ÜZÜM GÜLMƏK İSTƏYƏNDƏ... - Əbülfət MƏDƏTOĞLU yazır

ƏBÜLFƏT MƏDƏTOĞLU
176 | 2025-08-28 12:00

Vaxtsız yarpaq tökümünə ağı

Qəribədir, biz görmüşdük, eşitmişdik ki, yarpaq tökümü payızda olur. Və bu görüb eşitdiyimizə də söykənib həmişə payızı bir az nisgilli, bir az xəzəl qoxulu yaşamışıq. Elə bilmişik ki, tapdanan xəzəllərin altında ömrün müəyyən anları da, müəyyən xatirələri də, hətta elə bir parçası da əzilir, xışlanır və qarışır torpağa. Amma sən demə, təbiət hadisəsini biz fantaziyamızla, təxəyyülümüzlə, hətta biraz şairliyimizlə ömrümüzə uyğunlaşdırmışıq. Yəni insan ömrünü, təbiət ömrü   ilə, daha dəqiq ifadə etsəm, onun payız fəsli  ilə  paralelləşdirmişik. Elə burdaca tez-tez təkrar olunan və az qala müdrik bir kəlama çevrilən “İnanma şair sözünə yalandır” misrasını yarpaq tökümü ilə bağlı dediklərimizə tam uyğun bildim. Və bir daha anladım ki, şair sözünə inanmaq, uymaq heç də könül rahatlığı gətirmir. Bir də ona görə ki, şairlər xəyalpərvər olur! -deyirlər. Nə isə...

Artıq qorabişirənin, yəni avqustun nəfəsinin daraldığı bu günlərdə yarpaq tökümü gəldi düşdü yadıma, ömrün yarpaq tökümü... Seyrələn sıramızın, azalan dostlarımızın, kasadlaşan güvəncimizin yarpaq tökümü. Bir anlıq böyük ədəbiyyatın böyük adamı Elçin müəllimi düşündüm. Yəni Elçin Əfəndiyevi düşündüm. Ədəbiyyatda sözü, izi olan Kəraməti xatırladım. Böyük poeziya adamı Məmməd İsmayılın pıçıldadığı “Döy qapımı, ağacdələn, döy görüm!” misrasını və bütövlükdə şeirini sanki ilk dəfə dinlədim. Vicdanın susmasına etiraz edən Vidadi Babanlının müsahibələrini elə bil yenidən dinlədim. Dəyərli Vüqar Tapdığın əl boyda kitablarının yenidən kitab rəfindəki yerinə diqqət yetirdim... Hə, bunlar bir ayın yarpaq tökümünün cizgiləridi. Və o cizgiləri düşünə-düşünə rəhmətlik Fərman Kərimzadənin “Qarlı aşırım” əsərindəki qəhrəmanının, yəni Kərbəlayinin sözü yadıma düşdü. T əxminən belə deyirdi:

- Biz görmüşük ki, sel gələndə əvvəl  çör-çöp gətirər, amma  indi qabağa kötükləri veriblər...

Bəli, müqayisə bəlkə də doğru deyil, amma avqustun yarpaq tökümü ədəbiyyatımızın dəyərlilərini, sözümüzün ağalarını silkələdi. Təəssüf ki, bu yarpaq tökümü müəyyən adamların, xüsusilə, ədəbiyyatda olan adamların heç tükünü də tərpətmədi. Sanki dünyasını dəyişənlər onlar üçün heç bir əhəmiyyət kəsb etmirdi, sanki bu “boşalmalar” onlara meydan açırdı. Amma mən bütün varlığımla inanıram ki, dünyada, o cümlədən də ədəbi müstəvidə heç kim heç kimin yerini tutmur, heç kim heç kimin yerində oturmur. Hər kəsin öz sözü, öz yeri var!

Bax bu mənada mən kiçik dairədə, yəni ailəm, kəndim dairəsində itirdiklərimi də xatırlayıb öz-özümə  pıçıldayıram:

 

Üzüm gülmək istəyəndə qəm gülür,

Elə bil ki, dayanıbdı güdükdə...

Niyə məni hamı qəmdən dəm bilir -

Havamı da səsləndirir düdükdə!

 

Bilə-bilə dizlərimin təpərin,

Tapdamadım bir kiminsə çəpərin,

Mən söylədim dərməmişdən bəhərin –

İlk sözümü son sözüm tək gədikdə!..

 

Bu talehdi - bir də gülə, gülməyə,

Həsrət olsun axı kimə, gül, nəyə?

Nişangahdı ,ürək gələn gülləyə -

Sən əsdirmə barmağını tətikdə!

 

Bəli, həqiqətən yaşadığım bu həyatın son 40 ili demək olar ki, ağrı-acı ilə, itkilərlə və bir də içimə axan göz yaşlarımla yadımda qalıb. Onun 30 ili vətəndə vətənsiz yaşamağımla  bağlıdır. Şükürlər olsun ki, Böyük Zəfər vətənsizliyimə son qoydu. Amma içimdəki o sızıltı bir tarix kimi, bir yaddaş kimi qaldı və qalacaq. Bunun da əsas səbəbi yaddaşsızlığımıza, unutqanlığımıza etiraz olaraq qalacaq. Bizi bir daha çomağı əldən yerə qoymamağa kökləyəcək. Amma qalan sonrakı onillik isə təkcə qədərin, taleyin yox, bəzən vaxtsız əcəlin də vurduğu zərbələrin budadığı ömrün ağrılarıdır, itkiləridir.

Deyə bilərsiniz ki, söylədiklərində qeyri-adi heç nə yoxdur. Hamısı hər kəsin bildiyi, hər gün qarşılaşdığı adi hallardır. Olsun! Mən də öz gördüyüm, bildiyim kimi bunu dilə gətirməklə həm duyğularımı sizinlə bölüşürəm, həm də ititrdiklərimin ruhu qarşısında baş əyirəm. Dünyanın vəfasızlığını, ömrün qısalığını bir iynə ucu işıq kimi közərdirəm. Və elə o közərən işıqda da mənim xatırladığım kimi mənim də xatırlanacağıma ümid edirəm və yazıram:

 

Söykəndiyim qaya qopub, daş qopub,

Nəriltisi yeri, göyü titrədir...

Kirpiyimin ucunacan yaş hopub -

Anlamıram, heç bu necə fitrədir?!.

 

Bu gördüyüm bəd üzüdü həyatın,

Kimsə boğur sanki məni tək əllə...

"Baxıb gedər" pıçıldayan bayatım -

Sən dilimdə qırıq-qırıq kəkəllə...

 

Sanki gəzir ruhum indi hər yanı,

Xəyalımda körpülüdü dağ, aran...

Çəkib gecə gözlərimə al-qanı -

Ya bəlkə də dan yeridi ağaran!..

 

Acısın da sıxıb içdim günlərin,

Bir çiçəyin, bir gözəlin adına...

Arasında dolaşanda güllərin

Bir kəpənək salar məni yadına...

 

Həyatın “Ol!”dan “Öl!”ə olan məsafəsi hələ ki rekord olaraq, yəni “Qırmız kitab”a inansaq 150 ilə yaxındır. Lap olsun 200 il. Deməli, “Öl!” qaçılmazdır. Belə olan halda biz niyə bir-birimizlə bu qədər dartışırıq? Biz niyə təəssüf hissini itirə -  itirə korşaldırıq? Axı yarpaq tökümü bizim üçün də var. Vaxtlı və ya vaxtsız...

TƏQVİM / ARXİV