Əməliyyat zamanı doğum gününü qeyd edən cərrah cəzalandırılıb.
Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən Adalet.az-a bildirilib ki, faktın ətraflı araşdırılması məqsədi ilə Səhiyyə Nazirliyinin tapşırığı əsasında Analitik Ekspertiza Mərkəzi tərəfindən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq 09 yanvar 2025-ci il “GERMAN HOSPİTAL” adlı özəl tibb müəssisəsində plandankənar yoxlama keçirilib.
Keçirilən xidməti yoxlama zamanı inzibati xətanın törədilməsi faktı aşkarlanıb və bununla əlaqədar işçi heyətin 4 (dörd) məsul üzvünə inzibati xəta məcəlləsinin 215.3 maddəsi ilə İxtisaslaşdırılmış tibbi yardımın “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan qaydada göstərilməməsinə görə beş yüz (500) manat məbləğində cərimə nəzərdə tutulmaqla inzibati xəta haqqında protokollar tərtib edilərək, aidiyyəti üzrə Səhiyyə Nazirliyinə növbəti icraata göndərilib.
Nəzarət tədbirləri zamanı nöqsanlar aşkar olunduqda müvafiq qanunvericilkdə nəzərdə tutulan qaydada inzibati tənbeh tədbirləri (inzibati cərimə) görülür, təkrar aşkar edildikdə əlavə tədbirlər həyata keçirilir. Xüsusi ağır hallarda, həmçinin ölüm faktları zamanı isə bu məsələ məhkəmə-tibbi ekspertizası və hüquq-mühafizə orqanlarının səlahiyyətinə keçir.
Qeyd etmək istərdik ki, hər bir pasiyentin müraciət etdiyi həkimin sertifikatını tələb etmək hüququ var. Əgər həkim həmin sertifikatı təqdim etməzsə, o zaman vətəndaş AEM-in “bir pəncərə” sistemi, “qaynar xətt”i (012 596 05 20), [email protected] elektron ünvanı və ya pharma.az saytının müraciət bölməsi vasitəsi ilə bizə müraciət edə bilər. Bu halda araşdırılma aparılır və lazım gələrsə, plandankənar yoxlama aparılması barədə qərar qəbul edilir.