adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7

Duymaq və duyulmaq hissi ... - Əbülfət MƏDƏTOĞLU yazır

ƏBÜLFƏT MƏDƏTOĞLU
398 | 2022-07-13 10:13

Əli Nəcəfxanlı ilə «Payız Prospekti»ndə gəzişərkən

Kitab rəfimin önündə dayananda diqqətimi çəkən təkcə imza olmadı, həm də kitabın adı və üz qabığındakı mənzərə bir anlıq məni xəyallandırdı. Ömrün payızını düşündüm və bu payıza qədər gəldiyim yolun sağını, solunu xatırladım. Necə deyərlər, olmuşları, olanları təkrar yaşadım və bir də baxıb gördüm ki, artıq «Payız prospekti» kitabı ilə baş-başayam. Kitabın müəllifi, dəyərli həmkarım, qələm dostum Əli Nəcəfxanlıdır. Öncədən deyim ki, Əli bəy sözünü o qədər sakit, tələsmədən və hamının eşidə biləcəyi bir üslubda deyir ki, o sözdən yan keçmək, o səsi dinləməmək qeyri-mümkündü. Görünür kitabın tərtibatçıları da məhz bu səbəbdən kitabın üz qabığındakı mənzərədə bir geniş prospektin payızını oxucuya təqdim ediblər. O prospektlə bir sevgi dalınca getmək və yol boyu da o sevginin sənə yaşatdığı, səndən aldığı və sənə verdiyi hər şeyi təkrar-təkrar öz-özünə pıçıldamaq bəlkə də dünyanın ən şirin söhbəti olardı. Çünki sənsizliyin içində səni görmək təkcə möcüzə deyil, təkcə yüksək duyum deyil, o həm də sevginin gücü, ürəyin cazibəsi və ruhun sənin başına fırlanmasıdı. Bax, onda Əli bəyin səsi səni bir nöqtədə dayanıb dinləməyə məcbur edəcək:

 

Səninlə dünya da vardı elə bil,

Sənsizlik içində heç oldu dünya.

Havası boşalan şardı elə bil,

Kiçilə-kiçilə puç oldu dünya.

 

Bəli, bu səsi eşitmək, bu sözləri ruhuma köçürtmək və təkrar özün üçün dilə gətirmək duyğusal insanın öz sevgisini ilk baxışdan, ilk görüşdən yenidən yaşamasıdı, yenidən o kitabı vərəqləməsidi. Belə olan halda ruh da təzələnir, ürəyin çırpıntısı da ritmini dəyişir, gözlərinin işığı da artır. Axı söhbət Səndən gedir. O səndən ki, bu dünyanı mənim üçün cənnət edib. Hətta həsrəti ilə olsa belə. Çünki:

 

Yenə ürəyimi qəm çəkir dara,

Üzüm gündoğana, yolum gecəyə...

Üstümə çəkilən boyalar qara –

Sağım mənə gülür, solum gecəyə...

 

Deməli, sənli dünyanın mənim dünyama çevrilməsi və orada mənim də yerimin olması artıq Allahın işidir. Ona görə ki, sevgi Allahdan gəlib. Onun da hər bir işartısı, hər bir pıçıltısı, hər bir anı ayrıca bir mövzudu, ayrıca bir yaşamdı, hətta o böyük dünyanın içərisində ayrıca bir dünyadı. Biz təklikdə də, baş-başa qalanda da o dünyanın sakinləri olmuşuq, oluruq və olacağıq. Bizim o dünyadan qopmamız o da Allahın əlindədi. Elə ona görə də Əli bəyin sakit bir şəkildə mənə, sənə, bütövlükdə oxuculara üz tutub söylədikləri rahatlıqla qəbul olunur, həzm edilir. Əli bəy deyir ki:

 

Adını anıram adlar içində,

Qismətdən, qədərdən dad eləmirəm.

Sən mənə yad baxdın yadlar içində,

Mən səni yad kimi yad eləmirəm.

