Nizami Əlioğlu da yetmiş yaşına gəlib çatdı. Yetmiş ilin ömür yükü bu insanın çiynindədir və hələ neçə illər də beləcə gəlib keçəcək, bütün sevincləri, ağrıları ilə o çiyindən yerə düşməyəcək. Əslən Dəvəçidəndir, (indiki Şabran), amma orda çox yaşamayıb, ailəliklə Abşeron rayonunun Aşağı Güzdək qəsəbəsinə köçüb. İxtisası dəmiryolçüdür. Amma uşaqlıqdan və ilk gənclik illərindən bədii sözə-şeirə, nəsrə meyl edib. Uzun müddət yazdıqlarını üzə çıxarmayıb, nəhayət, 90-cı illərin əvvəllərində üz tutub «Ulduz» jurnalına. O zaman jurnalın baş redaktoru indii mərhum deməyə dilim gəlmədiyi Ələkbər Salahzadə idi. Ruhu şad olsun Ələkbər müəllimin, o, cavanların ilk qələm təcrübələrinə heç vaxt biganə qalmazdı, bu gün ədəbiyyat aləmində az-çox tanınan neçə şair, nasir məhz Ələkbər müəllimin qayğısı ilə ədəbiyyata vəsiqə almışdı.Onlardan biri də Nizami Əlioğlu idi. Nizaminin «Sarı maşının yolu» hekayəsi 1994-cü ildə «Ulduz» jurnalında işıq üzü gördü. Ədəbiyyata gec gəlsə də, tezliklə Nizami Əlioğlu bir nasir kimi etiraf olundu.
Nizami Əlioğlu yetmiş yaşını yeni hekayələr, povestlər kitabı ilə qarşılayır. Bu kitabın ilk oxucusu mənəm. Sevinirəm ki, qarşımda həyat duyğusu ilə yaşayıb-yaradan bir yazıçının əsərlərini oxuyuram. Etiraf edim ki, onun hekayə və povestləri ilə çox az maraqlanmışdım, amma nə qədər gec olsa da, bu kitab mənə bir həqiqəti anlatdı ki, əsl ədəbiyyat təkcə qaynar Bakı mühitində yaranmır, həm də bu qaynar mühitdən bir qədər uzaqda da yarana bilər.
Nizami Əlioğlu təpədən-dırnağa həyat adamıdır.Adi bir dəmiryolçu ömrü yaşasa da, heç vaxt çevrəsində baş verən hadisələrə biganə qalmayıb. Yaşadığımız illər isə çox mürəkkəb və təzadlı olub. Bir quruluş dəyişib, yeni ictimai-sosial-iqtisadi münasibətlər sistemi yaranıb, təbii ki, hər hansı bir yenilik yeni insan tipləri də meydana gətirir. Bu proses isə çətin başa gəlir. Şüurların, zövqlərin yeniləşməsi uzun çəkir. Bundan başqa, 90-cı illərdən bəri ölkəmizin həyatında baş verən hadisələr, müstəqillik əldə edəndən sonra qarşıya çıxan çətinliklər, Qarabağ müharibəsi, bu müharibədə itirdiklərimiz, torpaqlarımızın işğalı…ancaq bütün bunlara baxmayaraq Azərbaycanın öz haqq səsini bütün dünyada ucaltması, Ordumuzun qüvvətli, daha güclu bir orduya çevrilməsi, şəhərlərimizin, kəndlərimizin öz simasını dəyişməsi, elmin, mədəniyyətin inkişafı ümid verir ki, Azərbaycan yeni bir eraya qədəm qoyub.
Nizami Əlioğlunun nəsr əsərlərində həm keçmiş quruluşun, həm də yeni quruluşun hadisələri, insanları təsvir olunur. Onun əsərlərinin qəhrəmanları adi insanlardır, bu insanların həyatdan, yaşadıqları gerçək aləmdən ədəbiyyata gətirilməsi təbii ki, müşahidə zənginliyi, o insanların həyat tərzinə bələdlik tələb edir. Nizaminin təsvir elədiyi həyat hadisələri və insanlarla tanışlıqdan sonra belə qərara gəlirsən ki, bu hadisələrin və insanların təsvirində heç bir yalan, uydurma yoxdur. Bu hadisələrlə sən də rastlaşmısan, bu adamları sən də görmüsən.
