Fazil MUSTAFA: “Beyin axını”

FİRUZ MUSTAFA
86505 | 2019-08-30 10:06

Qeyd edək ki, uzun illərdir ki, Azərbaycandan xarici ölkələrə beyin axını davam edir. Son illərdə isə bu daha da tendensiya halını almağa başlayıb. Statistikaya görə təkcə son 10 ildə 120 mindən çox ali təhsilli Azərbaycan vətəndaşı ölkəni tərk edərək, xaricə gedib. Miqrasiya məlumatlarına görə, sözügedən dövr ərzində ali və ya orta-texniki təhsili olan əməkqabiliyyətli 18-65 yaş arası hər səkkiz sakindən biri respublikanı tərk edib. Belə ki, əhalinin ən fəal hissəsi – 25-34 yaşlı əməkqabiliyyətli kişilər layiqli əməkhaqqı axtarışında Azərbaycanı tərk edirlər. İkinci yeri isə 35-49 yaş qrupu tutur. Mütəxəssislər qeyd edir ki, vəziyyət bu cür davam edərsə, gələcəkdə ölkədə kadr böhranı yaşanacaq.

Bəs Azərbaycandan xaricə beyin axının artmasının səbəbi nədir? Savadlı gənclərin ölkədə qalıb, xidmət etməsi üçün hansı addımların atılması zəruridir?

Bəzi mütəxəssislər qeyd edir ki, əsas səbəblərdən biri Azərbaycanda reytinqli universitetlərin olmamasıdır. Dəfələrlə dünya üzrə reytinqli universitetlərin siyahısı açıqlananda Azərbaycan universitetləri nəinki 1000-ci, heç ən son sırada da yer almır. Nəticədə ölkədə beyin axını maksimal həddə çatıb.

Bu barədə bu günlərdə təhsil eksperti Etibar Əliyev "Yeni Müsavat”a açıqlamasında qeyd etmişdi: "Konkret bizdə də plan, məqsədlər qoyulmalıdır ki, universitetlər reytinq cədvəllərində yer tutmaq üçün işlər görsünlər. Bunun üçün vəsait, kadr potensialı tələb edilir. Ölkədən beyin axını demək olar ki, maksimal həddə çatıb. Bizim ümidimiz dövlət hesabına xarici ölkələrdəki nüfuzlu universitetlərdə oxuyub, daha sonra ölkədəki universitetlərdə çalışacaq məzunlara idi. Təəssüf ki, o proqram da artıq ləğv olunub”.

FAZİL MUSTAFA: "Ölkədə asfaltdan vacib tələbənin yetişməsinə pul ayırmaq daha düzgün idi”
Deputat Fazil Mustafa isə qeyd etdi ki, Azərbaycanda beynin mövcud olması, çalışması üçün normal elmi mühit yoxdur: "Yəni, beyni olan insan neyniyəcək? Akademiyada çay içməklə vaxtını gözləyəcək. Və yaxud universitetdə neyliyəcək? Məgər bu gün ölkəmizdə normal laboratoriyası olan universitet varmı? Yaxud tibb universitetində nə edəcək, özünü püxtələşdirə biləcəkmi? Hansısa xəstəxanada özünə yaxşı iş tapa biləcəkmi? Hazırda dərin bilgilər əldə etmək üçün hansı yaxşı mühit var? Yaxud elə bir diskussiya mühiti varmı ki, bir elm adamı proseslərlə bağlı müzakirə apara bilsin? Hazırda tele-məkanda hansısa diskussiya verilişi varmı ki, bu insanlar bu çevrədə birləşə bilsinlər? Qeyd etdiklərimin heç biri yoxdur və nəticədə xaricə beyin axını baş verir.

Azərbaycanda hazırda vəziyyət ondan ibarətdir ki, xurafat, mövhumat, gerizəkalılıq da xeyli artmaqdadır. Bu da beyin axınının yerini doldurur və bəzən də stimullaşdırılır. Onsuz da Azərbaycanda elmi mühit kifayət qədər aşağı səviyyədə idi. Sovet dövründə ali məktəblər rüşvət əsasında qurulmuşdu, bu da imkan vermirdi ki, savadlı beyinlər üstünlük təşkil etsin. Və yaxud elmlər namizədi, akademik adını alan şəxslərin 90 faizi, bəlkə də daha çoxu bu standartlara cavab verən bilgilərə sahib deyillər. Belə bir vəziyyətdə beyin harada inkişaf edə bilərsə, təbii ki, ora axın etməlidir.

Baxın, son informatika yarışı nəyi göstərdi? Onu göstərdi ki, İrandan, Gürcüstandan, Rusiyadan qat-qat geridəyik. Təbii ki, kiçik ölkələrin böyük elmi potensialı olmaz. Amma bütövlükdə ən azı bəlli bir potensialı yetişdirə bilərdik. Bir müddət xaricdə təhsil üçün pul ayrıldı, sonra isə dayandırıldı. Halbuki ölkədə asfaltdan vacib tələbənin yetişməsinə pul ayırmaq daha düzgün idi. Yəni bunları olmayandan sonra beyin axını ölkədə necə qala bilər?

Bəzən görürük ki, xaricdə təhsil alan tələbələr bildirirlər ki, təhsilini başa vurduqdan sonra ölkəyə geri dönəcəklər. Heç buna da yaxşı baxmıram. Bir hər azərbaycanlıya bir vətən kimi baxmalıyıq. Bizim kimi pensiya məvacibi, təhsil səviyyəsi minimum aşağı olan ölkənin, cəmiyyətin insanlarının mütləq xaricdə inkişaf etməsi lazımdır ki, orada özlərini təsdiq etsinlər, öz qabiliyyətlərini kəşf edib, ortaya qoya bilsinlər.

Çoxlu sayda savadlı gənclərimiz var ki, Azərbaycana gəldikdən sonra peşman olublar. Çünki burada kafedra intriqalarında, dırnaqarası elm sahəsində olan çəkişmələrdə əsəb xəstəliyi tapıblar. Ona görə də məncə onların ölkəyə geri qayıtmasından daha çox xarici ölkədə qalıb, özlərini təsdiq etməsi yaxşı olardı. Bu zaman Azərbaycana oradan daha çox fayda verə bilərlər. Düşünürəm ki, buna faciə kimi deyil, real kimi baxmaq lazımdır.

Ümumiyyətlə azərbaycanlılar kifayət qədər istedadlı millətdir. Dəfələrlə şahidi olmuşuq ki, ölkədə uğur qazana bilməyən azərbaycanlı xarici ölkədə uğur qazana bilib. Bu iqtisadiyyatda da özünü göstərir. Bizim ölkədə o qədər demokratik manelər var ki, şəxslər bəzən iqtisadi zəkasını reallaşdıra bilmir. Necə olur ki, həmən azərbaycanlı bunu Rusiyada, Almaniya reallaşdıra bilir, amma ölkəmizdə inhisarçılıq ucbatından maneləri yarıb keçə bilmir. Biz bu yolları aşmasaq, elmin qarşısında olan artıq imtiyazları götürməsək, nəticə ürəkaçan olmayacaq”.


TƏQVİM / ARXİV