 

Gördünüzmü, nə qədər məntiqli, nə qədər səmimi və nə qədər də real bir etirafdı. Kimsə düşünə bilər ki, burda şair hislərə qapılıb. Bir şairanəliklə özünü sevdiyinə təqlim edib! - qoy düşünsün, bu onun özəl ixtiyarıdı. Amma mən bu dünyanın ən böyük Məcnunlarından biri kimi bunu belə qəbul etmirəm. Mən inanıram ki, bu sevgi şairin varlığıdı, ruhudu, ürəyidi. Deməli o da ortaya varlığını, ruhunu, ürəyini qoyubdu. Necə ki mən sənə pıçıldayıram:

 

Alqış dilimdədi, dua qəlbimdə

Min illik sevgiyə yuva qəlbimdə!..

Gözləri görəni duya qəlbi də –

Əlim sübhə açıq, qolum gecəyə!..

 

Bəli, bu da mənim etirafımdı, bu da mənim Allahın qarşısında sənə söylədiklərimdən, yazdıqlarımdan biridi. Bunu da hansısa bir oxucu, hansısa bir yozumda görə bilər. Bu da onun yenə öz işidi, öz baxış bucağıdı. Mən də ona sayqı ilə yanaşaraq öz dünyamda, öz sevgimdə qalıram. Axı hər dəfə deyirəm və yazıram ki, mənim bu dünyada sığındığım dörd divar, Allah və sənsən. Belə olan halda duyğularımı Allahdan və səndən gizlətmək ümumiyyətlə mümkün deyil. Hətta mümkün olsa belə bu, yer üzünün ən böyük günahı, ən böyük cinayəti sayılmalıdır. Onsuz da sevgimi günah bilənlər kifayət qədərdir. Mən o günahı özüm kimilərinsə önündə nümayiş etdirmək istəyindən çox-çox uzağam. Ona görə ki, qələm dostum mənim yaqadığımı öz yaşadığımın fonunda kifayət qədər anlaşılan bir şəkildə hamıya bəyan edibdir:

 

Xəyallar azdıran bir üfüq kimi,

Əlçatmaz, ünyetməz uzaqlardasan.

Barmağa boş gələn bir üzük kimi,

Salıb itirmişəm səni hardasa...

 

Bu bəyanat, bu etiraf Əli bəyə məxsusdur. Mən isə həmin etirafın içərisində özümün etirafımı yaşayıram. Yəni gerçək həyatımın mənası olan sevgimi Tanrı dərgahına qədər yüksəltməyə bütün gücümlə çalışıram. İstəyirəm ki, gecəsindən, gündüzündən asılı olmayaraq bu sevgi təkcə bizi yox, həm də dünyamızı ümidə, işığa bürüsün, sabaha çəkib aparsın. Ona görə də yazıram ki:

 

 

Tanıdım, vuruldum, gördüm sirr səni

Seçdim qiblə səni, bildim pir səni!

Yuxuma gətirir hərdənbir səni –

Bu xətrə, qoy qurban olum gecəyə!

 

Hə, ömrün payızına doğru məni çəkib aparan bir prospektdə Əli bəylə həmsöhbət olduq, yanaşı addımladıq, söhbətimiz alındı. Çünki mövzu sevgi idi. O sevgi ki, hamıya, hər kəsə, bütövlükdə dünyamıza lazımdı, özü də lap çox lazımdı. Əli bəylə mənə isə təkcə mövzu kimi deyil, həm də yaşamımızın mayası, özü kimi lazımdı. Mən dünyamın bütün çalarlarını, bütün rənglərini, bütün ifadələrini sənə olan sevgimdə tapmışam, hələ də tapmaqda davam edirəm. Axı bu bitməyən sevgidi!

P.S. Dünyanın bütün adamlarını az-çox duymaq və duyulmaq hissi olan hər kəsə bitməyən sevgi arzulayıram.

 

TƏQVİM / ARXİV