adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7

 ƏDƏBİYYATIMIZIN MUSTAFA ÇƏMƏNLİSİ - Əbülfət MƏDƏTOĞLU yazır

ƏBÜLFƏT MƏDƏTOĞLU
428 | 2022-09-08 11:53

Bəri başdan deyim ki, Mustafa Çəmənlinin imzasını tanıyanda orta məktəbin son siniflərində oxuyurdum. "Ulduz" jurnalında çap olunmuş hekayəsi diqqətimi çəkmişdi. Hardasa ötən əsrin 70-ci illərinin ortaları idi. Və açığını da deyim ki, Mustafa müəllimin təxəllüsü də məni özünə çəkmişdi. Hardasa bir qarabağlı kimi hiss etmişdim ki, yenicə imzasını tanıdığım bu yazıçı elə biz tərəflərin adamıdı. Mən o qədər yerlipərəst olmasam da, lakin adamın daxilində öz bölgəsinə sevgi, sayğı bir az artıq olur. Bax, o sayğı da, o sevgi də Mustafa Çəmənli imzasını mənim yaddaşıma yazdı. İllər ötdü və bu ötən illər günlərin bir günündə məni Mustafa Çəmənli ilə qarşılaşdırdı. Onda Mustafa müəllim "Yazıçı" nəşriyyatında işləyirdi. Və mən də yazı-pozuya meylli gənclərdən biri kimi redaksiyaların, nəşriyyatların qapılarını artıq tanımışdım. Hətta bəzi yazıçı və şairlərlə dostluq əlaqələri də qurmuşdum. Bu münasibətlər də təbii ki, həmin mühiti, həmin dairəni yavaş-yavaş genişləndirirdi. Genişlənən dostluq dairəsində bir gün ruhuma dualar oxuduğum gözəl naşir dostum Əlican Əliyev də var idi. Bax, məni Mustafa müəllimlə daha da yaxınlaşdıran təbii ki, bir insan, bir ziyalı kimi onu daha da içdən görmək şəraiti yaradan elə Əlican müəllim oldu.

Həyatın öz axarı Çingiz Əlioğlu, Zülfüqar Şahsevənli, Musa Ələkbərli və digər dəyərli qələm dostlarımın çalışdığı "Gənclik" nəşriyyatında Mustafa müəllimlə əlaqələrimi daha da möhkəmlətdi. Demək olar ki, artıq biz hər görüşəndə doğma adamlar kimi hal-xoş edib bir-birimizin problemləri ilə maraqlanmağa başlamışdıq. Deməli, həmin o "Ulduz" jurnalında oxuduğum hekayənin işığı düşübmüş bizim dostluğa doğru gedən yolumuza. Və...

Azərbaycan oxucusu Mustafa Çəmənli imzasını iki məqamda çalarları ilə, bütün təfərrüatı ilə yaxşı tanıyır. Bu təfərrüatlardan, bu çalarlardan birincisi Mustafa müəllimin yazıçı, nasir, publisist qələmidi. Yəni onun biz oxuculara ərməğan etdiyi bütün əsərlərinin hamısı birmənalı şəkildə maraqla qarşılanıb. Ona görə ki, bu əsərlərin mayası Azərbaycan tarixi, Azərbaycan mentaliteti, Azərbaycan dünyasıdı. O cümlədən Mustafa müəllimin publisist yazılarında da həyatın gerçək tərəfi bədii prizmadan elə təqdim edilib ki, onu maraqla oxumamaq mümkün deyil. Lap elə "Ədalət" qəzetində işıq üzü görmüş sonuncu publisist yazısı, xatirələri, yəni "Nəşriyyatlarda keçən ömrüm" özü-özlüyündə mənim dediklərimi sübut edir. Bu sonuncu publisistik yazı Mustafa müəllimin nəşriyyatla, mətbuatla bütün təmaslarını şirin bir xatirə kimi oxucu qulağına pıçıldayır.

