasa da

Candan cana köçürəm.

 

Məncə, burdakı məntiq çox uzaqlara – folklorumuza, qədim yaddaşımıza gedib köklənir. Ruhun əbədiyaşarlığı, insanın başqa bir aləmdə öz həyatını davam etdirməsi, eləcə də candan cana köçməsi, necə deyərlər, atadan oğula, oğuldan nəvəyə davam edən bir ruh yaşamının, bir soy yaşamının təzahürləri təqdim etdiyim şeirdə mənim üçün görünən və təsir edən məqamlardı. Mən də o məqamların həm inancdan, həm də inamdan gəldiyinə söykənirəm. Ona görə də öz şeirimdə birmənalı olaraq əl açdığım ünvana fikrimi çatdırıram:

 

Nə insaf var, nə mürvət,

Tükənir canda qüvvət.

Açıq-aşkar, ya xəlvət,

Heç nəyə verdin məni.

 

Azər Abdullanın əvvəldə söylədiyim həmin o şeir aurası oxucunu sözün təkcə işığını yox, həm də fikir qatını görməyə hazırlayır. Sadə və kifayət qədər məntiqli bir şəkildə oxucuya çatdırılır ki, şeirin əvvəlindəki suallar sonundakı cavabın məntiqi yekunudur. Yəni başlanmışdan sona qədər məqsədli, həm də inaclı bir yol gedir. O yolu da nizamlayan, o yolun da bələdçisi hər kəsin öz içindəkidi. Bax, o iç dünyanın böyüklüyü, əzəməti, o vaxt barlı-bəhərli olur ki, o, anlaşılır, o dəyərləndirilir və deməli, «olum-ölüm» məsafəsi ilə yanaşı candan-cana köçmək haqqı da qaçılmaz olur. Mən də bax, bu son bəndin işığında həmin o gəldiyim qənaəti bir daha Sizə çatdırıram. Oxuyun:

 

Bulud oldum sıxıldım

Damcıtək yerə döndüm.

İsindim, buxarlandım,

Yenidən göyə döndüm.

 

Bəli, ilki ilə əvvəlinə dönüş bir inacdı. Biz bəzən buna biganə yanaşırıq. Amma yoxdan var olmaq mümkün olduğu kimi, vardan da yox olmaq bir həyat əlamətidi. Ona görə də Azər Abdullanın yenidən ən müqəddəs ünvana – yəni göyə dönməsi həm mənim inandığım, həm də onun haqq etdiyidi. Bax, bu məntiqlə də öz şeirimin sonunda sözümü artıq birbaşa deməyə qərarlıyam. İstəyirəm ki, sonumun necə olduğunu bildiyimi o da bilsin:

 

Mənə balta çalan, gəl,

Məni məndən alan gəl.

Gəl, halıma qalan gəl,

Belə də gördün məni.

 

İndi düşüncələrin, duyğuların bir-birinə qarışdığı bir ovqatın içində mən Azər Abdullanın ruhuna baş əyməklə paralelliyini apardığım şeirlərdən yaranan yazını Sizə təqdim edirəm. İmkanınız olarsa oxuyun və müqayisəmə öz münasibətinizi bildirmək haqqınızdan istifadə edin.

TƏQVİM / ARXİV