adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7

Əbülfət MƏDƏTOĞLU: Həmsöhbət olduqlarım...

ƏBÜLFƏT MƏDƏTOĞLU
485 | 2021-12-17 16:02

Onlar mənə bəs edir

 

İndi yaşımın elə vaxtıdı ki, hər söz, hər bir hərəkət, hətta baxışın özü belə içimdən izsiz ötüb keçmir. Hətta şeirlərimin birində yazmışam ki, şeh də xətrimə dəyir, meh də!! Bu mənada özümə çəkilməyi, bir az tərki-dünya olmağı, bir az gözdən, könüldən uzaq dayanmağı yavaş-yavaş adətə, vərdişə çevirməyə başlamışam. Çünki könlümü ağrıdan, ruhumu incidən sözlərin və onların sahiblərinin cavabını vermək və yaxud da onlarla üz-üzə gəlmək mənim üçün ikiqat çətinlik yaradır. Bax, bu mənada uzaqda dayanmaq, məsafə saxlamaq daha uyğun bildiyim məqamdır. Və...

Dahilər biri deyib ki, «tez-tez özün-özünlə qal», özün-özünlə söhbət elə. Özünlə danışa bilməyəndə sükutunla, divarlarla pıçıldaşmağa çalış». Mən də dörd divarı, göy üzünü özümə hamıdan doğma sayıram. Çünki onlarla danışmaq, onlarla həmsöhbət olmaq həm günahlarımı üzə çıxarır, həm sevgimi, həm də ağrılarımı. Beləcə bir də baxıb görürəm ki, içim də rahatlanır, ruhum da... Hətta əlim qələm, gözüm vərəq axtarır. Çünki özümlə söhbət, özümü yenidən özümə qaytarır və mən bu qayıdışda bir pıçıltı da eşidirəm. O pıçıltı əslində şeirdi.

 

Anbaan əzab verib,

Baxaraq qürrələnmək...

Bu nə asılmaq deyil,

Nə də ki, güllələnmək –

Bu nifrətdi!

 

 

Ruhuna bələnən tor,

Deyir içində sus, yan!

Gözlərdən tökülən qor,

Yuxuya olan üsyan –

Bu xiffətdi!

 

 

Düşünəndə lap asta

Yaddaşımda səs edən...

Şəkillərlə təmasda

Yanağını isidən –

Bu ülfətdi!

 

 

Nəfəs aldığın anda

Yoxluğuna darılan.

Haqqa üz tutub, canda

Son ümidə sarılan –

Bu Əbülfətdi!

 

 

... Bəli, özümün kim olduğunu elə özümlə söhbətdə dəqiqləşdirəndən sonra bir az lovğalıqla, bir az təşərliklə yazdığım şeiri təkrar oxudum. Sonra səsimi bir az qaldırdım. Dedim ki, şeiri dörd divar da eşitsin... Təbii ki, içimdə oxuyanda, bəlkə elə şeir doğulanda Allah onu dinləmişdi. Və bəlkədən də öncə bu mənim həm də inancımdı ki, o şeiri Allah özü diktə edirdi, mən də yazırdım. Ona görə özümə də xoş gəldi, ruhuma da. Bircə məqamdan başqa. O da özümə, ruhuma xoş gələnin kiminsə tərəfindən təsdiq olunmaması idi. Bu da həyatın qanunudu, ona da hətta istəsəm də etiraz edə bilmərəm. Çünki yazdıran məlum, yazılan da ortada. Deməli, qalır bəndə ümidinə. O ümidə ki, yaşadır. Bir də o ümidə ki, yaşamaq üçün ipucu verir...

İndi bu dediklərimi, bu yazdıqlarımı əliyə-əliyə düşünürəm ki, mən əgər özümlə danışa bilməsəydim, görəsən ürək ağrımı, ruh sızıltımı nə ilə sakitləşdirə bilərdim. Bax, bu düşündüyüm sualın cavabını bu yazını diktə etdiyim ana qədər tapa bilməmişəm. Bəlkə də kimsə bilir bu cavabı. Bu da onun xoşbəxtliyidi. Mənsə hələ ki, ancaq axtarışdayam. Nə zamansa tapacağıma isə şübhə yeri yoxdu. Ən azından ona görə ki, etdiyim dualar bəlli ünvanadır. Elə bu dua kimi:…

 

Ürəyin ümid yerimdi,

Adına dua edirəm.

Həm bazar ertəsi, həm də

Adına, dua edirəm.

 

 

Bəllidi yazılı qədər,

İçimdə yurd salıb kədər!

Sənin doğmaların qədər,

Yadına, dua edirəm!

 

 

Gec də olsa tapıb çəmin

Könlün ovutmuşam qəmin...

Allah, sənə, bir də həmin –

Qadına, dua edirəm!

 

 

Həyatın qəribəlikləri, yaşantıları, sınaqları və bir də ki, adamların sayından çox sifətləri ömrü iynə gözündən keçirir. Olsun!.. Mən də bu iynə gözündən keçən ömür payımda könlümə toxunub, qəlbimə dəyən, heç kimdən qarşılaşmaq niyyətində deyiləm. Allah onların könlünü şad etsin! Mənə dörd divar, Allah və onunla danışmaq, həmsöhbət olmaq qalan ömrümdə də bəs edəcəkdir...

TƏQVİM / ARXİV