İkinci məqam Mustafa müəllimi redaktoru kimi Azərbaycan ouxucusuna sevdiribdi. Belə ki, Mustafa müəllimin redaktor süzgəcindən keçib oxucu auditoriyasına üz tutan kifayət qədər kitablar var. Həmin kitabların müəllifləri də təkcə Azərbaycan yazarları, qələm adamları deyil. onların arasında keçmiş SSRİ respublikalarının yazarları, eləcə də dünyanın müxtəlif millətlərini təmsil edən yazıçılar da var.

Bax, bu iki məqam Mustafa Çəmənlini mənə söz adamı kimi ikiqat sevdiribdi. Həm özünü oxumuşam, həm də özünün təqdim etdiklərini. Və burada təvazökarlıqdan uzaq da olsa vurğulamalıyam ki, şəxsən mən, Mustafa Çəmənlinin biz oxuculara təqdim etdiyi, hədiyyə etdiyi əsərlərinin demək olar ki, böyük əksəriyyəti barəsində öz oxucu fikirlərimi zaman-zaman bölüşmüşəm. Onun "Xallı gürzə" və "Ölüm mələyi" tarixi romanlarını isə xüsusi zövqlə mütaliə etmişəm.

Bu gün yaradıcılığna az-çox bələd olduğum, sözünü və özünü çox istədiyim Mustafa müəllimin 70 yaşın əlini sıxır. Düzünü deyim ki, ürəyinin təpərinə, sözünün kəsərinə və səmimiyyətinə inandığım, şəxsiyyətinə hörmət etdiyim Mustafa müəllimin bu yaşa gəlib çatmasına o qədər də inanmıram. Çünki ondakı gənclik eşqi rəhmətlik Üzeyir Hacıbəyovun təbiri ilə desək, 50 yaşlı cavandı. Mən də ustadıma, cavan dostuma "yubileyin mübarək!" deməklə bu kiçik yazını ad gününə ünvanlayıram. Bilirəm ki, bu səmimi, amma çox yığcam yazı Mustafa müəllimin bütün yaradıcılığı önündə çox kiçik bir yazıdı. Tanrı imkan versə, növbəti yubileyində bir də ürək sözlərimi daha geniş şəkildə deyəcəyimə söz verirəm. Bəribaşdan isə əlini sıxıb "100 yaşa, Mustafa müəllim, yaz, yarat!" - deyirəm.

P. S Sentyabrın 10-da Mustafa  müəllimin 75  yaşı  tamam olur! Mən bu  yazını Onun 70 yaşına yazmışdım. Aradan keçən 5 ildə   baş verənlərlə bağlı isə bu gün yazacam...Buyurun , bu da yazımın ardı...

                                                                                                 ***

Onun barəsində 70 yaşında yazmışdım. İndi aradan 5 il keçib. Otağımda var-gəl edə-edə bu 5 ili çözməyə, vərəqləməyə çalışıram. Çünki içimdən gələn səs məni kağıza, qələmə tərəf çəkir. Və elə bil ki, o səs bir hakim kimi hökm edir ki, otur yaz! Mən də nə yazacağımı qərarlaşdırmağa çalışıram. Ona görə ki, barəsində yazacağım dəyərli ADAM sözün naxışını da bilir, qatlarını da tanıyır, hətta durğu işarələrinin də alt qatından xəbərdardı. Ona görə də ötəri, xətir xoş etməyə yazı yazmaq olmaz. Ən azından bu özümün özümə hörmətsizliyim olar və ...

Mustafa müəllimin 70 yaşına qədər mənə bəlli olan həyatını oxucularıma xatırlatdım. Təbii ki, yazının əvvəlində -  birinci bölümündə onun 70 yaşına təbrik yazanda. İndi isə birbaşa bu 5 ili çözürəm və istəyirəm hamı bilsin ki, bu 5 ildə mənə Mustafa Çəmənli ilə daha sıx təmasda olmaq, daha tez-tez danışmaq, söhbətləşmək imkanı yarandı. Səbəb də bu oldu ki, pandemiyaya görə virtual görüşlərimiz, telefon söhbətlərimiz sıxlaşdı, sırası genişləndi... onun hər zəngində mən yeni bir fikrin dinləyicisi oldum. Xüsusilə Zəfər müharibəmizin ilk günündən Şuşaya bayraq sancılana qədər demək olar ki, hər gün danışdıq... hər gün bir-birimizə göz aydınlığı verdik!..

