adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7

Görəsən kim udacaq, "Qarabağ" yoxsa "Kayrat"?

Əntiqə RƏŞİD
3499 | 2021-11-02 18:09

Bir çox  Azərbaycan qadınları  kimi mən də futbol azarkeşi deyiləm, futbolu həyəcanla son dəfə nə vaxt izlədiyimi də unutmuşam... “Qarabağ ” FK , arabir (o da həmişə yox) bizə sevinc yaşadıb ,deyə futbol adına bir o komandanı Azərbaycan futbolu hesab edirəm.( razı olmaya bilərsiniz, bu mənim subyektiv fikrimdir)


Amma “Qarabağ” FK-da bir dəfə sevindiribsə, 5 dəfə də kədərləndirib. "Qarabağ" FK "Arsenal"-a uduzdu. "Qarabağ"ımız səfərdə "Şerif"ə uduzdu, “Qarabağ” APOEL-ə belə uduzdu, “Qarabağ” Milanda “İnter”ə uduzdu, "Qarabağ" "Linfild"ə uduzdu  və sair bu kimi xəbərlər mediamızda  “uddu” xəbərlərindən daha çoxdu. Buna baxmayaraq, futbol deyiləndə gözümüz yenə də “Qarabağ”ı axtarır.


 Bildiyiniz kimi Konfrans Liqasının qrup mərhələsinin 4-cü turunda keçiriləcək "Kayrat" - "Qarabağ" oyunu üçün hakim təyinatları açıqlanıb.Matçı Moldova Futbol Federasiyasından Dumitri Muntyan idarə edəcək. Ona Andrey Bodyan və Viktor Mardari köməklik göstərəcək. Dördüncü hakim funksiyasını isə Vyaceslav Banari yerinə yetirəcək.Qeyd edək ki, noyabrın 4-də Almatı şəhərindəki "Ortalık" stadionunda keçiriləcək "Kayrat" - "Qarabağ" görüşü Bakı vaxtı ilə saat 19:30-da başlayacaq. Bu komandalar arasında Bakıda keçirilən ilk oyunda təmsilçimiz 2:1 hesabı ilə qalib gəlib. Biletlərin qiyməti 2 min tenge, bizim pulla 8 manat təşkil edir.


Yadıma düşmüşkən deyim, 2018-ci ilin  iyun ayında Qazaxıstan – Azərbaycan  qarşılaşmasında (hesab 3:0 olmuşdu) Andrey Bodyan, Viktor Mardari, Dmitri Muntyan  matçın hakimləri idi. İnsaflı və ya insafsız olduqları haqda heç bir məlumatım olmasa da  soyadlarının sonundakı "yan" şəkilçisi məni bir balaca narahat edir. Moldaviyalı olduqlarını bilsəmdə...Nəisə... 


İndi hamını bir sual düşündürür: Görəsən kim udacaq? Təsəvvür edin, mənim kimi futboldan anlamazın biri narahatamsa, görün indi futbol, xüsusən “Qarabağ” azarkeşləri  nələr çəkir!?
 Uzun sözün, qısası komandamıza uğurlar qismət olsun!
 Amma son olaraq oyunqabağı sizə bir təbəssüm bəxş etmək olar:

 

 Mələk və bizim futbolçu

 

Deyilənə görə, müxtəlif millətlərdən futbolçular olan təyyarə qəzaya uğrayır, hamısı ölür. Oyunçular cənnət qapılarına yaxınlaşırlar. Qapıda duran mələk onları qovur:
- Cənnətdə futbolçulara yer yoxdur. Siz cəhənnəmə gedirsiniz!
Komanda üzvləri peşman şəkildə cənnət qapılarından uzaqlaşırlar. Birdən mələk deyir:
- Aranızda azərbaycanlı futbolçu varmı?
Azərbaycanlı cavab verir:
-Bəli, mən!
Mələk gülümsəyərək deyir:
- Oğlum, sən içəri keçə bilərsən.Son oyununuza baxmışam - Səndən  futbolçu olmaz, deyilsən də!

TƏQVİM / ARXİV