Əbülfət MƏDƏTOĞLU: Səmimiyyəti həyat kredosu edən KİŞİ

ƏBÜLFƏT MƏDƏTOĞLU
1112 | 2021-12-01 13:31

Musa Əfəndiyev haqqında düşündüklərim

 

Hərdən mənə elə gəlir ki, yaşadığım illəri boşa vermişəm. Necə deyərlər, papağı günə yandırmışam. Çünki çevrəmə baxanda bir boşluq, bir seyrəklik görürəm. Güvəndiklərim, sığındıqlarım, istinad etdiklərim zaman-zaman seyrəlir. Bu, təkcə ömrün payızı demək deyil, bu həm də qədərdi, yazıdı, qismətdi. Çünki Yaradan «Ol» deyəndə, nə məndən soruşmayıb, nə də sizdən. O, yəni Allah «ol» deyib. Biz də olmuşuq, hərəmiz bir tərəfdə, bir ocaqda, bir bələkdə, bir bölgədə. Sonra yollarımız kəsişib. Və baxıb görmüşük ki, «Ol» deyənin bizi yönəltməsi təsadüf deyil. Axı, ululardan, müdriklərdən qalan bir deyim var. Onlar deyib ki, «taylı tayını tapar» və yaxud «su axar, çuxurun tapar». Bu deyimlər də sınanır və yenə də sınanacaq... Olsun, bunun özü də insanın yaşaması, ayaqda olması üçün bir ipucudu, bir təsəllidi. Axı, biz həmişə bir əlimiz sabahın ətəyində yol gedirik. Və həmişə də deyirik ki, inşallah, sabah filan işimizi belə edəcəyik! Bu da o deməkdir ki, içimizdəki ümid və güvənc bizim həyat kredomuzu dəqiqləşdirir, istiqamətimizi təyin etməkdə kompas rolunu oynayır. Və...

Bəli, mən onun barəsində yazmaq istəyimi xeyli vaxtdır ki, ürəyimdə sözbəsöz cilalayır və onu günün birində kağıza köçürəcəyimə özümü hazırlayırdım. Tam səmimi deyəcəm. Haqqında yazacağım adamın bu yazıya və yaxud mənim onun barəsində deyəcəyim hansısa fikirə ehtiyacı yoxdu. Çünki o, özü əxlaqı ilə, həyat fəaliyyəti ilə və ən vacibi, ən yüksək Tərbiyəsi ilə bu yazını çoxdan yazdırıb. Onu tanıyanlar bu şəxsiyyətin yanında demək olar ki, elə bir auraya düşürlər ki, orda yalnız müsbət enerjinin, istiliyin, doğmalığın, bir də etibarın elementlərini görmək, hiss etmək mümkündü. Bilmirəm, bunun səbəbi nədir? Ancaq bildiyim odur ki, həqiqətən bu insanın yüksək tərbiyəsi şəxsən məndə ona həsəd hissi yaradıbdı...

Qarabağda, xüsusi ilə Füzulidə, eləcə də Füzuli rayonunun timsalında ictimai-siyasi həyatımızın tanınan şəxsiyyətlərindən biri Aslan Mehdiyev, digəri də Nəbi Muxtarovdu. Barəsində yazmaq istədiyim Musa müəllim isə Naxçıvanda, lap dəqiq desəm, Ordubadda doğulub. Musa müəllimlə məni adını çəkdiyim dəyərli ağsaqqallarım – Nəbi müəllim və Aslan müəllim tanış edib. Bu da həyatın bir zərurəti olub. Zərurətin mahiyyəti yaşla bağlıdır. Bu insanlar Bakı şəhərinin önəmli istirahət yerlərindən biri olan və akademik Zərifə xanım Əliyevanın adını daşıyan parkda hər gün gəzməklə, söhbətlər etməklə günün nəbzini əllərində saxlayır, həyata münasibətlərini bir-birilərinə çatdırırlar. Oxucularıma çatdırım ki, həmin istirahət parkı ilə bağlı yazdığım yazının adını da Nəbi Muxtarov demişdi mənə. O, söyləmişdi ki, bu park əslində fillər məzarlığıdı. Yəni, həmin ətrafda yaşayan sabiq məmurlar, elm adamları, dövlət xadimləri, daha çox bu parkda bir araya gəlib xatirələrini bölüşür, bir-birinin həm kədərinə, həm də sevincinə şərik olurlar.

Bax, günlərin birində Nəbi müəllim məni Musa müəllimlə burada tanış etdi. Elə ilk söhbətdən hiss etdim ki, Musa müəllim qarabağlılar demiş, ağır taxtalı kişidi, sanballı adamdı. Çünki danışığında da, hərəkətində də hər şey o qədər dəqiqliklə ifadə olunur ki, yalnız baxmaq,

dinləmək və necə deyərlər, görüb götürmək qalır adama. Həmin tanışlıq aylar, illər ötdükcə daha da doğmalaşdı. Dostumun dostu mənim üçün də əzi zadam oldu. Və burda bir məqamı da qeyd edim ki, Nəbi müəllimlə bağlı hazırladığım kitabda Musa müəllimin ürək sözlərini də çap etmişəm. Onun əlyazmasını oxuyanda, mənə elə gəldi ki, Musa müəllimin daxilində bir redaktorluq da var. Çünki həm cümlə quruluşu, həm təqdim olunan xatirələr bir-birini elə tamamlayırdı ki, sanki hansısa böyük bir mətbu orqanın redaksiyasından keçib gəlmişdi. Ona görə də mən həmin yazının nöqtə, vergülünə də toxunmadım.

