Dünyamızın ədaləti - Əbülfət MƏDƏTOĞLU yazır

ƏBÜLFƏT MƏDƏTOĞLU
1347 | 2024-07-24 11:36

Və yaxud da "Ədalət"li dünyada yaşadıqlarım

Gəlin etiraf edək ki, biz tez-tez dünyanı qınayırıq. Onu etibarsızlıqda, gəlimli-gedimli olmaqda suçlayırıq, hətta bəzən emosiyalara uyub elə ifadələr işlədirik ki, sonra fərqinə varanda adamın dünyaya da yazığı gəlir, özünə də. Belə məqamda mən daha çox bir atalar sözünü xatırlayıram. Atalar deyib ki, "Ulağa gücü çatmayan palanı döyür". İndi özümüz özümüzlə bacara bilməyəndə üz tuturuq dünyaya. Başlayırıq onu sağdan, soldan vurmağa. Özdə təkcə adi bəndələr yox, bunu dünyaya meydan oxuyan fatehlər də, söz sərkərdələri də, sinəsi sazlı aşıqlar da, əli qələmli ən adi yazar da edir. Hətta bu yerdə yadıma böyük Səməd Vurğunun misraları düşür.

Xalq şairi yazırdı ki:

 

Göylərə baxıram qapısı bağlı,

Yerlərə baxıram bağçalı-bağlı.

Həyat ixtiyari, sirli, soraqlı -

Biz gəldi-gedərik, sən yaşa dünya!

 

Və yaxud böyük Məmməd Araz yazırdı:

 

Dünya sənin, dünya mənim,

Dünya heç kimin.

 

Bu sıranı kifayət qədər uzatmaq olar, davam etdirmək olar və bu davam edən sırada bir məntiqi məqam da var. Onu da yenə böyük Məmməd Araz deyib:

 

Məni qınayanın beləsi belə,

Mən belə dünyanın nəyindən küsüm.

 

Hə, indi bacarırsan küs və yaxud indi bacarırsan yaşa. Hər iki halda seçim ixtiyarı səndə. Mənsə başladığım bu fikir yumağını tərsinə çözürəm. İstəyirəm ki, əvvələ qayıdım. O günə ki, onda dünyaya "Ədalət" gəlirdi. Onda iyul ayının 26-sı idi. İl isə təqvimdə 1990-ı göstərirdi. İndi hesablayın, görün ədalət neçə ildi yol gəlib və bu neçə ildə nə qədər yüksəlib, nə qədər yayılıb, nə qədər qol-qanad atıb. Cərgəsində kimlər olub, kimlər gedib, kimlər köçüb, kimlər hələ də cərgədədi. Bu adi riyazi hesablamadı. Amma bu riyaziyyatda ömür ifadə olunub. Ona görə də xeyir-duası haqdan, adı Allahdan, sözü Tanrıdan olan "Ədalət" bütün çətinliklərin, bütün süni və həyati problemləri aşıb 2021-ci ilin bu gününə gəlib çıxıbdı. Və qəzetin öz dili ilə desək, hələ də "Ədalət" çıxır, hələ də "Ədalət"in təsisçisi, millət vəkili, yazıçı-publisist Aqil Abbasdır və hələ də mənim bu qəzetdə fikirlərimi bölüşmək, duyğularımı sərgiləmək, oxucularımla baş-başa qalmaq imkanım saxlanır...

Dünyanın bax belə qəribəliklərinin içərisində 34 il yol gəlmək və bu yolun da sevincini, kədərini, bütünlüyünü özünə köçürtmək, köçürtdüyünü də tarixləşdirib gələcək illərə daşımaq xoş olduğu qədər də şərəflidi. Bu mənada "Ədalət" şərəfli bir yol keçib və yoluna da davam edir. Elə bu davam edən yolda hər bir əməkdaş kimi mənim də iynə ucu boyda da olsa, izim, sözüm görünür, yaşayır. Görünən və yaşanan sözün ünvanı olan Ədalətdə görünmək və yaşamaq da bir xoşbəxtlikdi. Necə deyərlər, şükür xoşbəxtliyimə. Çünki Ədalət mənə dərd ortağı olub. Onunla bütün duyğularımı bölüşmüşəm. Hətta üzümü ona tutub demişəm ki:

 

Qayğılı çəkdiyim, dərdli çəkdiyim,

Bu boyda Bakıda dərddi çəkdiyim!..

Mənim azadlıqda şərti çəkdiyim -

Cəzanın adını çəkənlər bilər.

 

Hətta onda öncə bu qəzetin səhifələrindən hər kəsə üz tutaraq pıçıldamışam:

 

Yandı evim-eşiyim,

Yandı divarım, daşım...

İsit, qoyma üşüyüm -

İsit məni göz yaşım...

