Mübarizə görə tanıdıq, təmkininə, vətənpərvərliyinə, müdrikliyinə görə sevdik - Əntiqə Rəşid yazır

Əntiqə RƏŞİD
1058 | 2024-10-16 15:57

Bayaqdan elə hey, Milli Qəhrəman Mübariz İbrahimovun atası Ağakərim İbrahimovun vəfatı ilə bağlı xəbərlər oxuyuram... Hələ 2019-cu il idi, elə oktyabr ayı idi. Onda da buna bənzər xəbərlər qarşıma çıxmışdı. O vaxt həkimlər çıxıb açıqlama verdi ki, Ağakərim İbrahimov açıq ürək əməliyyatı keçirib:”O, ürək damarlarında yaranan tıxanmalara görə əməliyyat edilib. Vəziyyəti yaxşıdır. Ağakərim İbrahimov hazırda özünü yaxşı hiss edir”
Daha sonra əməliyyatdan yenicə çıxmış Ağakərim əmi, özü danışdı, dedi ki, göstərdikləri hər tərəfli dəstəyə görə Heydər Əliyev Fonduna öz dərin təşəkkürümü bildirirəm”.
Bu açıqlamadan sonra sevindik, rahatlandıq. Ürəyimiz sakitləşdi.


Yenə eyni kədərli məlumatı oxuyuram. Amma yenə inanmağım gəlmir, inanmıram. Yenidən oxuyuram, amma səbrlə gözləyirəm ki, yenə yazacaqlar ki, məlumat səhvdir.
Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının həkimləri çıxıb açıqlama verəcək ki, yanlışlıq olub, xəstəmizin vəziyyəti yaxşıdır. Bayaqdan gözləyirəm... Xəstəxana gözlədiyim “yanlışlığı” açıqlamadı.
Əksinə Milli Qəhrəmanımızın qardaşı Rəşad “gözləntimi” puç elədi:”Bəli, Milli Qəhrəman Mübariz İbrahimovun atası Ağakərim İbrahimov vəfat edib”dedi.

Bütün şəhid ataları başımızın tacıdır, şəhid yadıgarıdır, əzizimizdir! Hər birinin qarşısında baş əyirəm! Şəhid atası olmaq həm də bir imtahandır. Məhz o müqəddəs şəhidin adına layiq ata adını saxlamaq da doğrudan da bir imtahandır.
Agakərim əmini 2021-ci ilə qədər qiyabi tanıyırdım. Haqqında o qədər oxumuşdum ki...Nə qədər dözümlü, vətənpərvər, xalqına vurğun, el-obasına yanımcıl olduğunu məqalələrdən öyrənmişdim, onu tanıyanlardan eşitmişdim.
Xüsusən 2021-ci ilin 18 iyununda Biləsuvar rayonu Əliabad kəndində olarkən biləsuvarlılar onun haqqında sanki müqəddəs dünyalardan gəlmiş müqəddəs insan kimi danışırdılar.
Hələ Malik Piriyev adına Əliabad kənd orta məktəbinin direktoru Bəsirə müəllimənin dediklərini unutmuram:” 19 iyunda Mübarizin postda olmaması xəbəri kəndə çatanda hamı əmin idi ki, Mübariz arzusunu həyata keçirmək üçün gedib. Ağakərim qardaş məktəbə gəldi və üzünü mənə tutub bayraq istədi. Baxmayaraq ki, axtarış davam edirdi, Ağakərim qardaş bayrağı məndən alıb darvazaya sancdı. Dedi ki, müəllimə mən bilirəm oğlum hardadı, onu Azərbaycanda axtarmayın... O Azərbaycanda deyil...Belə valideynin qarşısında baş əyməmək mümkün deyil! İnsan doğma balasını necə gözəl tanıyırmış və inanırmış!”
Bəli, Ağakərim əmini Azərbaycana Mübariz tanıtdı, amma Ağakərim əmi öz ləyaqətli davranışı, danışığı, mərdanəliyi, təmkini, dürüstlüyü ilə özünü bu xalqa sevdirdi. El ağsaqqalı idi, danışdığı hər kəlmə dürr-inci idi deyə, kimsə onun dilindən inciməmişdi. Elə efirlərdə, ekranlarda , tədbirlərdəki çıxışlarda böyüklüyünü, müdrikliyi ortaya qoydu. Sevildi!

O vaxt – 2021-ci ilin 18 iyununda Ağakərim əmi ilə söhbətləşəndə də , elə onu dinləyə-dinləyə düşünürdüm ki, hər obada belə bir müdrik kişi, belə bir ağsaqqal olsaydı, nə indiki dövrdə bu qədər cinayətlər, əxlaqsızlıq, tərbiyəsizlik baş verməzdi. Ağakərim İbrahimov şəhid atası olaraq, şəhid atalarının bir çoxuna, ağsaqqal olaraq yaşlı insanların böyük əksəriyyətinə canlı nümunəydi! Zatən Mübariz İbrahimov kimi 30 illik işğal dövründə bir inqilabi işə imza atan oğulun atası olmaq böyük fəxrdir.

Bundan başqa bir də onunla fəxr edirik ki, bizim Ağakərim İbrahimov kimi ağsaqqalımız olub.

 Məkanın cənnət olsun, böyük adam, ağsaqqal adam, ləyaqətli adam!

  • Noyabr:
  • 1

TƏQVİM / ARXİV