Livandakı səfirimizə təşəkkürümüzü çatdırın: "Gəmini" belə saxla!

Əntiqə RƏŞİD
606 | 2024-09-24 16:09

Xəbər verdiyimiz kimi sentyabrın 23-də İsrailin Ordusu paytaxt Beyrut daxil olmaqla Livana hava hücumları həyata keçirib. Nəticədə ölənlərin sayı 492-yə çatıb, azı 1645 nəfər xəsarət alıb.

Buna baxmayaraq Azərbaycan Respublikasının Livan Respublikasında fövqəladə və səlahiyyətli səfiri Səməd Əyyub oğlu Həsənov ölkəni tərk etməyib. Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə təsdiq edib ki, Livanda ümumiyyətlə qeydiyyatda olan Azərbaycan vətəndaşlarının sayı cüzi olsa da Azərbaycanın Livandakı səfirliyi fəaliyyətini davam etdirir.
Xəbəri oxuyanda səfirimizin dəyanətini alqışladım və elə bu an yadıma 2 əvvəl baş vermiş olay düşdü. 2020-ci ilin mart ayında Ukraynaya səfir təyin olunan keçmiş deputat Elmira Axundovanın nəinki səfirə, heç adi vətəndaşa belə yaraşmayan hərəkəti, əminəm, sizin də xatirinizdədir. O, Ukrayna müharibəsi başlayan kimi Kiyevi tərk edərək Bakıya qayıtdı(“qaçdı”da demək olar) və həmin vaxtdan Ukraynaya getmədi. Onun səlahiyyətlərini Azərbaycanın Ukraynadakı müvəqqəti işlər vəkili Sabir Rzayev yerinə yetirdi.

E.Axundovanın çətin günlərdə Ukraynanı tərk etməsi, oradakı soydaşlırımızın və vətəndaşları taleyin ümidinə buraxması Azərbaycanda ciddi etirazlara səbəb oldu. Bəli, bu bir zabitə tapşırılan mövqeni qoyub qaçması qədər rəzil bir hərəkət idi. Bundan sonra E.Axundova özünü müdafiə xarakterli bəyanat yaydı.

“Mənə indi tək fiziki deyil, həm də mənəvi cəhətdən çətindir: anamın vətəni od içindədir, qohumlarım da daxil olmaqla, artıq bir neçə doğmalarım, qohumlarım xəsarət alıb. Bu gün yalnız bir şey üçün dua edirəm: qoy hər iki tərəfdən minlərlə əsgər və zabitin həyatına son qoyan bu qəddar və mənasız müharibə tezliklə başa çatsın. Ukraynada humanitar fəlakət başlayıb. Bunun da nəticələri təkcə ukraynalılar və ya ruslar üçün deyil, bütün Avropa üçün dəhşətli ola bilər.

Səfir kimi mənə gəldikdə, siz bilirsiniz ki, mən yalnız səfir deyil, həm də qadınam. Ona görə də qadın diplomatların, o cümlədən səfirlik əməkdaşlarının ailə üzvlərinin təxliyəsi barədə qərar verildikdə, biz bu təxliyəni təşkil etdik".


Yəni bəyanatı, günahından da böyük bir biabırçılıq. Adama sual verərlər ki, müharibə riski olan ölkəyə səfir gedərkən qadın olduğunu niyə düşünmədin? Niyə səfir  vəzifəsini  qamarladın?
Beləliklə “Şöhrət” ordeninə və “Xalq yazıçışı” fəxri adına layiq olmuş III, IV və V çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı Elmira Şükürova ona tapşırılan postu özbaşına qoyub qaçdığı üçün dünyada bir ilkə imza atmış oldu. Yəqin ki, mənim kimi dünyanın gözü Beyruta dikilmişdi: Görəsən, Azərbaycan diplomatı müharibədən qorxub yenə qaçacaq? 


Azərbaycanın Livandakı səfirliyinə isə təşəkkür borcumuz olduğunu deməsək olmaz! 

Əntiqə Rəşid 

 

  • Oktyabr:
  • 4

TƏQVİM / ARXİV