«Gərəksiz oğul» povestində Nizami bizə bir ailənin tarixçəsini nəql edir. Bəri başdan qeyd edim ki, Nizaminin təqdim elədiyi obrazların hər biri müəyyən tiplərin ümumiləşdirilmiş surətləridir. Əsərdə Seymur, Fətullah, Səriyyə xanım, Doktor Bilal kimi maraqlı obrazlarla qarşılaşırıq. Əsər «Günah» da adlandırıla bilərdi, çünki konfliktin yaranmasına səbəb Doktor Bilalın günahı üzündən baş verir. Əhlikef doktor qatarda qulluq eləyən pravadnik Lətifə ilə tanış olur, bu tanışlıq onunla nəticələnir ki, Lətifənin Bilaldan bir oğlan uşağı dünyaya gəlir. Amma Bilal sonralar nə qeyri-qanuni arvadını, nə də oğlunu qəbul edir və beləliklə… illər keçir, Fətullah öz atasını axtarır və tapır, amma ata-oğul münasibətlərində o soyuqluq davam edir. Bilalın Səriyyədən olan oğlu Seymur və elə Səriyyənin özü də Fətullaha qarşı biganə deyillər. Burada Nizami Əlioğlunun diqqəti daha çox Fətullahın üzərinə yönəlir. «Qırxıncı qarpı»nın arxasında nə ilə rastlaşacağını əvvəlcədən düşünüb-daşınmamış Fətulla indii çox çıxılmaz vəziyyətə düşmüşdü. Öz əliylə taytatay açdığı qapının ağzında karıxıb, nə ayağını kəndarından içəri qoymağa cürət edir, nə də geri çəkilə bilirdi. Və çox qəribə idi ki, bu iki daşın arasında Fətullanın gözləri önündə anasının xəyalı gəlib durmuşdu». Belə psixoloji halların təsviriylə «gərəksiz oğul»-Fətullanın iztirabları getdikcə artır. Doktor Bilal zahirən onu qəbul etsə də, amma «O uşaq mənimki deyil» sözlərini də arvadına-Səriyyəyə söyləyir. Fətulla da bu sözləri eşidir və beləliklə, ata həsrətinə son qoyulur. Bu, bir insanın mənəvi uçuruma yuvarlanmasına gətirib çıxaracaq. Fətulla Qarabağ müharibəsində də iştirak edir, qəhrəmanlıqlar göstərir, amma taleyi yenə üzünə gülmür. Anası 43 yaşında dünyasını dəyişir, heç onun ölümünü də, dəfnini də görmür. Sonra türməyə düşür. Sonra dilənçi vəziyyətinə. Qardaqına-Seymura yazdığı məktublarda ürəyini boşaldır. Qardaşlar arasında çox səmimi bir münasibət hökm sürür, amma Seymurun özü kasıb həyatı imkan vermir ki, qardaşını düşdüyü o mənəvi girdabdan xilas etmin. Amma doktor Bilal da ömrünün son günlərində ağır peşimançılıq içində yanır, qovrulur, gözlərini qapıya dikir ki, Fətulla gəlsin.Povestin bu cür sonluqla tamamlanması gözləniləndir. Fətulla artıq özünü rahat hiss e5dir, Qarabağ müharibəsindəki igidliyinə görə «Azərbaycan bayrağı» ordeni ilə təltif olunur. Mən bu povestin məzmunu üzərində bir qədər ətraflı dayandım, obrazların düşdüyü vəziyyətləri şərh eləməyə çalışdım. Fikrimcə, bu əsərdə əsas problem təkcə ata-oğul məsələsi deyil, həm də onların düşdükləri vəziyyətlər, keçirdikləri psixoloji sarsıntılardır. Məsələ hadisələri, ata-oğul, iki qardaş münasibətlərini yerli-yataqlı təsvir etməkdə deyil, həm də bu obrazların daxilində, mənəvi aləmində gedən psixoloji halətləri üzhə çıxarmaqdır. Əsər başa çatır, amma obrazların gələcək taleləri ilə bağlı suallar düşündürür səni. Fətulla ata məhəbbətini görmədi, faciəli həyat keçirdi, amma sonu aydınlığa doğru yol aldı. Ata isə peşimançılıq içində gözlərini qapıya dikir ki, günahını etiraf etsin.
Nizami Əlioğlunun «İlanlı ev» povesti də maraqlı və oxunaqlıdır. Burada Mesrop adlı bir erməninin adını dəyişhib Musa adıyla kənd camaatından uzaq-«İlanlı dağ»da tək-tənha yaşaması bəlkə bir o qədər də əhəmiyyətli görünmür. Amma məsələnin mahiyyətinə vardıqda, hər şey aydınlaşır. Ermənilik deyilən bir anlayış var ki, müəllif bizi məhz o anlayışı öz varlığında daşıyan «bədbəxt erməni»nin-Mesropun mənfur obrazını canlandırmaqdır. Müsəlmanlardan uzaqda-«İlanlı dağ»da yaşayan Mesrop zahirən fağır bir həyat keçirir, amma sən demə, ermənilərin torpaq iddiasıyla ortalığa çıxmasından sonra onun da kürkünə birə düşür. O, sadəcə olaraq yenə sığındığı kənddə yaşaya bilərdi, amma xislətində olan ermənilik virusu ona imkan vermir və günlərin birində itkin düşür. Tapılanda isə özündən elə şeylər uydurur ki, heç kim də inanmır. Bax, budur ermənilik!.
