Əbülfət MƏDƏTOĞLU KÖVRƏK PIÇILTILARI DİNLƏDİ

ƏBÜLFƏT MƏDƏTOĞLU
197 | 2024-08-06 11:24

Ruh və qələm dostlarımla hər görüşümdə təkrar etdiyim bir fikri yenidən xatırladıram. Belə ki, mənim düşüncəmə görə, hər yeni yazı, yeni kitab müəllifin yeni övladıdır. Onun qüsurlu və qüsursuz doğulmasına baxmayaraq, bütün hallarda bu övlad onu oxucuya təqdim edənin ürəyinin, ruhunun bir nöqtəsi, bir zərrəsidir. Deməli, bu baxış bucağı altında məsələyə münasibət bildirəndə onda bu gün barəsində düşüncələrimi bilgisayara diqtə etdiyim “Kövrək könül pıçıltıları” şeirlər kitabı da müəllifinin, yəni Həzi Həsənlinin öz oxucularına, o cümlədən mənə tanıtdığı bir övladdır. Və mən də bu yeni tanışıma təbii ki, xoş gəldin deyirəm. Və...

Həzi Həsnli mənim aid olduğum  zaman kəsiyinin söz adamıdır. Özü də hay-küysüz, çığır-bağırsız, sakit bir şəkildə öz yaradıcılıq hücrəsində qələmi ilə, kağızı ilə pıçıldaşar, ara-sıra da bu pıçıltılar mətbuata üz tutar. Gələr və bizi sevindirər. Tam səmimi vurğulamaq istəyirəm ki, Həzi Həsənli təbiətən necə sakit, mənim doğulduğum tərəflərdə deyildiyi kimi, necə astagəldisə, şeirləri də, digər qələm məhsulları da kom halında özünə bənzəyir. Sakit, astagəl... Oxuyanda elə bil ki, bulaq başında oturub heç hara tələsmədən o suyun səsinə qulaq asırsan. Öz təbii axarı ilə axan suyun. Deməli, bu da ondan xəbər verir ki, Həzi Həsənli öz sözü ilə, öz ruhunu misralara, cümlələrə çevirməklə məşğuldur. Həm də heç kimə heç nə demədən, heç kimdən rüşvət almadan. Amma ,burda qeyd ediləsi bir nüans da var. O da müəllifin cəmiyyətin içərisində olmasıdır, baş verənləri görüb , duyub izləməsidi. Yəni o, təkcə müşahidəçi deyil, həm də iştirakçıdır.

Ona görə də böyük Zəfərimizi tərənnüm edəndə onun da müsəlləh əsgər olduğu gün kimi aydın olur. O yazır ki:

Qəlbimdən qəmi at, qübarı götür,
Mən sazı  götürüm, sən tarı  götür,
Qarabağ bülbülüm Şuşada ötür ,
Bəmimdə zəfərdi, zilimdə zəfər

 
Bu misraları oxuyanda özündən asılı olmadan zəfəri ruhən təkrar yaşayırsan. Onu bizə bəxş edənlərin qarşısında baş əyirsən. Hətta Xocalı soyqırımı  da, Qaradağlı faciəsi də, Kəlbəcərdə Ağdaban qətliamı da o Zəfərlə təsəlli tapır. Və həmin məqamda şairin məsələyə təkcə yaradıcı insan kimi deyil, həm də vətəndaş kimi yanaşması öz təsdiqini Xankəndində ucaldılan bayrağın əzəmətində təsdiqləyir. Həmin şeirin hər bəndində otuz illik yurd nisgilimizin necə böyük bir sevincə çevrildiyinin şahidi oluruq:

Bu günü görməkçün günləri saydıq,
Ucaldı  göylərə Xanbayrağımız!
Xankəndim - Cankəndim , gözlərin aydın!
Yox oldu  candakı ağrılarımız...

 

Və  yaxud :
 

Sənsən ucalığın  arzu qitəsi,
Sənsən ucalığın ən son nöqtəsi!
Canbayrağım, Xanbayrağım,
Zirvədən baxan bayrağım!

Bax elə bu misralarla da baş-başa qaldığım kitabın ümumi ab-havasına köklənirəm. Artıq mən bir oxucu olaraq bu kitabda yurd sevgisinin, şəhid ruhuna səcdənin və bir də Azərbaycan coğrafiyasının bütün çalarlarına özəl yanaşmanın izləyicisi olacağıma artıq əminəm. Ona görə də ,az qala lal suların pıçıltısından bir şəlalə hayqırtısına qədər uzanan yolun yolçusuna çevrilirəm. Misra-misra, bənd-bənd təkcə yerlə, göylə deyil, daşla, ağacla, çiçəklə, güllə, ən vacibi isə Tanrı ilə ünsiyyət qura-qura yeni nəğmələrin söz şəklini vərəqlər köçən görürəm. Həmin o şəkillər özü-özünü dilmancız, vasitəçisiz təqdim edir:

Dünyada  nə  varsa  , göz  vərəqləyir,
Bəsirət  gözümüz düz  vərəqləyir,
Görünməz gözünə  dünyanın varı,
Şair  kitab-kitab söz  vərəqləyir...

Və yaxud:

Unutmaq çətindir ötən günləri,
O gözdən, könüldən itən günləri.
Axırı qovğayla bitən günlərin
Qapısı yoxdur ki, döyəm beləcə.

