Saz havası üstdə
Bəzən zamanı qınayırıq...illərin acımasız olduğunu dilə gətiririk...vaxtın azlığını az qala özümüzün qurduğu dar ağacına çəkirik...Bütün bunlar isə heç də elə-belə, yəni səbəbsiz baş vermir.Həmin səbəb elə bizim narahatlığımızın içində, mayasında özünə dam tikib, yuva qurub. Və bunu ovcumuzun içi kimi bilən, görən bizlər bir növü özümüzü görməyən, bilməyən göstərməyə çalışırıq...cəhd edirik! Amma..
Bəli, hamımıza gün kimi aydın olan “bu amma” qaçılmazlıqdı! Reallıq, gerçəklik və həqiqətdi. Cəm halında bizim bütünlüyümüzü anbaan özündə ifadə edəndi. Fikrimi bir az da çılpaqlasam , onda deməliyəm ki, doğumdan başlanğıc alıb bu yazını oxuduğunuz ana qədər olan zaman kəsiyindəki sənsən, mənəm, o-dur!
Bax elə, bizi zamanla qarşılaşdıran, onunla vuruşduran da elə budur! Gerçəklik olan “ bu amma” isə hər zaman qalibdir! Qalibin iradəsi isə müzakirə olunmur! Deməli biz içində olduğumuz zaman kəsiyinin başlanğıcına tərəf boylanmaq məcburiyyətindəyik – özümüzü görüb, tanıyıb , tanıtmaq üçün...
Barəsində könül dostum Şahismayıl Şəmmədoğlundan və Vüqar həkimdən eşitdiyim Əhməd müəllimlə bağlı bildiklərimi, öyrəndiklərimi təkrar-təkrar yaddaşımda təzələdim...Təbii ki, məqsədli şəkildə... Və birdən yadıma ustadım, unudulmaz xalq şairimiz Zəlimxan Yaqubun bir fikri düşdü.Zəlimxan müəllim söhbətlərimizin birində vurğuladı ki,Gücüstan azərbaycanlılarının ucdantutma hamısının sazdan, sözdən çox mükəmməl məlumatı var Çoxluq da saz çalıb, söz deyə bilir. Xatırladığım bu söhbət mənim üçün köklənməyə “Sarıtel” havası üstə yazıya başlamağıma təkan verdi...
Öncə tanış olaq
Əhməd Adil oğlu Məmmədov 1949-cu ilin iyun ayının 9-da Gürcüstanın Qardabani rayonunun Kosalı kəndində doğulub.Torpaqla təması, ağac budaqlarına qalxmağı, mal-davar saxlamaq qayğılarını, bağ-bostan becərməyin çətinliyini öyrənə-öyrənə 1956-1966 –cı illərdə Kosalar kənd orta məktəbində oxuyub.Həyat məktəbinin onu bərkə-boşa çəkməsi bəhrəsiz qalmayıb. O oxuduğu sinifdə də yaşıdlarından fərqlənməyi bacarıb.Nəticədə sovet dönəminin qanunlarına uyğun olaraq qazandığı təhsil uğurlarına görə gümüş medala layiq görülüb.Bu Əhməd Adil oğlunun ilk diqqətçəkən mükafatı idi. Orta məktəbi bu cür uğurlu nəticə ilə başa vuran Əhməd Adil oğlu 1966 –cı ilin yayında sənədlərini o vaxtkı Azərbaycan Politexnik İnstitunun (İndiki ATU –Ə.M.) Elektrotexnika fakultəsinə verdi.
Bu seçimi etməkdə onun əsas məqsədi respublikamızda yeni elmi sahə olan “Radiotexnika” ixtisasına yiyələnmək idi.İndinin özündə də Əhməd müəllim dəfələrlə vurğulayır ki, bu ixtisası gələcək üçün seçdim.Başa düşdüm ki, radiotexnika bütün zamanlar üçün zəruridi Bu ixtsas üzrə işlə təmin olunmaq heç vaxt problem deyil və olmayacaqdı!
Təbii ki, ali təhsil illəri onun yanılmadığını sübut etdi.Real həyata açıq və cəsarətlə baxan , görüb öyrəndiklərini qiymətləndirməyi bacaran Əhməd Adil oğlu artıq institutda da , yəni tələbə arenasında da seçilib önə çıxa bildi. Artıq o bir çox müəllimləri ilə təkcə müəllim –tələbə yox, həm də sabahın gənc mütəxəssis-alimi kimi münasibət qura bilmişdi. Fakultənin pedaqoji kollektivi yavaş-yavaş onu öz sırasına çəkirdi.
1974-cü ildə tələbəliklə vidalaşan Əhməd Adil oğlu sovet ordusunda xidmət keçib yenidən Azərbaycan Politexnik İnstituna qayıdır. Bu qaydış əvvəlkindən çox fərqlənirdi. İlk gəlişdə öyrənmək istəyi, ikinci gəlişdə öyrənə-öyrənə öyrətmək – işləmək istəyi onun qəlbinə hakim idi. Bəli, ataların bir ulu fikri bu məqamda öz təsdiqini tapdı , yəni “ Niyətin hara, mənzilin də ora!” Etdiyi seçim Əhməd Adil oğlunun adına əmək kitabçasının açılması ilə rəsmləşdi. O , bir zamanlar təhsil aldığı ali məktəbdə öncə lobarant, sonra isə laboratoriya müdiri oldu.