Yaxın günlərin söhbətidi. Yenə dostlar bir araya gəlmişdi. Aslan müəllim, Nəbi müəllim, Sədrəddin müəllim və Musa müəllim. Telefonuma zəng gəldi. Arayan Nəbi müəllim idi. Mən də dostlarıma qoşuldum. Söhbətin bir məqamında nə vaxtdan ürəyimdə gəzdirdiyim fikrimi dilə gətirdim. Dərhal Nəbi müəllim də, Aslan müəllim də, Sədrəddin müəllim də mənə dəstək oldu. Onların hər biri Musa müəllim haqqında ağızdolusu, ürəklə, elə fikirlər söylədilər ki, mən hissiyatımda yanılmadığıma bir daha əmin oldum. Və elə o məclisdə deyilən sözləri də köçürtdüm yaddaşıma...

Aslan Mehdiyev: - Musa müəllimlə həm qonşuyuq, həm dostuq. Bu adam Ordubadlıdı. Mən isə Füzulidən. Bizim bir-birimizə bağlılığımızın kökündə təkcə qonşuluq dayanmır, həm də təmkin, təcrübə və bir də yerini, necə deyərlər, oturuşunu, duruşunu bilmək dayanır. Yəni bu kişi heç vaxt bir sözü də artıq deməz, bir addımı da artıq atmaz. Elə bil ki, Allah bunu ağsaqqal kimi dünyaya gətirib. Olduğu hər yerdə Musa müəllim ancaq söhbətləri ilə deyil, həm də davranışı ilə diqqət mərkəzində olur. Uzun illər rəhbər vəzifələrdə işləyib. Kifayət qədər həyat təcrübəsi var. Amma bununla belə, indinin özündə də Musa müəllim yeni, maraqlı nəyəsə rast gəldisə, onu mütləq bizimlə bölüşür, həmçinin onu öz həyatına köçürür. Deməli bu insan öyrənmək və öyrətməkdən zövq aldığı kimi, onu həyata keçirməkdən də zövq alır. O ki, qaldı qonşuluğumuza, kaş hamının Musa müəllim kimi qonşusu olsun. Onda mehribançılığın nə demək olduğunu hər kəs əyani şəkildə görmüş olar.

Nəbi Muxtarov: - Əbülfət, sizi mən tanış eləmişəm. Mən isə Musa müəllimlə bu parkda tanış olmuşam, gəzişəndə qarşılaşmışıq, salamlaşmışıq. Sonra başlamışıq birlikdə bu parkda gəzməyə. Və sonra birlikdə çay içmişik, nərd oynamışıq. Bir də baxıb görmüşəm ki, Musa müəllimlə artıq tanış yox, dostuq. Bir-birimiz üçün darıxırıq, bir-birimizin evinə, telefonuna zəng edirik. Sonra birlikdə məclislərə gedirik. Artıq bu ünsiyyət mənim üçün zərurətə çevrilib. Gözüm onu parkda görməyəndə tez əlimi cibimə atıb telefonuna zəng edirəm. Həyatdakı ən böyük qazanclarımdan biri də Musa müəllimlə dostluğumdu. Sənə bir şey də deyim ki, öncə mənə söylədiyin fikrinlə tam razıyam. Həqiqətən Musa müəllim yüksək tərbiyə, diqqət, səmimiyyət sahibidi. Mən hərdən əsəbləşəndə, Musa müəllimin üzünə baxıb, necə deyərlər fikrimi bir az redaktə edirəm. Çalışıram ki, onun yanında senzuradan kənar söz söyləməyim. Çünki bu adamın üz-gözündən yağan o doğmalıq, o səmimiyyət buna imkan vermir. Dəyərli kişidi, əsl ağsaqqaldı, gözəl ailə başçısıdı, oğul-uşaq, nəvə sahibidi.

Sədrəddin Məmmədov: - Mən Musa müəllimlə həmyerliyəm. Bir-birimizi də çoxdan tanıyırıq. Amma bir gerçəklik var ki, bizi bir-birimizə daha çox bağlayan Nəbi müəllimlə Aslan müəllimdi. Çünki biz üçümüz bir yerdə olan ki, onlar dərhal məndən qabağa düşüb Musa müəllimi axtarırlar. Özü də Musa müəllimdə olan adamlara münasibət qabiliyyəti bu gün çox loru dildə desəm, «defisit» olub. Yəni, şəxsən mən adama adam münasibətinin necə kasadlaşdığını gördükdə ürəyim ağrıyır. Çox şükür ki, Musa müəllim kimi kişilər var. Onunla dost olmaq, həmyerli olmaq şəxsən mənə şərəfdi. Allah Musa müəllimi qorusun, sevdiklərini qorusun...

...Mən dostlarımı zaman-zaman ürəyimdə yazdığım yazıya əlavə etdikləri bu fikirləri ilə daxilən bir məmnunluq hissi ilə razılaşdım. Ona görə ki, dostumun dostu barəsində düşündüklərim öz təsdiqi tapmışdı. Bu təsdiqin də adı, ünvanı Musa Əfəndiyev Səmimiyyətidir. Şükürlər bu günümüzə ki, Səmimiyyət ayaq altında deyil. Səmimiyyət dəyərli insanlarda, dəyərli kişilərdə yaşamaqdadır. Özünüzün və Səmimiyyətinizin ömrü uzun olun Musa müəllim.

TƏQVİM / ARXİV