Günah müəllimlərdə deyil, valideynlərdədir - Nicat Novruzoğlu yazır

NİCAT NOVRUZOĞLU
4302 | 2022-10-04 12:35

Məktəbli yeniyetmələrin davası adi haldır. Ya qız üstdə dalaşarlar, ya da özlərini qızlara göstərmək üçün, hərdən də futbolda top üstdə. Orta məktəbdə futbolda hakim olmur, çox zaman hakimliyi söyüş edir, xüsusilə də penalti məsələsi.

- Top əlinə dəydi.

- Dəymədi.

- Yalançının...

- Lap...

Deməli top ələ dəyməyib, penalti yoxdur. Bəzən də söyüş olan kimi top əlinə dəyən deyirdi söyməyin, top əlimə dəyib və s.

Elə bir məktəbli olmayıb ki, dalaşmamış olmasın. Biz də yeniyetmə vaxtı dalaşardıq, amma təbii ki sinifdə yox. Ya Ağdamın bulvarında dava üçün görüşərdik, ya da məktəbin bağının aşağısında. Aralayana da söyüş qoyardıq. Amma day ölümünə vurmazdıq. Bir-iki şillə-təpik, yıxılan kimi çəkilərdik kənara ki qalibik. Vəssalam.

Məktəbin bağında davada bir də gördün müəllimlərin biri eştidi, gəldi, dalaşanların hərəsinə bir babat sillə vurdu, bununla da dava bitdi. Amma day sillə vuran müəllimdən valideynimizə şikayət etməzdik. Sonra da məktəbin direktoru valideynlərimizi çağırardı, möhkəm danlayardı, valideynlərimiz də axşam bizi babat döyərdi, yəni eşşək sudan gələnəcən.

İndi bir video yayıblar, iki məktəbli sinifdə dalaşır. Əslində bu dava deyil, bir nəfərin hətta özündən boylu-buxunlu bir oğlanı təpiyinin altına salıb dəli inək balasını çığnayan kimi çığnamasıdır. Döyülən uşaq cavab da vermir. Ya döyən uşaq çox imkanlı bir adamın oğludur, ya da davakar kimi ad çıxarıb.

Burada ən pisi odur ki, sinifyoldaşları hamısı durub baxır, heç kim aralaşdırmaq istəmir və əksinə video çəkirlər, yəqin ki tiktok üçün.

Hamı müəllimləri və məktəbin direktorunu nişan alıb. Təbii ki onların da müəyyən günahı var. Hər bir məktəbdə 1000-1500-2000 şagird var, nəzarət etmək çətindir. Həm də əvvəllər məktəbdə kişi müəllimlər olardı, direktor da kişi olardı (Ağdamda 10 orta məktəbdən yalnız birinin direktoru qadın idi), zəhmi vardı. İndi hər məktəbdə iki-üç kişi müəlliminə rast gələrsən, demək olar ki direktorların hamısı da qadındı.

Burada əsas günah müəllimlərdə, direktorda deyil, uşaqlarını ərköyün böyüdən valideynlərdədir.

Əvvəllər çətin tərbiyə olunan uşaqlar üçün ayrıca məktəb fəaliyyət göstərərdi hər rayonda, adına da internat deyərdilər. Deyəsən indi belə məktəblər yoxdu.

Amma hər halda belə məktəblərə ehtiyac var.  

TƏQVİM / ARXİV