İtirdiyimiz dostları..  - Faiq QİSMƏTOĞLU yazır

FAİQ QİSMƏTOĞLU
297 | 2025-01-03 09:16

Bu dünyada çətin ki, dostsuz  adam olsun. Kimi dindirsən deyəcək ki, dostum var. Nə gözəl!  Yaxşı dost adama qardaşdır, sirdaşdır, arxadır. Allah heç kimi bu dünyada dostsuz eləməsin! Təbii ki, mənim də etibarlı, sədaqətli, duz- çörəyə hörmət eləyən dostlarım olub və var. Onlardan biri də 20 ilə yaxın bir yerdə işlədiyimiz filologiya elmləri doktoru, professor Məhəmmədəli  Mustafadır.  

Onunla həddindən artıq çox yaxın olmuşuq. Və bir- birimizə qardaş qədər yaxın olmuşuq.Heç vaxt mənim tənqidimdən,  zarafatımdan inciməyib, küsməyib. Bilib ki, onu qardaşım Qürbət qədər, Elxan qədər çox istəmişəm. Rəhmətə gedəndə də elə bil ki, qardaşımı itirdim....  

Dekabrın 31-də  Məhəmmədəli müəllimin qardaşı Yeni il münasibətilə telefonla məni təbrik edərək dedi ki, yanvarın 2-də  bir yerdə görüşüb bir tikə çörək kəsək. Ürəyin istədiyi dostları da gətirə bilərsən! Təbii ki, mən də uzun müddət bir yerdə işlədiyimiz və Məhəmmədəli Mustafa ilə dostluq eləmiş Asif Talıboğlunu, Lətif Novruzovu, Daşdəmir Əjdəroğlunu  Azər müəllimin adından həmin yerə dəvət elədim.

Biz dostlar hamımız qardaşımız Məhəmmədəlini çox istəyirdik və onunla  gözəl günlər yaşamışıq. Bilirsiniz, Məhəmmədəli müəllimi niyə çox istəyirdik? Çünki o, bizim hamımızdan sadə və səmimi adam idi.

Və  heç vaxt kimi isə aldatmamışdı. Göy üzü kimi təmiz,  bulaq suya kimi təmiz idi. Və bu təmizliyə görə də iş yerində hamı onu çox istəyirdi.Süfərə arxasında əyləşdik, onun barəsində hər birimiz  xatirələrimizi  danışdıq. Asif Talıboğlu  onun barəsində söhbət açanda kövrəldi və gözləri doldu...

Qırmızı qələmlə yazıları redaktə etməyindən və  qardaşımız Məhəmmədəlinin   zarafatla "Talıboğlu, sənin qırmızı qələmin sınsın" , - deməyindən və bir yerdə rayona ezamiyyətə getməyindən  danışdı. Daşdəmir Əjdəroğlu  isə onunla dostluğundan, İsmayıllıya səfər etməsindən  və Məhəmmədəli müəllimim yeznələri və bacısıgildə süfrə arxasında  çörək yeməklərindən  söhbət açdı.

Və o xatirələr bizi ötən əsrin 90- çı illərinə apardı. Və onda qəzetlər " qaryaçı sex" deyilən yerdə çap olunurdu. Çox vaxt  bizim əlimiz biləyimizə  kimi mazuta batardı, amma bundan bezməz, əksinə ləzzət apardıq.Sonra da Elmira xanımın yeməkxanada  bişirdiyi  ləziz yeməyi gözümüzə  təpərdik!

Lətif Novruzovun da Məhəmmədəli Mustafa ilə bağlı  xatirələri  zəngindir. Çünki dəfələrlə yol yoldaşı olublar, çörək kəsiblər, çətin və ağır anlar yaşayıblar. Lətif qardaşımızın da ürəyi ipək kimi çox yumşaqdır.O dedi ki, mən Məhəmmədəli kimi  hər sözə inanan, sadə , təmiz ürəkli adam az- az görmüşəm.İnsan nə qədər səmimi, kövrək olarmış. Qanının qara vaxtında  zarafat eləyirdim ki, qoy eyni açılsın! Axırda da özünəməxsus bir şirinliklə dəyərdi ki, " qurtar ə, qurtar! "  Yeni bu zarafatları burax! Lətif Novruzov da şirin  adamdı, söyüşü də  şirin - şirin söyür.Və onun yaraşığı belə şirin söyüşdü...   Uzun müddət " Ədalət" də məsul vəzifədə çalışmış Babək Yusifoğlu  ilə də telefon əlaqəsi yaratdıq və o da Məhəmmədəli Mustafa haqqında xatirələrini bizimlə bölüşdü. Özü də , kövrəldi, biz də!

Yanvarın 1- axşamı Məhəmmədəli qardaşım yuxuma girmişdı.Gördüm ki, əynində gözəl kastyum, qalstuk var və televiziyada çıxış edir, mən də yaxınlaşıram onun yanına getməyə qoymur. Deyir ki, bura sənin yerin deyil.Bura mənim üçündür! Yuxumu belə yozdum ki,  Məhəmmədəli Mustafa Cənnətidir və Cənnətə də hər adam qəbul edilmir!  Deyirlər ki, insan o vaxt ölür ki, onu xatırlayan axırıncı adam rəhmətə gedir.  Və Məhəmmədəli Mustafanı isə bizim kimi xatırlayan yüzlərlə dostu var.   Və bir də Məhəmmədəli  Mustafa ona görə xoşbəxt adamdır ki, onun  Azər Mustafayev kimi ziyalı, ləyaqətli, sədaqətli qardaşı var. Sözün düzü, mən Azər müəllim kimi qardaşını çox istəyən, onun yolunda hər cür əziyyətə qatlaşan   qardaş çox az görmüşəm.

Allah üzün ağ eləsin! Azər müəllim onu da dedi ki, mən sizin xatirələrinizdə   qardaşımı bir daha  yenidən kəşf etdim. Hiss etdim ki, Məhəmmədəli müəllim  neçə böyük insan imiş və səmimi söhbətlərə görə sizin hər birinizə təşəkkür edirəm! Azər qardaşımız, biz Məhəmmədəli Mustafanı itirdik, qardaşı Azər müəllimi tapdıq. Və Azər müəllim tapmaqla Məhəmmədəli qardaşımızı yenidən tapdıq. Çünki  Azər qardaşımız təpədən- dırnağa Məhəmmədəli Mustafaya oxşayır. Və indi biz  onun qoxusunu Azər müəllimdən alırıq. Min şükür!!!

TƏQVİM / ARXİV