Yazıma bu başlığı təsadüfdən seçmədim. Əslində bu başlıq mənə aid deyil, onun müəllifi var. Həmin müəllif də Azərbaycanın dəyərli yazıçısı, sözün həqiqi mənasında zəngin yazı dili olan mərhum İsmayıl Qarayevdir. İki gün öncə içimdə bir qəribə bir rahatsızlıq var idi. Özümə yer tapa bilmirdim. Bir az televizorun qarşısında oturdum…alınmadı…sonra musiqiyə qulaq asmaq istədim…yenə faydası olmadı…keçib dayandım kitab rəfimin önündə. İlk əlim toxunan kitabı götürdüm. Adı "Kölgə" idi. Müəllifinə baxdım. İsmayıl Qarayev və başladım vərəqləməyə. Özü də arxadan, mündəricata baxa-baxa. Sanki axtardığımı tapdım:
- Günlər yaman uzundur.
Bəli, həqiqətən axtardığımı tapdım. Çünki sıxındığım o gün mənim üçün çox uzun və hətta sonsuz gəlirdi. Ona görə də evimə, yazı-pozu otağıma sığışmırdım.
Oxuduğum "Günlər yaman uzundur" başlığı məni oturmağa məcbur etdi. Yavaşca yazı stolumun arxasında əyləşdim və başladım oxumağa…bəri başdan deyim ki, bu hekayə hardasa 40 səhifəyə yaxındır. Amma hər səhifədə bir kitablıq, bir romanlıq söz, fikir var. Müəllifin zəngin Azərbaycan dili sözləri muncuq kimi dənələdi oxucuya. Elə bilirsən ki, yaşlı-başlı bir adam oturub sənlə üzbəüz və sənə bir həyatı həm göstərir, həm də danışır. Burda "göstərir" ona görə xüsusi vurğulayıram ki, həqiqətən hekayəni oxuduqca adamın gözünün qabağına səhnələr gəlir. Sanki ekranda sənədli bir filmə baxırsan. Sadəcə səssiz bir filmə. Həmin o yaşlı-başlı adamın səsi isə müəllifin səsidir, özü həmin o səssiz filmin bir növü dilmanclığını edir və...
Burda vurğulayım ki, bu hekayə bir jurnalistin talehindən bəhs edir, bir yazı adamının yaşamağa məhkum edildiyi həyatı göstərir. Mən tərəddüd etmədən bu hekayənin həmin o jurnalist qəhrəmanın məhz müəllifin özü olduğuna imza atıram. Çünki bütün detallar onun özünün və ailəsinin yaşadığı həyat hekayəti idi.
Təsəvvür edin ki, sayılan, seçilən bir qəzetin imzası sayılıb-seçilən bir müxbiri həqiqəti dediyi üçün şərlənir, böhtana tuş gəlir və rüşvət verməkdə vasitəçi kimi hakim qarşısına çıxarılır, həbs olunur. Onun xəbəri olmadıbı cinayətin iştirakçısı kimi 6 il cəza alması əslində hər zaman baş verən hadisələrdən biridir. Amma bu hadisənin içərisində müəllifin peşəkarcasına oxucuya çatdırdığı, göstərdiyi həqiqətlər var. Onlardan birincisi həbsxanadakı daxili qanunlardı. Orda haqqı, ədaləti yerinə qoyan gunahlı günahsızı bir-birindən seçib ona uyğun da münasibət bildirən insanlardır.
Bax, həbsxanaya düşən Taleh Qocayev ilk dəfə orada ədalətin şahidi olur, onu şərləyənlər - yəni əsl günahkarlar gözünün önündə cəzalarını alırlar.
Təbii ki, bu, heç nəyi dəyişmir, amma Talehin içindəki ümidi ölməyə qoymur. Bilir ki, gec-tez o öz ədalətinə qovuşacaq.
Bu hekayədəki ikinci məqam həbsxanadan çıxan adamın iş tapa bilməməsidi. Onun günahlı günahsız olmasına əhəmiyyət vermədən həbs olunduğuna görə heç kim işə götürmür. Ailə - yəni 4 uşaq və 1 xanım hər gün iş axtaran atanın hansı halda, hansı sifətdə, hansı ovqatda evə qayıtdığını görür və susurlar, çəkilirlər öz guşələrinə. O, Talehin bir az da sındırır, bir az da özünə, həyata üsyankar edir. Amma...
Bu hekayədə bir məmur obrazı da var. Talehin tanıyan məmur. Onun necə jurnalist olduğunu bilən məmur. Çox böyük bir kürsüdə oturur. Taleh onun da qəbuluna gedir və həmin məmur - yəni Murtuza Sadıqov onu dinləyir. Kömək etmək istəyi ilə əlini telefona atır. Lakin həbs olunmuş bir adamın işə götürülməsini xahiş etməkdən, tapşırıq verməkdən çəkinir. Qorxur ki, bu onun özünə problem olar. Bunun üçün yuxarılarla məsləhətləşmək lazımdır və Talehə deyir ki, sabah mənimlə əlaqə saxla. Bu məqam həmin məmurun vaxt qazanmaq hiyləgərliyidi - yəni nə köhnə tanışına "yox" deyə bilmir, nə də "hə". Bu iki sözün arasında vaxt qazanmaq üçün "savab" vədindən istifadə edir...
