…Bayram gələndə, ən çox buna uşaqlar sevinirlər. Xüsusən də Novruz bayramında, balacaların çox böyük arzuları olur. Arzuları olur ki, hər çərşənbə tonqal qalansın, onun üstündən tullansınlar, «ağırlığım-uğurluğum tonqala düşsün» deyib həmin axşamı çərşənbə plovu yesinlər. Təbii ki, bunu hamı arzulayır! Dörd çərşənbənin dördündə də bütün evlərdə qazan qaynamalı, plov dəmlənməlidir. Amma gəlin görək, bu bahalıqda hər çərşənbə hamı o plovu dəmləyə bilirmi, o süfrəni aça bilirmi?! Aydındır ki, bu suala birmənalı cavab vermək mümkün deyil. Ən azından ona görə ki, kifayət qədər imkanlı və varlı adamlar var. Onlar bayram oldu, olmadı, onsuz da süfrələri həmişə zəngin olur, yeyib-içir, kef eləyirlər.
Ancaq böyük əksəriyyət çətinliklər içərisində və bu bahalıqla vuruşmalı olur. Daha doğrusu, hamı ona çalışır ki, heç olmasa, Novruz çərşənbələrində və bayramda süfrələr dolsun, hər evdə, hər ocaqda şəkərbura, paxlava, qoğal pişirilsin…
İndiki bahalıq şəraitində bayaq dedimiz kimi, bunu hər ailə eləyə bilmir. Ortabab Novruz süfrəsi açmaq üçün ən azından 300-400 manat pul lazımdır. Üstəlik də bu 300-400 manatı tapmaq elədə də asan deyil. Hətta pulu olan adam bu bahalıq şəraitində hər şeyi od qiymətinə alır və süfrəsini pis-yaxşı zənginləşdirmək istəyir...
Allah bütün insanların imkanını bol eləsin ki, nəinki Novruz bayramında, hətta adi günlərdə belə süfrələrində ruzi-bərəkət çox olsun. Gəlin, onunla razılaşaq ki, indiki bahalıq, sıxıntı, çətinlik şəraitində Novruzu zəngin süfrə ilə qeyd eləmək heç də hər adama nəsib olmayacaq. Məsələn, mənim bir tanışım var, deyir ki, bu il həddindən çox bahalıq olduğu üçün evdə şəkərbura, paxlava, qoğal və digər şirniyyat məhsulları bişirtdirməyəcək. Bunu da onunla izah edir ki, əgər mən hər Novruzda olduğu kimi, bu dediklərimi alıb gətirsəm, gərək onda bayramdan sonra acından köpük qusaq. Ona görə də bəri başdan bir az konfet, bir az şokolad, bir az da mer-meyvə almışam, hətta çərşənbə axşamları görürəm ki, evimizin qapısı döyülür və bizə papaq atırlar. Papağın içinə də qoymağa evdə bir şey yoxdur. Mən ağlamıram ey!.. İndi zəmanı elə gətirib ki, qazancımızın çoxunu xəstəliklə əlaqədar dava-dərmana veririk. Şirniyyat məhsulu almasan, mer-meyvə almasan, birtəhər hər şeyi yola vermək olur. Lakin dava-dərmansız keçinmək olmur. Bir həftə dərman atmadım, təzyiqim kəllə-çarxa qalxdı, insulit keçirtdim. Nə isə, çox danışıb, kiməlrinsə qanını qaraltmaq istəmirəm. Allah hamının süfrəsini bol eləsin, elə bizimkilərin də!..
Bu Novruzda təki bütün insanlar sevinsinlər… Təki bütün evlərdə və ocaqlarda bayram plovu dəmlənsin… Təki hamının balası bayramda təzə paltar geyinsin, şadlansın və onların üzü gülsün…
Kim bunu istəməz! Hamı istəyər, amma Allah bizim ölkədəki bəzi oliqarxlara insaf versin ki, süni surətdə bahalıq yaratmasınlar, heç olmasa, Novruzda ən kasıb adam belə, pis-yaxşı bir bayram süfrəsi açsın! Bu, həm imkansız və kasıb adamları sevindirər, həm də Allaha xoş gedər!..