İllər bir-birin əvəz etdikcə Əhməd müəllimin də uğurları ilə paralel alim nüfuzu da çalışdığı ali məktəbin hüdudlarını aşırdı. Gənc alimin uğurla müdafiə etdiyi namizədlik işi dövrünün ən maraqlı elmi hadisələrindən idi. 2020-ci ilin dekabrında “Əməkdar müəllim” fəxri adına layiq görülmüş Əhməd müəllim 4 övlad atasıdır. O , bu gün də bir alim-müəllim kimi öz pedaqoji fəaliyyətini Heydər Əliyev adına Hərbi İnstitutun “Elektronika və telekommunikasiya” kafedrasında davam etdirir.
75 yaşın anları...
Kosalı kəndində yurd sahibi olmuş Adil Əhməd oğlu ilə Şöhrət Muxtar qızının birgə nigahlarında bir qız, üç oğul dünyaya gəlibdı. Oğlan lar ali, qız isə orta təhsillidi. Yəni Əhməd müəllimin qardaşları İsmixan və Zəlimxan ali təhsil alıblar. Hazırda İsmixan Kosalıda ata-baba yurdunun işığını yandırır.Zəlimxan isə paytaxtın 6 saylı poliklinikasında həkim-stomotoloq kimi fəaliyyət göstərir.Əhməd müəllimin övladlarının dördü də ali təhsil alıb. Böyük oğlu Pərviz İstanbulda yaşayıb işləyir ,Rəşad Almaniyyanın Bonn şəhərində informasiya texnalogiyaları üzrə mütəxəssis, Anar və Sevda isə Bakıda yaşayıb işləyirlər. Bu övladların dördü də oğul-qız sahibidi. Bunu ona görə xüsusi vurğulayıram ki, Əhməd müəllim söhbətində övladlarından daha çox nəvələrindən danışdı. Vurğuladı ki, üç nəvəm idmanla məşğuldu. Bu uşaqlar Avropa çempionatlarında öz bölmələri üzrə bir neçə dəfə bayrağımızı yüksəklərə qaldıra biliblər. Yunan –roma gülləşi üzrə 2-ci və 3-cü yerləri tutublar.
Əhməd müəllim onu da dedi ki, bu gün gənclər üçün ölkəmizdə geniş şərait var.Hər kəs seçdiyi işin qulpundan tutub qabağa çıxa bilər. Sadəcə inadkar, məqsədli və əməksevər olmaq lazımdı. Doğrudur, bu gün bəzi texnalogiya və labarator şərait baxımından hələ böyük dünyadan geri qalırıq, cihazlarımızın bir qismi 70-80-ci ilərə aiddi. Buna baxmayaraq sürətlə yenilənmə gedir, Qarabağı azad edən xalq, onun gənc övladları digər problemləri də bütünlüklə çözəcək.Müəllimlərin, elm, mədəniyyət, incəsənət, bir sözlə yaradsıcılıq siferasının təmsilçiləri maddi sıxıntıdan qurtaracaq!.
Bəli, həmsöhbət olduğum Əhməd müəllim 100-dən çox elmi-metodik işin, iki dərsliyin və 30-dan artıq dərs vəsaitinin müəllifidir.Əhməd müəllif dəfələrlə Azərbaycan alimlərini Beynəlxalq Konfranslarda təmsil edib. Xüsusilə Çin də, Almaniyada, Türkiyədə onun elmi fəaliyyəti diqqət mərkəzində olub. Bu gün də azərbaycan aliminin fəaliyyəti bu sahənin araşdırıcıları tərəfindən böyük maraqla öyrənilir.
... Bu günlərdə ömrünün 75-ci yayının əlini sıxan Əhməd Adil olu ilə söhbət edərkən hiss etdim ki onun özəl dünyasına saz havaları hakimdi...O , özünün də qeyd etdiyi kimi, yorulanda, sıxılıb darıxanda və bir də qarşılaşdığı haqsızlıqdan dilxor olanda onun köməkçisi, xilaskarı və səbr diləyəni saz havalarımız olur...O gözlərini yumub sakitcə dinləyir...Baş sarıteli...Yanıq Kərəmi ...Ruhani...Gözəlləmə... Bu havalar onun üçün həm ana laylasıdı, həm də toparlanmaq üçün verilən ilahi güc! İnanıram ki bu cür dəstək Əhməd müəllimə hələ çox illərin kürəyini yerə vurmaqda kömək edəcək...Əslən Gürcüstandan olan ailə dostum Səlim həkimin də dediyi kimi, el-oba təssübkeşliyi, ağsaqqalıq bacarığı və səmimiyyəti Əhməd müəllimin həyatda ən üstün cəhətlərindəndi. Bu isə həm də onun qazandığı el-oba duasıdı!