Mən hekayədə qarşılaşdığım ən böyük gerçəklikdən biri də yıxılana dostun, tələbə yoldaşının, hətta qonum-qonşunun da laqeydliyinin də bir daha şahidi oldum. Bu adamların hər biri, necə deyərlər "suyu üfürə-üfürə içirlər". Dünən adı ilə, peşəsi ilə fəxr etdikləri yanına məsləhətə, ehtiyaca gəldikləri Talehdən qaçırlar, ona dayaq durmurlar, əl uzatmırlar. Həqiqətən mən hekayəni oxuduqca onun necə bitəcəyini, müəllifin hansı sonluğu seçəcəyini dəqiqləşdirə bilmirdim. İlk düşündüyüm bu idi ki, yəqin hekayənin sonunda Taleh övladlarına "məni bağışlayın, sizin üçün heç nə edə bilmədim" qəbzini yazıb intihar edəcək. Çünki mən başqa bir yol ağlıma gəlmirdi. Ancaq...
Hekayənin sonu tamam fərqli oldu. O fərq də sahə müvəkkilinin həqiqi mənada İNSAN obrazı idi. Cavan sahə müvəkkili həbsdən çıxmış Talehin evinə baş çəkir və evin xanımı Talehlə sahə müvəkkili olan Bəxtiyarın qarşısına çay qoyur. Bəxtiyar çayı içəndən sonra evin xanımından - yəni Kəmalədən zənbil istəyir. Qeyd edir ki, xəstəxanadan çıxmış yaxın bir dostuna baş çəkəcək. Evdən zənbil götürməyi unudub. Bu çox səmimi bir detaldı, Kəmalə də, Taleh də bu səmimi istəyi normal qarşılayır və ona zənbil verir. Bəxtiyar həyətə düşür və geri qayıdır. Əlində güclə daşıyıb gətirdiyi zənbili otağın qapısının ağzına qoyur və yenə maşına qayıdır. Növbəti bir bağlamanı da gətirir. Taleh düşünür ki, yəqin Bəxtiyarın dostu bu binada yaşayır və evdə olmadığı üçün Bəxtiyar bazarlığı onlara əmanət qoymaq niyyətindədi. Lakin...
Bəxtiyar son dərəcə səmimi bir istəklə, sayqı ilə evin sahiblərinə üz tutur:
- Bunlar sizin üçündür, bir balaca qardaş payıdır. Çox xahiş edirəm, sözümü yerə salmayın...
Sonra üzünü Talehə tutur, geyinin, birlikdə çıxaq. Gedək bir xəlvət yerdə oturub bir az şənlənək.
Heç nə anlamayan ev sahibləri, xüsusilə Taleh çaş-baş bir vəziyyətdə ağlından min cürə fikirlər keçirə-keçirə Bəxtiyara qoşulub evdən çıxır. Və bir də görür ki, Bəxtiyar onu öz evinə gətirir. Evin xanımı qapını açıb onun yanındaca öncə Bəxtiyarı öpür, sonra ona əlini uzadıb: - Əmi, xoş gəlmisən, deyir. Və sonra evin balaca uşaqları onun üstünə yüyürüb boynuna sarılıb öpürlər. Talehi qonaq otağına keçirirlər. Süfrə hazır, hər şey yerli-yerində. Evin sahibəsi Reyhan xanım hazır süfrənin üstündən örtüyü götürür. Taleh bütün baş verənləri yuxu hesab edir. Amma yox, Bəxtiyar ona özünün və ailəsinin sevgisini dilə gətirir. Bildirir ki, biz böyük bir ailəyik. Sizin həyatınızı da gözəl bilirik. Haqsız həbs olunduğunuzdan da xəbərimiz var. Sonra Reyhan xanım ortaya bir çamadan gətirib qoyur, qapağını açır, çamadanda Talehin uşaqları və xanımı üçün geyimlər, hədiyyələr qoyulur. Sonra onun özü üçün alınmış ayaqqabı və köynəyi də gətirirlər. Nəhayət, Bəxtiyar deyir:
- Reyhanın qardaşı ticarətdə müdirdir. Ona demişəm, sabah sizi işə götürəcək. Gedin, orda şərait normaldır, yazınızı yazın, işinizdə də işləyin. Yazmaq üçün hər yerdə şərait var.
Bəli, bu sonluq mənim üçün gözləmədiyim, hekayə boyu ağlıma gətirmədiyim ən möhtəşəm sonluq idi. Bununla yazıçı insanlığın ölmədiyini, yaxşıların hər yerdə var olduğunu, ən vacibi isə ədalətin qalib gələcəyini zəngin bir dillə oxucuya çatdırır.
Bax, onda uzun olan günlərin maraqlı sonluğu həm oxucunun, həm də bu həyatı yaşayanın canından yorğunluğu da, ağrı-acını da, ümidsizliyi də çıxarır. O uzun gün bir sevinc qoyur ortaya. Hər kəsə dar ayaqda gərək olan SEVİNCİ!
Bəli, İsmayıl Qarayevin indi oxuyub başa çatdığım və barəsində fikirlərimi bölüşdüyüm bu hekayə mənim də sıxıntımı ümidə caladı. Heç vaxt ümidsiz olmayın. Necə deyərlər, gecələrin sabahları da var.