Və mənə elə gəldi ki, Mustafa Çəmənli həmin günlərdə yenidən doğulmuşdu. Səsindəki həzinlik də, doğmalıq da, sevinc də, bir sözlə, xoşbəxtlik çalarları o qədər artmışdı ki, mən artıq hərdən düşünürdüm ki, bu xoşbəxtliyə onun ürəyi dözməyəcək. Amma Ağdamı görmək, ziyarət etmək, torpağı öpmək arzusu onun dözümünü bir az da artırdı. Və beləcə bu dözümün sahibi mətbuatda daha çox çıxış etməyə başladı... İstər «Ədalət»də, istər «525-ci qəzet»də, istər digər mətbu orqanlarda. O, «Erməni polkovnikinə məktub» yazanda da, Şuşayla bağlı bilgilərini bölüşəndə də, savaş qəhrəmanlarımızı təbliğ edəndə də, korifey sənətkarlarımızı kitablaşdıranda da... Bu gün musiqimizi, xüsusilə muğamlarımızı dünyada tanıdanlardan bəhs edəndə də...  Oxucularına, daha çox da mənə «Oxu, bu yazını!» - deyirdi sanki və mən də oxuyurdum. Eləcə də mənim yazdıqlarımı Mustafa müəllim oxuyub səhər-səhər zəng vurub münasibət bildirəndə də mən onun böyük ürəyinə təkrar-təkrar heyran qalırdım  və  indi də  belədi!

İndi 5 ilin ən önəmli məqamlarından biri olan Ağdamın, Şuşanın, ümumiyyətlə, işğal altındakı torpaqlarımızın azadlığı hamımız kimi Mustafa müəllimin də çiynindəki vətənsizlik yükünü, ürəyindəki yurd nisgilini yuyub aparıb. Ona görə də o, mənə əvvəlkindən daha gümrah görünür . Onun dəyərli yazıçımız, çox böyük ziyalımız olan Əli Əmirli ilə bağlı yazdıqlarını oxuyanda və bir də təkrar «Nəşriyyatda keçən ömür»ü vərəqləyəndə, ağsaqqal dostumun keçdiyi yolun bilmədiyim məqamlarını yenidən öyrənəndə, tam səmimi deyim ki, ürəyimdən bir istək  gəlib keçdi. O sözü indi deyəcəm:

- Mustafa müəllim, siz elə-belə, sıradan bir yazıçı, publisist, redaktor ömrü yaşamadınız. Siz külünglə daş çapan, iynəylə yer qazan və seçdiyi yola alın tərini su kimi çiləyib, ümid  göyərdən ziyalımızsınız, yazıçımız, publisistimiz, redaktorumuzsunuz, tədqiqatçımızsınız, arışdırmaçımızsınız. Yaşadığınız halal ömür həmişə halal qələmə xidmət edib. Ona görə də sizin öyünməyə, şair kimi desəm, yaşamağa haqqınız var. Özü də halallıq dolu haqqınız!

Bəli, mən Mustafa müəllimlə məclisdə də, tədbirdə də, redaksiyada da, bir sözlə, hər yerdə özümü rahat hiss etmişəm. Bu gün yazımı kağıza köçürəndə də, bilgisayara diktə edəndə də içimə bir rahatlıq hakim olub. Ona görə ki, dost haqqında, qardaş haqqında yazıram və inanıram ki, onun barəsində içimdə olanların bir misqalı olan bu yazı diqqətindən yayınmayacaq. Çünki o, həm də diqqət adamıdı. 75 yaşın mübarək, tanıdığım, dost bildiyim ADAM!

TƏQVİM / ARXİV