 
 
Yeri gəlmişkən, qeyd etmək istəyirəm ki, Həzi Həsənli bu kitabında öz ruhunun konkret ifadəsi olan “Dördlüklər”ə və “Beytlər”ə xüsusi yer ayırıb. Mən həmin o dördlüklərin və beytlərin hər birini bitkin şeir kimi görürəm və hiss edirəm ki, müəllif o dördlükləri, beytləri pıçıldayanda artıq onun bitkin formada şəklini özü üçün çəkibmiş. Ona görə də dörd misra bir oxucu olaraq mənə hər şeyi çatdırır. Oxuyuram, qəbul edirəm və razılaşıram. Bu da müəllifin sözə  könül verib könül alması ilə yanaşı, həm də az sözlə bitkin bir fikri ifadə etmək ustalığıdır. Deməli, bir yaradıcı olaraq, ruhunun, ürəyinin diqtəsini misralamaq heç də oxucuya çox söz demək deyil. Əksinə, az söün içərisində daha çox fikir çatdırmaqdı. Və bir də elə əbədi mövzular var ki, onlar bütün zamanlarda və bu gün də, eləcə də gələcəkdə də yaradıcı adamların diqqət mərkəzindədir. Məsələn, sevgi, həsrət, ayrılıq, ölüm və s. Bax bu əbədi mövzularda yeni fikir tapıb ortaya qoymaq, bu yeni fikri də oxucuya həzm etdirmək artıq şairin ilhamının qüdrətidir. Mən Həzi Həsənlinin “Aman ayrılıq” şeirində bunun şahidinə çevrildim. Eləcə də “Bəyaz duyğular”da da yeni hisslərlə qarşılaşdım:

Elə kövrəlmişəm Kərəm sazıtək,
Gedim söyüdlərin saçın hörməyə,
Gəlmişdin ümidtək, getdin arzutək,
Gedim qəbrin üstə köks ötürməyə...

 
 Bir oxucu kimi son aylarda diqqətimi çəkən kitablar arasında Həzi Həsənlinin “Kövrək könül pıçıltıları” yaxşı mənada mənə bir xeyli mətləbləri, məqamları pıçıldadı. Doğrudur, mən kitabın adındakı “kövrək” sözünü o qədər də qəbul etmədim. Çünki könül pıçıltıları mənim anlamıma görə hissələrə bölünmür. O, yalnız kiminsə qulağına, kiminsə ruhuna pıçıldanır. Həmin  o pıçıltını mənə görə ancaq Tanrı eşidir. Deməli, onun bütün parametrləri, hiss və həyəcanları Tanrıya məlumdur. Məhz bu mənada söz də nişanədir. O, sənin içində artıq özünə yer tapa bilməyəndə kağıza köçür, vərəqə hopur. Necə ki, Həzi Həsənli Gülhanəni görəndə o duyğuları içində gizlədə bilməyib :

Gəlib, görüb neçəsi,

Gələn bir  gün köçəsi,

Xatirələr ilçəsi...

Gülhanədi, Gülhanə.

 
Şairin mənə qardaş sevgisi ilə hədiyyə etdiyi kitabında sevgi mövzuları müxtəlif prizmalardan oxucuya təqdim olunur. Özü də həmin sevgilərin hamısının ünvanı ürəkdir. Hiss olunur ki, yaşanmış bu sevgilər çox rahatlıqla misralara çevrilir. Necə deyərlər, gerçəklik təsdiqini sözdə tapır. Bu mənada həmin sevgi şeirlərinin hər biri bir anın, ovqatın deyil, həm də ömrün yadda qalan diqtəsidir. Və mən o misraların arasında ömürdən, gündən gəlib keçən sevginin yol xəritəsini çəkirəm.

Özü də Həzi Həsənlinin misraları ilə:

Dağların oğluyam, məskənim budur,

Can dərmanım təmiz  hava, saf  sudur,

Könlüm deyiro dağlarda yuva qur,

Bu  şəhərdə yorulmuşam, Dağüzü!

Və yaxud:

Nə işim var  fələklə,

Nə sirdaşam küləklə,

Sən danış  öz- özünlə,

Mən danışım ürəklə...

 
Və nəhayət, “Kövrək könül pıçıltıları” barəsində oxucu təəssüratımı siznlə bölüşərkən bir daha vurğulamaq istəyirəm ki, müəllif içindəki ümidsizliyi də şübhəni də sonda işığa, ümidə çevirə bilir. Ona görə də birmənalı şəkildə vurğulayır ki, sular axıb durulacaq və durulan sularla paralel olaraq bu sevgi dolu həyatın nağılları da bitməyəcək. Çünki ürək sevgi ilə döyünür. Və o döyüntülər də həzin pıçıltılara çevrilir – könül pıçıltılarına...
Həmin pıçıltılardan bir də  belə  başlayır:

Uzaq  düşsək biz üfüqtək,

Əllərimiz yetməyəcək.

Ürəyimiz  dözməyəcək,

Bu  nağıl da  bitməyəcək.

P.S Kaş ki, bitməsin kövrək pıçıltılar!..

 

 

  • Avqust:
  • 2

TƏQVİM / ARXİV