 

Ədalət mənə həm də olmuşların və olacaqların şahidi kimi sirr ünvanı olub. Bir kadına yazdıqlarımı öncə özü oxuyub, sonra tirajlayıb. Elə bu gün də yazdıqlarını sətir-sətir, cümlə-cümlə büküb özünə aparır oxucu qapısına, oxucu ünvanına. Çatdırır onlara duyğuların ifadəsini. Deməli, Ədalət həm də məni tanıdır, təqdim edir. Bax, bütün bu dediklərimin fonunda 34 yaşlı Ədalətin mənim üçün nə, kim olduğunu siz özünüz təxmin edin, mən bildiyimi bilirəm!..

Yazının bu nöqtəsinə qədər söylədiklərimi, sizinlə bölüşdüklərimi oxuyub zənnimcə, ədalət barəsində iki yol ayrıcında dayandınız. Birinci düşündünüz ki, axı bu dünyada ədalət yoxdur?! İkinci də 34 ildir oxuduğunuz Ədalətin simasında sizi razı salan və salmayan, sizin səsinizə səs verən və verməyən ədaləti düşündünüz. Son olaraq isə kimsə susdu, kimsə başını buladı, kimsə də şükür bu günə dedi. Bax, elə yol ayrıcında sizin çıxara bilmədiyiniz son qərar "Ədalət"in də axtardığıdı, "Ədalət"in də sorağında olduğudu. Deməli, sizli, bizli "Ədalət" olaraq ədalət axtarırıq. İnşallah, taparıq bir gün!

***

Tez-tez eşitdiyim bir söz var. Bu sözü də dostlar həmişə mənə ünvanlayırlar. Xəyalpərvərliyimi, sabahkı günlərə daha çox güvəndiyimi bağışlamırlar mənə. Bəzən birbaşa, bəzən sözarası deyirlər mənə ki, bir saat sonra nə baş verəcəyini heç kim bilə bilməz. Ona görə zamanın özünün yaxasından dərd tutmaq, zamanın özü ilə haqq-hesab çəkmək, qərar qəbul edib addım atmaq lazımdır. Sabahla bağlı isə sabah düşünüb, sabah danışarıq. Təbii ki, mən bununla razılaşmıram. Bu, hardasa bir ümidsizlikdi. Ancaq ümidsizliyin özü ilə özünə qapanmanın arasında da fərq var. Bu mənada mən tənhalığın, təkliyin, özünəqapanmanın xəstəsiyəm. Bunu mənə günah da saya bilərsiz, qəbahət də, xəstəlik də. Bütün hallarda bildiyim, inandığım odur ki, dörd divarın içərisində Allahın şahidliyi və sənin iştirakınla edilən söhbətlər bir ürəyin səsi, bir ürəyin hıçqırtısı, bir ürəyin fəryadıdı. Əgər bu dörd divarın daşlarını iynə ucu ilə ovub töksək, ondan kitab-kitab söz, nəğmə, fəryad, haray, dua əmələ gələr. Bu cilidləri daşımaq üçün isə bir dəvə karvanını kirayə götürmək lazım olar. Bax, bu yozumun içərisində mənim yuxumun da, xəyalımın da, yaşadığım reallığın da hər bir anı bir gül ləçəyi və həmin ləçəyin üstündə də bir damla şeh kimidi. Və bu məqamda öz səsimə oyanıram. O səs deyir ki:

 

Qarşında kiprikləri

Gül ləçəyi tək şehli...

Həmişə küskün, incik,

Dili də ki, gileyli -

dayanmışam...

 

Gözlərimi son güclə

Sıxmışam səhərədək!..

Səni yuxuda görmək

Anında mən, ay mələk -

oyanmışam.

 

Ruhum sızıltılardan

Bələnibdir ahlara...

Bilirəm ki, qarşında

Mən bütün günahlara -

batmışam.

 

İndi susmaq, danışmaq...

Fərq eləmir heç biri.

Əgər bağışlanmırsa,

Yozulmursa , heç sirri -

ürəyin.

 

Bu misralar yaşamın özünü tam ifadə etməsə də, amma bir az təsəllidi. Daha doğrusu, ağrıyan ürəyin yaralarına bağlanan sarğıdı. Və mən də həmin sarğının kimin əli ilə bağlanmasını heç kimə açmıram, demirəm. Düşünürəm ki, o əlin sahibi o yaranı bağlayacaq Kəs özü işarəmi görür, duyur və bilir. Təbii ki, bu qədər şərhdən sonra ikinci şərhə də heç yer qalmır. Amma...

Amma bütün hallarda göy üzündən, tanrının özündən gələn sevgini göstərmək, reklam etmək bir az gülüş doğurur, istehzaya səbəb olur. Axı ürək kimə aiddirsə, kimin üçün döyünürsə, onu deməyə gərək ki, dil dönməsin. Əgər döndüsə, deməli ürək bütünlüklə o sevgiyə aid deyil. Hələ o ürəkdə nəsə çatmır. Bax, elə bu səbəbdən də mən Tanrıdan gələn pıçıltıları misralamağa, şeirə çevirməyə özümü borclu sayıram. Düşünürəm və əminəm ki, Allah məni bir bəndə olaraq bu missiya ilə şərəfləndirib, bu vəzifəni icra etmək üçün Yer üzünə göndərib. Göndərib ki, sevgidən yazım, sevgini yaşayım, sevgini özümdən sənə, səndən özümə daşıyım. Hətta bəzən küskün halda olsa belə, deyim ki:

 

Kipriklərin çətirin,

Üstümdən yığma, gülüm.

