İki şeirə qoşulduğum an - Əbülfət Mədətoğlu yazır

ƏBÜLFƏT MƏDƏTOĞLU
198 | 2025-03-12 13:26

Mənə elə gəlir ki, insanlar özlərini tapanda, özləri ilə qarşılaşanda həm xoşbəxt olur, həm də bədbəxt. Bu yozum sizə bəlkə də qəribə gələ bilər. Axı, eyni anda həm xoşbəxt, həm də bədbəxt olmaq nə qədər mümkündür – deyib təəccüb edərsiz. Amma bu təəccübdə tələsməyin. Xatırlayın ki, bütün bu hallar- duyğular, hisslər insana aiddir və əgər özünü axtarışa çıxan insan nəhayət ki, məqsədinə çatsa, o xoşbəxtliyini yaşamaq istəyəcək. Amma həmin an həm də özünü görüb içindən bir təəssüf hissi keçirəcək. Axı o özünü belə görmək və yaxud belə olduğunu qəbul etmək istəməyəcək. Çünki onun içindəki   Özü xəyalının, arzularının Özüdü!.. Nə isə…

Bəli, bax bu xoşbəxtliklə bədbəxtliyin arasında qalan insanın bircə yolu qalır. O da özündən qaçmaq, qurtarmaq. Təəssüf ki, bu qaçışın məsafəsi çox da uzaq deyil. Bu  yol  xoşbəxtlikdən bədbəxtliyə olan yol qədərdi. Bu bir andı, bu bir ahdı, bu bir…

Bəli, bu məqamda niyə qaçdığını, nədən qaçdığını, kimdən qaçdığını düşünmək fürsəti qazana bilsəm, suallar yağış kimi töküləcək üstünə. Və onda çətir də axtarmayacaqsan, daldasında gizlənməyə ağac da, qaya da aramayacaq gözün. Bircə ağlından o gəlib keçəcək. İstəyəcəksən ki, pencəyini çıxarıb atsın çiyninə... istəyəcəksən ki, onunla  bir pencəyin altında daldalanıb nəfəs-nəfəsə qalasan və bir də istəyəcəksən ki…

Hə, bu yazdıqlarım əslində o hisləri mənə təkrar xatırladan, təkrar yaşamağa, gözümün önünə gətirməyə məcbur edən iki şeirdi. Həmin şeirləri oxuyanda mən özümdən hara qaçacağımı, necə və niyə qaçacağımı, nədən qaçacağımı yüz dəfələrlə sual şəklində özümə ünvanlamışam. Təəssüf ki, hər dəfə də eyni nöqtədə gəlib dayanmışam. O nöqtənin adı özündən qaçışı olsa da, həm də özünə qayıdışdı. Axı:

 

Bir gün yıxılarsan ürəyin üstə,

acı etirafdan «sevmirəm səni».

o gündən taparsan dərdi, kədəri,

canından çıxmayan qəmi-qüssəni.

Anlarsan

Sevmək də dəhşətmiş, sevilməmək də.

 

Sınıb dağılarsan qaranlıqlara,

hər qırıq qəlbində min yara açar,

inamın yıxılar, güvənin itər,

hər gün söhbətlərin min yana qaçar.

Anlarsan

Unudulmaq dəhşətmiş, unutmamaq da.

 

Özünü aldadıb inandırmağa

tapıb yapışarsan saman çöpündən,

ömrün uzadarsan xəyallarının,

çıxmaq istəməzsən yalan gölündən

Anlarsan

Getmək də dəhşətmiş, gedəmməmək də.

 

Uduzmaq ağırmış, həzm etmək çətin,

ölmək istəyərsən dəyərin üçün,

bir gün inanarsan demə dəyməzmiş,

səni düşünməyən «gərəyin» üçün.

Anlarsan

Ölmək də dəhşətmiş, öləmməmək də…

 

Oxuduqca hər misradan sonra bir anlıq dayandım və o misranın yükünü ifadə etdiyi, çatdırmağa yönəlik məqamları tutmağa çalışıram. İstəyirəm ki, şeirdə deyildiyi kimi, üzü üstə yox, ürəyi üstə yıxılıb həmin o acı etirafı səndən eşidim.