Nizami Əlioğlu «Əl saxla» hekayəsində mənfur erməni xislətinə qarşı mərd bir azərbaycanlı ana obrazını qoyur.Bu ananın oğlu ermənilər tərəfindən qətlə yetirilib. Ana hər an intiqam hissilə alışıb-yanır. Budur, erməni işğalçılarından azad olunmuş «N» kəndi, döyüşçülərimiz bir ermənini əsir götürmüşlər. Ananı da o əsirin yanına gətirirlər. «Salatın arvad çevrilib öz əliylə özü üçün qazdığı qəbrin üstündəki küknar ağacının dibində büzüşüb durmuş şikarına-erməni əsirinə baxdı. «Ətini xırda-xırda kəsib dişimincə altına qoyacağam..İçiy-içiy yeyəcəıyəm ətini, içiy-içiy…Üstündən də şərbət yerinə qanını içəcəyəm, qanını».Amma əsiri danışdırırlar və əsir Salatın arvadı öz anasına oxşadır. Tüfəngi Salatın arvada verirlər ki, oğlunun intiqamını alsın. Amma Salatın arvad tüfəngi təzə qazılmış qəbrin içinə tullayır: «O məni anasına oxşatdı, naçannik…-dedi.- Yalvarıram sizə, onu öldürməyin…onu mənə bağışlayın, naçannik, mənə! Düşmən də olsa, məni anasına oxşatdı axı, naçannik». Bu, əsl azərbaycanlı qadınıdır. Erməni qadını heç vaxt belə humanist hərəkəti etməzdi.
Məncə, Nizami Əlioğlunun ən yaxşı hekayəsi «Əl saxla»dır. Ümumiyyətlə, o, hekayə janrının «xırdalığına», həcmcə kiçikliyinə mənalı, süjetə ibrətli hadisələr daxil edə bilir, amma Nizami Əlioğlu hadisənin təsvirindən daha çox, povestlərində olduğu kimi, həyati obrazlar yaratmağa caen atıür. Məsələn «Əfv günü» hekayəsini götürək. Sadıq kişi həyat yoldaşı Sonanı itirib, bir oğlu müharibədə həlak olub, bir oğlu isə başdan xarabdır, bu ailə iztirabları bir yana, uzun illərdir «qrijadan» əziyyət çəkir, cərrahiyyə əməliyyatına hazırlaşır, amma hələ ürək eləmir. Hekayənin ən maraqlı yeri Sadıq kişinin yuxusau ilə bağlıdır. Arvadı Sona ilə o, yuxusunda görüşür. Sadıq kişi sağlığında ona qarşı laqeyd olduğunu etiraf edir, amma Sona ona xatırladır ki, vaxtilə itirdiyi boyunbağıdan sonra əri ona demişdi k5i, bütün dünyanın var-dövləti, qızıl-gümüşü sənin bircə dırnağına qurban! Bu «görüş» Sadıq kişi xeyli həyəcanlandırır, həm də sevindirir. Səhərəsi bütün tərəddüdlərinə son qoyub əməliyyata yollanır. Deyim ki, çox gözəl hekayədir, oxusanız, siz də bunu hiss edəcəksiniz…
Mən Nizami Əlioğlunun «Bir toy günü» «Sarı maşının yolu», «Sizə məktub var», «Sonbeşik», «Qapı ağzı» hekayələri haqqında eyni səmimiyyətlə söz aça bilərəm. Amma «Suyu şirin əsgər və cənnətlik kişi» hekayəsindən mütləq söz açmalıyam. Nizami bu hekayədə müharibənin doğurduğu ağrı-acılardan söz açır. Buradaca qeyd edim ki, Nizami Əlioğlunun Həzi adlı oğlu Qarabağ müharibəsində şəhid olub, Güzdəkdə dünyaya gəldiyi dəmir yolunun üstündəki bir təpədə uyuyur. Allah min rəhmət eləsin!. Adını çəkdiyim hekayədə də Əlövsət kişi həlak olmuş nəvəsinin sorağıyla hərbi hissəyə gəlir. Burada komandirlə və həkimlə görüşür. Nəvəsinin şəhid olduğunu eşidib həyəcan keçirir, elə oradaca, qospitalın həyətində, skamyada oturduğu yerdəcə dünyasını dəyişir.
Nizaminin hekayələrində öncə qeyd etdiyim kimi, hadisələr yox, bu hadisələrin iştirakçıları olan insanlar daha çox diqqəti cəlb edirlər. Daha doğrusu, müəllif hadisə ilə insan xarakterini bir-birindən təcrid eləmir, amma əsas diqqəti insana verir.Hekayələrinin dili də xəlqilik üzərində qurulub. Sadə, anlaşınqlı cümlələr, xalqın dilindən qopan alqışlar, inanclar onun obrazlakrına təbiilik bəxş edir.
Yetmiş yaşlı Nizami Əlioğluya nə arzulaya bilərəm? Ömrü boyu qatarlar yola salan Nizaminin ömür qatarı, söz qatarı qoy həmişə səfərdə olsun