Könlümün çəkdiyinə -

Könlünü sıxma, gülüm!

 

Günümdən gün kəsirəm,

Girovunam - əsirəm...

Görməyə tələsirəm -

Özünü yıxma, gülüm...

 

Həsrət sanki təmənə,

Dən olsa da tən, mənə!

"Can" demədən sən, mənə -

Yuxumdan çıxma, gülüm!

 

Bax, elə bu ovqatın içində də yenə üzümü dünyaya tuturam. Axı, baş verənlər bu dünyanın həm gözünün önündə, həm də ovcunun içərisində gerçəkləşir. Ona görə də "ovcunun içi"ni xüsusi vurğulayıram ki, bu dünya bizi öncə ovuclarını açaraq qarşılayır, sonra da ovuclarını yumaraq öz dərinliyinə çəkib aparır. Bu məqamda mən bir az şairlik edirəm. Necə deyərlər, havalanmış kimi göyə də, yerə də səslənirəm. Səsləndiyim, daha doğrusu, səsdən sözə çevirdiyim isə dörd misradır.

 

Məni göydən ayırıb,

Qaytarın yerin üstə.

Sevgi istəyən olsa -

Məni də verin üstə!..

 

***

Bir damın altında, bir köynəkdə yaşamaq, bir adı daşımaq və o damın da, o köynəyin də, o adın da hər halını özününküləşdirmək, ona sahib çıxmaq, onunla nəfəs-nəfəsə olmaq böyük hünər tələb edir. Bir az da dəqiq ifadə etsək, dözüm zərurəti yaradır. Bu mənada "Ədalət"in damı altında olduğum illər kəsiyində mən zamanı bir az da yaxından gördüm, yaxından duydum. Az qala bəzən zamanın bütün qatlarına baş vurdum. Və nəhayət, gəldiyim qərar, çıxartdığım nəticə bu oldu ki, Yer üzü bəzən adama göy üzü qədər uzaq olur. Bu uzaqlığı yaradan da anlamaq, anlatmaq məsələsidi. Neyləyək ki, bəzən biz özümüz anlamadığımız kimi, bizi də anlamırlar. Bu da son nəticədə adamın təkcə çevrəsi ilə yox, həm də özü ilə üz-üzə qoyur. Hətta bəzən elə bir durum yaranır ki, hər şeyi alt-üst etmək, hər şeyin nöqtəsini qoyub... beləcə, bir ömrün az qala yarıdan çoxu həmin o anlamanın və yaxud da anlamamağın güdazına gedir...elə bu məqamda da son şeirlərimdən biri yadıma düşür. O şeiri başqa ovqatla, başqa istəklə yazmışam Sənə! Əslində mən yazmamışam, mən haqdan gələn pıçıltını misralamışam, vərəqə köçürmüşəm. İndi də uca səslə oxuyuram:

 

Elə düşünmə ki, məndən uzaqsan,

And olsun Allaha, sən yanımdasan!

Havasan, işıqsan, susan, torpaqsan -

Allahın özütək hər anımdasan!

 

Elə düşünmə ki, səndən uzağam -

Kölgənəm, fikrinəm, dildə sözünəm.

Küləyəm, yağışam, odam, sazağam -

Anında, ayında, ildə özünəm!

 

Elə düşünmə ki, biz aralıyıq -

Sən sərhəd çəkmisən, ya mən ölmüşəm...

İkimiz bir dərddən biz yaralıyıq -

Sənə, o dünyadan geri dönmüşəm!

 

Bəli, buy azı mənim dünya ilə, "Ədalət" ilə, duyğular ilə baş-başa qaldığım anın müəyyən məqamlarıdı. Necə deyərlər, içimdən gəlib keçənləri dünyanı, "Ədalət"i əlimdə bayraq kimi tutub onun altında oxuculara səsləndim. Yəqin ki, səsim, sözüm kimlərəsə çatdı... çatmadısa, demək dinləmək istəmədikləri üçün çatmadı. Onlardan incik deyiləm. Çünki səs də, söz də hərəyə bir cür təsir edir. Bu özü də həyatın, dünyanın, elə "Ədalət"in də özündə ifadə etdiyi nüanslardandır. Və...

Gəlin, dünyanı da, ədaləti də bir az sərbəst, rahat buraxaq. Yapışaq ürəyimizin, sevgimizin əlindən, ətəyindən və bir də sığınaq Allahımıza. Sığınaq ki, ədaləti unutmayaq. Sığınaq ki, sevgimizin bizi daşıdığı ünvana yetişə bilək...

 

TƏQVİM / ARXİV