Burda "acı"  sözü mənə yox, sənin edəcəyin etirafa  aiddi. Çünki sən özünə acıya çevirmisən məni. Ona görə də o acını atmaq, unutmaq istəyirsən. Amma bilmirsən ki, mən – yəni mənim sevgim sənin canına, qanına hopub. Onu çıxarmaq qeyri-mümkündür və qeyri-mümkün olanı anlamaq da hər adamın işi deyil. Bunun üçün sevməyin də, sevilməyin də, sevməməyin də dəhşət olduğunu qəbul etmək lazımdır. Üstəlik unutmağın da, unudulmağın da mahiyyətinə varmaq, onu yaşamaq lazımdı. Və bütövlükdə isə kimlərinsə dilinin əzbəri olan, hətta aşıq Alının dediyi kimi, «Ölüm haqdır, çıxmaq olmaz əmirdən» inancına da söykənib «ölüb qurtarmaq" münkün  deyil! . Ölüm də sənin əlində mənim üçün sevgidi. Ondan ölməmək dəhşətdir.  Bax, bu dəhşəti yaşamamaq üçün sevgidən qorxmaq yox, sevgini anlamaq lazımdır. Elə ki, anladın, onda hiss edəcəksən ki, ürəyinin döyüntüsü də dəyişib, ətrafa baxışın da dəyişib, özünə, sözünə diqqətin də dəyişib. O dəyişikliyin içərisində özünün öncədən bilmədiyin özəlliklərin də üzə çıxıb, onlar da səni daha çox sevməyə, daha çox xəyallar qurmağa, arzular mücadiləsi etməyə kökləyib. Çünki onun kökündə sevgi – yəni Sən varsan. Amma:

 

Tamarzıyam səndə qalan günlərə,

bir qucaqlıq, bir sinəlik ölüm, gəl.

Həsrət adlı xərçəng sardı canımı,

ağrılara, acılara gülüm, gəl.

 

Coşub yenə içimdəki qəm, daşır,

al əlimdən bu kədəri sən daşı.

Yüküm ağır, yolum çətin, mən naşı,

gəl tufanım, gəl yağışım, selim, gəl.

 

Sən gedəli lal olmuşam, susuram,

xoş günlərim parça-parça, qusuram.

Acılardan sınıq-sökük hasaram,

gəl dodağım, gəl ağzımda dilim, gəl.

 

Əcəl gəldi qapım döydü dünən də,

«gəl al» dedim həm cismimi, mənən də.

İtirmişəm vətənimi sinəndə,

yurdum-yuvam, kənd-kəsəyim, elim, gəl.

Görürsünüzmü, daha doğrusu, hiss edirsinizmi, əvvəldə vurğuladığım ölümün sənin əlinlə olması nə qədər gərəklidi, nə qədər zərurətdi və onu arzulamaq, onu çağırmaq nə qədər səmimidir. Yəni burda söhbət şair sözündən getmir. Burda heç poeziyanın, ədəbiyyatın pafosundan da danışmaq doğru deyil. Burda danışılası, deyiləsi, yazılası bir gerçəklik var. O da SEVGİdir. Ona olan ehtiyacdır, ona olan sərhədsiz tələbatdır və nəhayət onun qarşılığı olan sənsiz yaşamamaq qərarıdı – yəni sevgisiz yaşamamaq haqqında verilən hökmdü...

Düşünürəm ki, bu iki şeirin mayası olan sevgi – (yəni Sən - Ə. M.) elə bütün duyğuların, bütün hislərin simvoludu, özündə təcəssüm etdirənidi və mən də pərvanəsi olduğum sevginin  simvolu qarşısında dayanıb ... susuram. Təəssüf ki, əlimdə iki boynu bükük qərənfil yoxdu. Amma kipriklərimin ucunda şeh var…

P.S. Bu şeirlər «Adsız» kitabındandı. Mən bu kitab barəsində bir dəfə atüstü fikirlərimi yazmışdım. Amma indi iki şeir məni yenidən bu kitaba çəkib gətirdi. Təkrar oxuduğum kitabın müəllifi isə dəyərli xanım yazarımız Aida Adıgözəldi

  • Mart:
  • 7

TƏQVİM / ARXİV